AZ EN RU

Qayğı və zəhmət birləşəndə uğur qazanmaq çətin deyil - FOTOLAR

    Şərur rayonu ilə ilk tanışlığım ötən əsrin 80-ci illərinin əvvəllərinə gedib çıxır. O vaxt bu bölgədə yaşayan və məni rayona qonaq aparan tələbə dostlarımla bu qədim yurd yerinin səmimi, qonaqpərvər insanlarının həm də zəhmətkeş olduqlarını görmüşdüm. Yurdsevərlikləri də öz yerində. Bu gün o dövrdə ucqar əyalət mərkəzindən seçilməyən rayon mərkəzinin, kənd yaşayış məntəqələrinin görkəmini yaxşı xatırlayıram. Rayondakı ictimai təsərrüfatlarda çalışan insanlar gün-güzəranlarını yaxşılaşdırmaq üçün min bir əziyyətə qatlaşırdılar. Bölgənin torpaqları kənd təsərrüfatının bütün sahələri üçün əlverişli olduğundan onlar əkinçilik, heyvandarlıq, meyvəçilik və digər sahələrlə məşğul olurdular. 

    O dövrdən illər ötüb. 20 ildən artıqdır ki, xidməti işimlə əlaqədar olaraq yolum tez-tez bu rayona düşür. Şərurun ovaxtkı görkəmini xatırlayır, bu günü ilə müqayisə aparmaq istəyirəm. Ancaq alınmır. Bu, günümüzün reallığıdır və o dövrü yaşayan insanlar da dediklərimi təsdiq edərlər. Şərurlular bu qədim yurd yerinin müasirliyə qovuşmasını, təbii olaraq, rayona göstərilən davamlı dövlət qayğısında, belə qayğının tərkib hissəsi olan iqtisadiyyatın gücləndirilməsinə dəstəkdə, tikinti-quruculuq işlərinin geniş vüsət almasında görürlər. Bir faktı qeyd edək ki, bu gün Şərurun quruculuq nəfəsi duyulmayan elə bir kənd yaşayış məntəqəsi, elə bir müəssisə, idarə və təşkilatı yoxdur. Bütün bu işlərdə keyfiyyət amili əsas götürülüb, həyata keçirilən quruculuq tədbirlərində yerli tikinti materiallarından istifadəyə üstünlük verilib.
    Hazırda rayon mərkəzində və kənd yaşayış məntəqələrində 45-ə yaxın ünvanda tikinti-quruculuq işləri aparılır. Məlumat üçün bildirək ki, 2022-ci ilin yanvar-avqust aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 53423,1 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 1,2 faiz artaraq 50931,9 min manat təşkil edib.
    Ötən dövr ərzində Şərur Sərhəd Komendantlığının inzibati binasının, Alışar kəndində sərhəd zastavasının, Zeyvə kəndində Günəş Elektrik Stansiyasının, rayon Mədəniyyət Sarayının, Şərur şəhərində Heydər Parkının tikintisi, Şərur şəhər ərazi inzibati dairəsi üzrə nümayəndəliyin binasının, Xanlıqlar-Aşağı Daşarx-Siyaqut-Yuxarı Daşarx kəndlərini birləşdirən köməkçi avtomobil yolunun, Alışar kəndindəki sərhəd zastavasının daxili avtomobil yolunun, rayonun Gümüşlü kəndində hər biri 8 mənzilli olan 1 və 2 nömrəli yaşayış binalarının yenidən qurulması başa çatdırılıb.
    Hazırda rayon mərkəzində avtovağzal binasının, Həmzəli, Vərməziyar, Alışar kəndlərində məktəb binalarının, həmin yaşayış məntəqələrində səhiyyə obyektlərinin, Axura, Vərməziyar, Həmzəlidə kənd mərkəzlərinin, sonuncu iki kənddə xidmət mərkəzlərinin, Şərur şəhər mərkəzi stadionunun, rayon MKS-nin və uşaq kitabxanasının, Şərur şəhərində universam binasının və Şərur Sənaye Məhəlləsinin tikintisi, Şərur Dəmiryolu İdarəsinin Dövriyyə Deposunun inzibati binasının və təmir sexinin yenidən qurulması, bir neçə çoxmənzilli ictimai yaşayış binasının və avtomobil yollarının təmiri davam etdirilir. Burada bir məsələni xüsusi vurğulamağa ehtiyac var. İlk olaraq oxucuların diqqətinə onu çatdıraq ki, hazırda həm inşası davam etdirilən, həm də bəzi istehsal sahələrinin artıq fəaliyyət göstərdikləri Şərur Sənaye Məhəlləsinin yaradılmasına dövlət başçısının müvafiq Sərəncamı ilə başlanılıb və bu, ölkə üzrə ilklərdən biridir. Məhəllə tam gücü ilə fəaliyyətə başlayandan sonra burada yüzlərlə şərurlunun məşğulluq məsələsi daha da yaxşılaşacaq.
    Yüksək keyfiyyətlə həyata keçirilən bu quruculuq tədbirlərinin təməlində bir məqsəd dayanıb: qədim yurd yerinin müasir görkəmini zənginləşdirməklə qorumaq, rayon sakinlərinin yaşayış şəraitini daha da yaxşılaşdırmağa nail olmaq. Şərurlular da bu həqiqəti dərindən dərk edir, bölgənin, muxtar respublikanın və nəticə etibarilə, ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə çalışırlar.
    Söhbətimizin əvvəlində də qeyd etdiyimi kimi, şərurlular torpağa bağlı, zəhmətkeş insanlardır; necə deyərlər, torpaqdan çörəklərini çıxarmağı bacarırlar. Ən qiymətli sərvət olan torpaq isə onların əməyinin əvəzini birə-beş qaytarır. Hər il rayona yeni texnikalar gətirilir, meliorasiya-irriqasiya tədbirləri həyata keçirilir, aqrar sahədə çalışanlara kreditlər verilir. İstehsal olunan məhsulun satışında da heç bir problem yaşanmır. Son illərdə fəaliyyətə başlamış soyuducu anbarlar da məhsul bolluğu yaradılmasında mühüm rol oynayır. Bütün bunlar isə rayonda ailə təsərrüfatlarının sayının artmasına səbəb olur. Məlumat üçün bildirək ki, bu gün rayonda 433 ailə təsərrüfatı var və onların fəaliyyətinə yaşıl işıq yandırılıb. Bu da bölgədə sahibkarlığın genişləndirilməsinə töhfəsini verir. Bunun ifadəsidir ki, bəhs olunan dövrdə rayonda 68145 min manatlıq sənaye məhsulu istehsal edilib və məhsul istehsalında sahibkarlıq subyektləri öndədir. Bununla da onlar “Sənaye ili”nə öz töhfələrini verirlər.
    Bəhs olunan dövrdə Şərurun zəhmət adamları əkinçiliyin müxtəlif sahələrində, meyvəçilik və üzümçülükdə, heyvandarlıqda da yüksək göstəricilərə nail olublar. Bölgənin torpaq və iqlim şəraitinin taxılçılıq üçün çox əlverişli olması, bu sahənin inkişafına göstərilən hərtərəfli dövlət qayğısı, taxılçılıqda qazanılan zəngin təcrübə, rayonda taxıl emalı müəssisələrinin, çörəkbişirmə sexlərinin şəbəkəsinin genişləndirilməsi əldə olunan nailiyyətlərin təməlində duran başlıca amillərdir.
    2022-ci ilin bəhs edilən dövrünün statistikasına baxaq. Əkilmiş sahələrin 3276 hektarı buğda, 762 hektarı arpa olub. Buğda əkini sahələrindən 13497, arpa əkini sahələrindən 2987 ton məhsul tədarük edilib. Digər əkinçilik sahələrində də uğurlu nəticələrə nail olunub. Cari ilin məhsulu üçün 8 hektar sahədə tütün, 2058 hektar sahədə tərəvəz bitkiləri, 488 hektar sahədə ərzaq üçün bostan bitkiləri, 1376 hektar sahədə kartof əkilib.
    İkinci çörək sayılan kartof mətbəximizdə özünəməxsus yer tutur. Şərurluların bu məhsulun əkilib-becərilməsində zəngin təcrübəsi var. 1 sentyabr tarixə kartof əkini sahənin 89,8 faizindən 19291 ton kartof tədarük edilib. Məhsuldarlıq orta hesabla 156,1 sentnerə çatdırılıb.
    Rayonda müvafiq Dövlət proqramlarının icrası diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə görülən işlərdə rastlaşılan neqativ halların aradan qaldırılmasına həssaslıqla yanaşılır, torpaq mülkiyyətçilərinə kreditlər verilir, onlar gübrələrlə təchiz olunur, digər qayğılar göstərilir. Nəticədə, bol məhsul istehsalı təmin edilir. Bolluq isə hər bir torpaq adamının gün-güzəranını yaxşılaşdırır, rifah halını yüksəldir.
    Süfrələrimizin bəzəyi olan tərəvəzçiliyə marağın ildən-ilə artması da bununla bağlıdır. Onu da qeyd edək ki, Şərur torpaqları belə əkinlər üçün çox münbitdir. Cari ilin bəhs olunan dövründə əkilmiş tərəvəz sahəsinin 98,9 faizindən 22287 ton tərəvəz məhsulları yığılıb. Məhsuldarlıq orta hesabla 109,5 sentner olub ki, bu da kiçik rəqəm deyil.
    Şərur həm də dadlı-tamlı meyvələr yetişdirilən bölgəmizdir. Torpaq mülkiyyətçiləri ilbəil bağ sahələrini genişləndirir, yeni bağlar salınarkən yerli sortlara üstünlük verirlər. Onların builki zəhməti də hədər getməyib, barverən meyvə bağlarından 14798 ton məhsul tədarük edilib. İki təsərrüfat sahəsini ayrıca qeyd etmək istərdim. Haqqında bir qədər bəhs etdiyimiz Şərur Sənaye Məhəlləsində fəaliyyət göstərən “Araz-3” Məhdud Məuliyyətli Cəmiyyətinin yağ istehsalı zavodunu yerli xammalla təchiz etmək üçün rayonda 68 hektar sahədə günəbaxan, 1032 hektar sahədə yüksək yağlılıq dərəcəsi olan qarğıdalı əkilib. Vaxtlı-vaxtında və aqrotexniki qaydalar əsasında qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişdirilib. Hər iki sahədə məhsul yığımı və zavoda tədarükü davam edir.
    Rayonda heyvandarlığın inkişafı da diqqət mərkəzindədir. Son illər muxtar respublikada baytarlıq xidmətinin səviyyəsinin elmi əsaslarla yüksəldilməsi Şərur rayonunda özünü göstərməkdədir. Bunu rəqəmlər də təsdiq edir.
    2019-cu ilin yanvar-avqust aylarında bölgədə diri çəkidə 4562,8 ton ət, 22267 ton süd, 20268 min ədəd yumurta, 162,4 ton yun istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı 1 faiz, yun istehsalı 1,3 faiz artıb.
    Balıqçılıqla məşğul olan müəssisələr tərəfindən bəhs olunan dövrdə 64 min manat (2021-ci ilin yanvar-avqust aylarında 63 min manat) dəyərində balıq satılıb.
    Rayonun kənd və balıqçılıq təsərrüfatlarında 109747,5 min manatlıq məhsul istehsal edilib, bu da 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,4 faiz çoxdur.
    Qazanılan uğurlarda həyata keçirilən digər tədbirlərlə yanaşı, meliorativ tədbirlər də mühüm rol oynayıb. Rayonun kəndlərində görülən işlər hesabına qrunt sularının səviyyəsi aşağı endirilib, torpaqlar əkin dövriyyəsinə qatılıb. Su nasos stansiyalarında və hidrotexniki qurğularda əsaslı və cari təmir işləri aparılıb. Bir neçə subartezian nasosu təmir olunaraq yenidən istifadəyə verilib. Ayrı-ayrı kəndlərdə beton-torpaq kanal, ana arxlar, kollektorlar təmizlənib.
    Həyata keçirilən meliorasiya tədbirləri hesabına hektarlarla sahə əkin dövriyyəsinə qatılıb. Suvarma suyuna olan tələbatın ödənilməsi istiqamətində görülən işlər ekoloji tarazlığın qorunmasında mühüm rol oynayan yaşıllıq sahələrinin artırılmasına imkan verib. Belə ki, bəhs olunan dövrdə yeni bağların salınması, bərpa işlərinin aparılması diqqət mərkəzində saxlanılıb.
    Bəhs olunan dövr ərzində Şərur rayonunda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 1463,6 min ton yük, 9632,1 min sərnişin daşınıb. Yük və sərnişin daşınmasından, bütövlükdə, 3726,6 min manat gəlir əldə edilib.
    Bu müddətdə rayon üzrə yeni elektrik dirəklərinin basdırılması, yeni transformatorların quraşdırılması, ehtiyac duyulan transformatorlarda təmir işlərinin aparılması, yeni hava xətlərinin çəkilməsi davam etdirilib. Elektrik sayğaclarının quraşdırılması diqqətdə saxlanılıb. Bu dövrdə rayon üzrə informasiya və rabitə xidmətlərinin dəyəri 5239,9 min manat olub. 207 abonentə telefon çəkilişi aparılıb.
    Onu da qeyd etməyə dəyər ki, son illərdə muxtar respublikada müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlərin bir qolunu insanların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun təmin olunması təşkil edir. Davamlı xarakter alan belə tədbirlər əhali tərəfindən razılıqla qarşılanır. Cari ilin ilk 8 ayında Şərur rayonunda da reallaşdırılan bir sıra tədbirlər bölgə sakinlərinin rifah halını xeyli yüksəldib.
    “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun icrasının nəticəsi kimi ilin 8 ayı ərzində rayon üzrə 72 ailənin 334 üzvünə ünvanlı dövlət sosial yardımı təyin olunub. Hazırda mərkəzdən, ümumilikdə, 98 ailənin 462 üzvü belə qayğıdan istifadə edir.
    Şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqındakı fərmana uyğun olaraq mərkəz tərəfindən həmin kateqoriyadan olan 409 nəfərə Prezident təqaüdü təyin edilib. Ümumilikdə, mərkəzdən 2826 nəfər Prezident təqaüdü  alır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Sosial xidmət sektoru tərəfindən də müəyyən işlər görülüb. Səkkiz ay ərzində növbə əsasında bir neçə nəfərin sanatoriyalara getməsi üçün göndəriş verilib.
    
    Cari ilin üçüncü rübündəyik. Şərur rayonunda da payızın ilk günlərində qaynar bir həyatın yaşanması həm də bəhs olunan qısa zaman kəsiyində qazanılan uğurların sevincinin ifadəsidir. Hələ ilin başa çatmasına 3 aya yaxın vaxt var. Bu günədək əldə edilən uğurlar tam əminlik yaradır ki, qədim yurd yerinin zəhmətkeş insanları 2022-ci ili daha böyük nailiyyətlərlə başa vuracaqdır. Çünki onlar hərtərəfli dövlət qayğısı əhatəsindədirlər. Dövlət qayğısı və zəhmət birləşəndə isə uğur qazanmaq çətin deyil. Bu həqiqəti şərurlular illərdir ki, öz həyatlarında görürlər. 

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 11.10.2022 19:47