AZ EN RU

Qazaxıstan Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verir

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə görüşüb.

Nazirlikdən  bildirilib ki, Məcnun Məmmədov ölkələr arasında mövcud olan sıx dostluq münasibətlərinin bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sektorunda da əlaqələri inkişaf etdirməyə imkan verdiyini bildirib.

Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə qonağa məlumat verən nazir qeyd edib ki, ölkəmiz Qazaxıstanla aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, həmçinin aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi və digər məsələlər müzakirə olunub.

Görüş zamanı Azərbaycan və Qazaxıstan dövlət başçılarının Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsinin əhəmiyyətini dəfələrlə qeyd etdikləri vurğulanıb.

Əlverişli coğrafi mövqe və nəqliyyat infrastrukturu imkanlarından istifadə edərək ticarət dövriyyəsinin artırılmasının prioritet istiqamətlərdən biri olduğu diqqətə çatdırılıb. Tərəflər hər iki ölkənin sahibkarları arasında əlaqələri gücləndirmək üçün birgə aqrobiznes forumlarının təşkil edilməsində maraqlı olduqlarını ifadə ediblər.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel öz növbəsində ölkəsinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini vurğulayıb. Qonaq kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu, bu sahədə əməkdaşlığın inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini söyləyib.

Tərəflər aqrar sahə üzrə ixtisaslaşmış ali təhsil müəssisələri, elmi tədqiqat institutları arasında əməkdaşlığı genişləndirmək barədə də fikir mübadiləsi aparıblar.

Nəşr edilib : 31.05.2024 15:20