AZ EN RU

Qazaxıstan və Azərbaycan tranzit yüklərin daşınmasında əməkdaşlıq edirlər

Asiyadan Avropaya və əks istiqamətə yüklərin tranzit daşınmasında Qazaxıstan ilə Azərbaycan yaxın əməkdaşlıq edir. Hər iki ölkənin coğrafi mövqeyi nəqliyyat-tranzit sahəsindəki əməkdaşlıq əlaqələrini şərtləndirir. Bu istiqamətdə dəmir yolları və gəmiçilik strukturları arasında faydalı əlaqələr qurulub.
Bu fikir Qazaxıstanın rəsmi “Kazinform” saytında dərc olunan materialda yer alıb. Qeyd olunub ki, hər iki dövlət Transxəzər beynəlxalq nəqliyyat marşrutundan səmərəli istifadə edir. Təsadüfi deyil ki, bu marşrutla daşınan tranzit yüklərin həcmi 6 milyon tona çatıb. Transxəzər marşrutu ilə Qazaxıstan və Azərbaycan ərazisindən keçməklə Avropaya ildə 80 min konteyner daşınır. İstər Qazaxıstanın, istərsə də Azərbaycanın dəmir yollarında həyata keçirilən islahatlar və dəmir yollarının ümumi uzunluğunun artırılması yaxın gələcəkdə daha çox yük daşınmasına imkan yaradacaq.
“Qazaxıstan Azərbaycana 40 ədəd elektrovoz ixrac edib. Hazırda 7 ədəd teplovozun Azərbaycana ixrac edilməsi barəsində danışıqlar davam edir. Azərbaycandan isə Qazaxıstana yük gəmilərinin ixrac edilməsi müzakirə olunur. Yaxın gələcəkdə bu danışıqların səmərəli nəticələnəcəyi gözlənilir. İki ölkə arasında enerjidaşıyıcıların nəqlində də əməkdaşlıq əlaqələri mövcuddur. “KazMunayQaz” və SOCAR arasında əldə olunan razılaşmaya əsasən, 2023-cü ilin mart ayından başlayaraq Qazaxıstanda hasil olunan neftin 1,5 milyon tonu Aktau-Bakı-Ceyhan marşrutu ilə Avropaya ixrac edilir. Qazaxıstan 2025-ci ildən başlayaraq istehsal etdiyi yaşıl enerjini də Azərbaycan vasitəsi ilə Avropaya ixrac etməyi planlaşdırıb”, - deyə məqalədə qeyd olunur.

Nəşr edilib : 11.03.2024 17:00