AZ EN RU

Qazilər, şəhid ailələri və müharibə iştirakçıları üçün psixoloji tibbi yardımlar davam etdirilir

    Azərbaycan Respublikası Hökumətinin dəvəti və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə yanvarın 9-dan başlayaraq qazilər, şəhid ailələri və müharibə iştirakçıları üçün psixoloji yardımların göstərilməsi davam edir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə  nazirliyin psixoloqları və Türkiyə Respublikasından dəvət olunmuş ixtisaslı psixoterapevtlər tərəfindən canı-qanı bahasına torpaqlarımızı təcavüzkar düşməndən azad edərkən qazi olmuş qəhrəman oğullarımız və eləcə də onların ailələri, Vətən uğrunda, torpaq uğrunda canlarından keçən şəhidlərimizin ailələri və bu Vətənin hər qarışının azadlığı uğrunda sinəsini sipər edən müharibə iştirakçılarına psixoloji dəstək göstərmək məqsədilə təşkil olunan aksiya tam ödənişsiz və könüllülük prinsipi əsasında aparılır. 
    Naxçıvan Muxtar Respublika Xəstəxanasında aparılan psixoloji aksiyada iştirak edən şəxslər ixtisaslı psixoterapevtlər tərəfindən qəbul olunurlar. Mütəxəssis psixoterapevtlər bildirirlər ki, müharibədən qayıdan insanlarda müəyyən fəsadlarla – posttravmatik stress pozuntusu ilə rastlaşırıq. Həmin şəxslərin əvvəlki fəaliyyətlərini bərpa etmək və onlarda olan travmadan sonra qazanılan stress pozuntusunu aradan qaldırmaq məqsədilə aparılan seanslar zamanı müraciət edən şəxsin proseslərə reaksiyası da əsas rol oynayır. Belə ki, psixoloji seanslarda iştirak edən şəxslər arasında əvvəlki fəaliyyətini bərpa etmək və aldığı travmaları aradan qaldırmağa cəh edən şəxslər üçün seanslar mütləq nəticə verir və travma tamamilə aradan qalxa bilir. Seanslarda müxtəlif psixoterapiya növlərindən istifadə olunur ki, bu da travma ilə əlaqəli xüsusi terapiya növlərinin tətbiqi zamanı yüksək effekt verir. Bu məqsədlə hər seansın əvvəlində və sonunda müəyyən testlər keçirilir və həmin testlər qarşılaşdırılır. Əldə olunan  nəticənin fərqini müraciət edən şəxs özü də müşahidə etmiş olur.
    Seanslarda iştirak etmək istəyənlər əvvəlcədən Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə zəng edərək qeydiyyatdan keçirlər. Pasiyentlə təkbətək aparılan seanslarda məxfilik tam qorunur. Müraciət edən şəxsin mənəvi-psixoloji probleminin ağırlıq dərəcəsindən asılı olaraq bir seans həftədə 1 və ya 2 dəfə olmaqla bir saat müddətində aparılır.
    Yanvar ayının 19-na olan məlumata görə, psixoloji dəstək aksiyasında iştirak etmək üçün, ümumilikdə, bu kateqoriyadan olan 163 nəfər qeydiyyatdan keçmişdir. Bu müddət ərzində qeydiyyatdan keçən şəxslərdən 110-u üçün 155 seans təşkil olunmuşdur. Hazırda seanslar növbəlilik prinsipi əsasında ardıcıl şəkildə davam etdirilir.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.01.2023 22:33