AZ EN RU

Qəbul göstəricilərinin ilbəil artması uğurlu təhsil islahatlarının bəhrəsidir - FOTOLAR

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əlİyеv: Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanlar yaradılmalıdır.

    Ulu öndər Heydər Əliyev Azərbaycanda təhsilin inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirmiş, istər ötən əsrin 70-ci illərində, istərsə də müstəqillik dövründə təhsil quruculuğunu dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirmişdir. Bu gün ümummilli liderin təhsil strategiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun, insan kapitalının formalaşdırılması prinsipi əsas götürülərək uğurla davam etdirilir. Ölkə Prezidenti təhsilin inkişafını belə dəyərləndirmişdir: “Son illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır... Təhsilin səviyyəsi, eyni zamanda elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir”. 
    Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhsil davamlı inkişaf mərhələsindədir. Hazır­da muxtar respublikada 3 ali, 4 orta ixtisas, 212 ümumtəhsil, 5 peşə, 22 məktəbəqədər, 35 məktəbdənkənar, 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi, Heydər Əliyev adına Hərbi Lisey fəaliyyət göstərir. Müstəqillik illərində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən artıq məktəb binası, ali təhsil müəssisələri üçün yeni tədris korpusları və universitet şəhərcikləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. 
    Zamanın tələbi kimi yeni texnologiyaların tətbiqi digər sahələrdə olduğu kimi, təhsildə də köklü dəyişikliklər yaratmışdır. Bu gün yeni texnologiyaların ən son nailiyyətləri təhsil müəssisələrində tətbiq edilir. Muxtar respublikanın təhsil müəssisələrində sürətli internetə çıxışı olan 7 mindən çox kompüter və 700-dən artıq elektron lövhə quraşdırılmış, məktəb kitabxanaları 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin edilmiş, laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilmişdir. Bütün bunlar isə təhsilin keyfiyyətinin yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmiş, yeni təlim üsullarının tətbiqinə əlverişli imkan yaratmışdır. Həmçinin qabaqcıl tədris metodlarının, o cümlədən distant təhsilin və STEAM təhsil metodunun tətbiqi genişləndirilmiş, 108 təhsil müəssisəsində STEAM kabinəsi yaradılmışdır. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər müəyyənləşdirilmiş, xüsusilə muzeylərlə muxtar respublikanın təhsil müəssisələri arasında interaktiv əlaqələrin qurulması, distant dərslərin tədrisi dərslərin daha səmərəli mənimsənilməsinə, gənclərin milli dəyərlərimizə və tarixi-mədəni irsimizə sədaqət ruhunda tərbiyəsinə şərait yaratmışdır. Həmçinin bu gün muxtar respublikanın elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin yaradılması, elmi dərəcəli müəllimlər tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçilməsi şagirdlərin biliklərinin artırılmasında, qabaqcıl təcrübənin öyrənilməsi və ixtisas seçimlərində mühüm rol oynayır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hər bir cəmiyyətin tərəqqisinin başlıca amili təhsildir. Bu, ölkələrin inkişafına münasibətdə də belədir. O ölkə irəli gedir, inkişaf edir ki, orada təhsil dövlət səviyyəsində qayğı ilə əhatə olunur. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır”. 
    Gələcəyimizin etibarlı təminatı isə məktəblərdə formalaşır. Yaradılan müasir tədris şəraitinin, müəllim əməyinə verilən yüksək qiymətin və mütərəqqi təhsil metodlarının tətbiqinin nəticəsidir ki, hər il ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda uğurlu nəticələr qazanılır. 2021-2022-ci tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri müxtəlif səviyyəli bilik yarışlarında, buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda uğurlu nəticələr göstərmişlər. Ötən tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 19-u “Qızıl”, 22-si “Gümüş” nişana, 64-ü fərqlənmə attes­tatına, ümumi orta təhsil bazasından isə 55-i fərqlənmə attestatına layiq görülmüşdür. Keçirilən olimpiada və müsabiqələrdə, ümumilikdə, muxtar respublika üzrə 5258 şagird iştirak etmiş, onlardan 329-u qalib olmuşdur. 
    Bu gün inkişaf etmiş ölkələrdə təhsilin məzmununun əsas meyarı insana hansı səriştələrin aşılanması üzərində qurulur. Belə yanaşma təmayüllü liseylərin yaradılması məsələsini aktuallaşdırır. Başqa sözlə desək, təmayüllü liseylərdə təhsilin məzmunu şagirdin qabiliyyətinin inkişafına istiqamətlənir. Muxtar respublikamızda da Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin, Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması müasir təhsil konsepsiyalarının tətbiqi üçün şərait yaradır. 2022-ci ildə Kimya-Biologiya Təmayüllü Liseyə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanları keçirilmiş, imtahanların nəticələrinə uyğun olaraq Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə ən yüksək nəticə göstərən 60 şagird, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyə isə 120 şagird qəbul edilmişdir.
    2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2990 məzun bitirmiş, onlardan 2848-i, yaxud 95 faizi qəbul imtahanlarında iştirak etmişdir. Qəbul üçün sənəd verən məzunların 1521-­i­ ­və ya 53 faizini oğlanlar, 1327-si və ya 47 faizini isə qızlar təşkil etmişdir. Onlardan 2159-u və ya 76 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Məzunların 254-ü imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 arası bal toplamış, 6-sı Prezident təqaüdünə layiq görülmüşdür. Yüksək bal toplayanların 153-ü və ya 60 faizi qızlar, 101-i və ya 40 faizi isə oğlanlardır. Ali məktəblərə qəbulda muxtar respublikanın 100 məktəbinin məzunları 500-700 arası nəticə göstərmişdir. Yüksək bal toplayan abituriyentlərdən 600-700 arası nəticə göstərənlərin sayı 65, 500-600 arası nəticə göstərənlərin sayı isə 189 olmuşdur. 
    Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında isə 2005 məzun iştirak etmiş, 881 məzun orta ixtisas təhsili məktəblərinə qəbul olmuşdur. Onların da 458-i ümumi orta təhsil bazasından, 423-ü isə tam orta təhsil bazasından olan məzunlardır.
    Muxtar respublikada ali və orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazalarının daim təkmilləşdirilməsi, yeni ixtisasların və tədris metodlarının tətbiqi, ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində Distant Təhsil Mərkəzinin və IELTS qeydiyyat və imtahan mərkəzlərinin istifadəyə verilməsi təhsil sahəsində əldə edilən uğurların bariz nümunəsidir. Yaradılan müasir infrastrukturun nəticəsidir ki, ötən tədris ilində abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə üstünlük vermişlər. Belə ki, 500-700 arası nəticə göstərən abituriyentlərin 130-u, yəni 51 faizi muxtar respublika ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə, ali məktəblərə qəbul olanların 1145-i, yəni 66 faizi muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almağa üstünlük vermişlər. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikanın ali təhsil müəssisələrinin tarixində ilk dəfə 2 Prezident təqaüdçüsü vardır. Naxçıvan Dövlət Universitetində 600-dən yuxarı bal toplayan tələbələrin sayı 25-ə çatdırılmışdır. Həmçinin ölkə üzrə tibb ixtisasına ən yüksək keçid balı (614 bal) Naxçıvan Dövlət Universitetində olmuşdur. 
    Ümumilikdə, 2022-2023-cü tədris ilində Naxçıvan Dövlət Universitetinə bakalavr səviyyəsində 72 ixtisas üzrə 1169, magistratura səviyyəsində 48 ixtisas üzrə 204, rezidentura səviyyəsində 29 ixtisas üzrə 32, Naxçıvan Müəllimlər İnstitutuna bakalavr səviyyəsində 13 ixtisas üzrə 293, magistratura səviyyəsində 4 ixtisas üzrə 47, “Naxçıvan” Universitetinə bakalavr səviyyəsində 19 ixtisas üzrə 329, magistratura səviyyəsində 9 ixtisas üzrə 19 tələbə qəbul olmuşdur. Orta ixtisas məktəblərinə qəbul da plan üzrə aparılmış, Naxçıvan Dövlət Texniki Kollecinə 11 ixtisas üzrə 196, Naxçıvan Musiqi Kollecinə 6 ixtisas üzrə 120, Naxçıvan Tibb Kollecinə 7 ixtisas üzrə 235, Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə 1 ixtisas üzrə 30 qəbul olmuşdur.
    Müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter alması bu peşəyə olan marağı artırmış, ötən tədris ilində 500-700 intervalında nəticə göstərən 254 məzundan 45-i, yaxud 18 faizi, ümumilikdə, isə cari ilin məzunlarından 527-si, yaxud 33 faizi müəllimlik ixtisasını seçmişdir. Muxtar respublikada müəllim olmaq istəyən məzunların sayının ilbəil artması təhsilə göstərilən diqqət və qayğının təzahürü, müəllimlik peşəsinə verilən yüksək dəyərin nəticəsidir.
    Məktəblərdə şagirdlərin elmi biliklərlə yanaşı, sağlam və yüksək vətənpərvərlik ruhunda böyüdülməsinə də xüsusi qayğı ilə yanaşılır, hərbi hazırlıq və idman dərslərinə mühüm əhəmiyyət verilir. Belə ki, məktəblərdə hərbi kabinələrin fəaliyyət göstərməsi, onlara lazımi avadanlıqların verilməsi, eyni zamanda bu sahə üzrə həyata keçirilən müxtəlif tədbirlər, yarış və müsabiqələr məktəbli gənclərin ibtidai hərbi hazırlığına, vətənpərvərlik hissinin gücləndirilməsinə müsbət təsir göstərmiş, hərbi təhsilə marağı xeyli artırmışdır. Nəticədə, 2022-ci ildə muxtar respublikanın ümumtəhsil məktəblərindən Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün 390 şagird sənəd vermiş, onlardan 111-i kursant adını qazanmışdır. Tam orta təhsil bazasından isə 20 məzun Naxçıvan Tibb Kollecinin Hərbi feldşer ixtisasına qəbul olmuşdur.
    Muxtar respublikada müasir təhsil sisteminin formalaşdırılması və inkişafı, eyni zamanda təhlükəsizliyin və sabitliyin təmin olunması əcnəbi tələbələrin muxtar respublikaya olan marağını daha da artırmaqdadır. Hazırda muxtar respublikanın ali təhsil müəssisələrində 1800-dən artıq əcnəbi tələbə təhsil alır. Xarici tələbələr ali təhsil müəssisələrində təhsil almaqla bərabər, ictimai işlərdə, elmi-mədəni tədbirlərdə də fəal iştirak edirlər. Həmçinin əcnəbi tələbələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində işlər aparılır, onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə ekskursiyaları təşkil edilir, Naxçıvanın tarixi abidələri, turizm məkanları ilə tanış olurlar. 
    Qazanılan nəticələr bir daha onu deməyə əsas verir ki, muxtar respublikada təhsil islahatları uğurla davam etdirilir. Bu isə nailiyyətlərin davamlı olacağını şərtləndirir.

“Şərq qapısı”

Nəşr edilib : 01.11.2022 17:46