AZ EN RU

Qazaxıstanla Azərbaycan arasındakı əlaqələrdə körpü rolunu oynamağa çalışırıq

Rövşən İsmayılov
Almatı şəhərində yerləşən 
“Ata yurd – Normand” Respublika 
İctimai Birliyinin sədr müavini, 
“Türk Birliyi” jurnalının baş redaktoru 

 

    MDB ölkələri içərisində mühüm mövqeyi ilə seçilən ölkələrdən biri də Azərbaycana dost və qardaş ölkə sayılan Qazaxıstandır. Yüz mindən çox azərbaycanlının yaşadığı Qazaxıstanda həmyerlilərimiz cəmiyyət həyatının müxtəlif sahələrində təmsil olunurlar. Azərbaycan dövlətinin diaspor qurucu­luğu ilə bağlı gördüyü işlər bu ölkədə də həmvətənlərimizin vahid ideya uğrunda birləşməsinə geniş imkanlar açıb. Mən özüm iyirmi ildir, Almatıda yaşayıram. Bizim üçün ən böyük uğur gördüyümüz işlərdə əlimizdən gəldiyi qədər Azərbaycan adını uca tutmaq, dili və kökü bir olan qazax qardaşlarımızla birgə burada yaşayanlara kimliyimizi, tarix və mədəniyyətimizi tanıtmaq, təbliğ etməkdir. Burada yaşayan azərbaycanlıların ən böyük məqsəd və məramı “Soruşma, Vətən sənin üçün nə edib, soruş ki, sən Vətənə nə etmisən!” şüarı üzərində qurulub. 

    Uzun illər vətəndən uzaqda yaşasaq da, hər zaman çalışmışam ki, fəaliyyətimizlə xalqımıza töhfə verək. Hazırda Qazaxıstanda fəaliyyət göstərən və 5 min tirajla yayımlanan “Ahıska” qəzeti və “Türk Birliyi” jurnalı olaraq Azərbaycan həqiqətlərinin bu qardaş ölkədə yayımlanması üçün mütəmadi silsilə yazılar dərc etdiririk. Burada İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya mətbuatına verdiyi müsahibələrin toplusunu əks etdirən “Qarabağ Azərbaycandır!” adlı jurnalımızın xüsusi sayını nəşr etdirdik. 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə müxtəlif kitablar çap etdirərək Almatıda təqdimatını keçirdik. Həmçinin müəllifi olduğum “Qarabağ Azərbaycandır!” adlı şeirlər kitabının həm Qazaxıstanda, həm də Bakıda təqdimatları keçirildi. Bunu da qeyd edim ki, İkinci Qarabağ müharibəsinin ilk günlərindən Ahıska türkləri Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlayaraq hər zaman Azərbaycanın yanında olduqlarını bildirdilər. Həmçinin həmin dövrdə pandemiya şəraitinə rəğmən biz Qazaxıstanın 17 əyalətindən olan insanları toplayaraq Azərbaycanı dəstəkləyən çağırışlar etdik. Həmin çağırışlarda bizim qazax qardaşlarımız da iştirak edirdi. Bizimlə birgə onlar da Azərbaycanın haqq savaşında olduğunu bəyan edirdilər.

    Bununla bərabər müharibə dövründə imkanlar çərçivəsində “YAŞAT” Fonduna maddi dəstək də göstərdik. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iki dəfə Şuşa şəhərində səfərdə olduq. Öz doğma yurd yerlərimizi görmək bizi çox sevindirdi. Qazaxıstan nümayəndəsi olaraq ikinci dəfə biz Dünya Azərbaycanlılarının Şuşada keçirilən 5-ci Qurultayına dəvət olunduq. Bu, həqiqətən də, tarixi bir hadisə idi və buna yaxından şahidlik etmək mənim üçün qürurverici idi. Onu da deyim ki, həmin vaxtlar Bakı şəhərinə səfərlərimiz tez-tez olurdu. Bu zaman çərçivəsində əlimizdən gələn dəstəyi göstərməyə çalışırdıq. Bu dəstəyin göstərilməsində Dünya Ahıska Türkləri Birliyinin rəhbəri Ziyatdin Kassanovun da böyük dəstəyi oldu. 
    Bu gün Qazaxıstanla Azərbaycan arasında əlaqələr yeni inkişaf dövrünü yaşayır. Bir azərbaycanlı olaraq bu əlaqələrdə Qazaxıstanla Azərbaycan arasında körpü rolunu oynamağa çalışırıq. Mən həm də mərkəzi Almatı şəhərində yerləşən “Ata yurd – Normand” Respublika İctimai Birliyinin sədr müavini vəzifəsini icra edirəm. Qısa müddət ərzində fəaliyyət göstərməyimizə baxmayaraq, artıq Qazaxıstanın Xalqlar Assambleyasında təmsil olunuruq və milli bayramlarımızı geniş şəkildə qeyd edirik. Bizim üçün dünya azərbaycanlılarının həmrəyliyi, sözün əsl mənasında, Ulu Öndərimizin ideyalarına, Azərbaycançılıq fikirlərinə sözdə deyil, əməldə sadiq qalmaqdır. Bundan sonrakı fəaliyyətimizdə də bu ideyaların yaşadılmasına, təbliğ edilməsinə çalışacağıq.

Nəşr edilib : 07.12.2023 17:15