AZ EN RU

Qayəsi vətənpərvərlik olan müdrik ömrün misilsiz səhifələri...


    Dünyanın aparıcı ölkələrinin rəsmi şəxslərinin, beynəlxalq nümayəndələrin, elmi-tədqiqatçıların, siyasi analitiklərin, turistlərin, böyükdən-kiçiyə bütün azərbaycanlıların sevə-sevə dəfələrlə ziyarət etdiyi, gəncliyə mükəmməl həyat örnəyi, yaşamaq-yaratmaq ruhu, əzmi, gələcəyə inam, etimad aşılayan dahi şəxsiyyət Heydər Əliyevin adını qürurla, fəxrlə daşıyan muzeydəyəm. Ekspozisiyanın ayrı-ayrı guşələrində, stendlərdə sərgilənən bir-birindən dəyərli, qiymətli eksponatların ziyasında vərəqlənir qayəsi vətənpərvərlik, Vətənə, xalqa, dövlətçiliyə xidmət olan, 2023-cü ildə 100 illik yubileyini təntənəli şəkildə qeyd edəcəyimiz müdrikliklə, dahiliklə zəngin ömrün muzeylərə sığmayan səhifələri. Haqqında kitablardan, qəzetlərdən oxuduğum, televiziya ekranlarından izlədiyim, müəllimlərdən, ziyalılardan eşitdiyim, öyrəndiyim, bildiyim bütün məlumatlar əvvəllər heç bir yerdə rastıma çıxmayan, yalnız burada gördüyüm tarixi fotolarla, sənədlərlə, şəxsi, xatirə əşyaları ilə öz dolğun, müfəssəl təsdiqini tapır...

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncama əsasən yaradılaraq həmin il mayın 10-da 420 eksponatla fəaliyyətə başlayan, bu gün fondunda 5 minə yaxın eksponatı qoruyub saxlayan muzeyin ekspozisiyasına tamaşa etdikcə gözlərim önündə əbədiyaşar liderin dəyərli həyat yolundan, siyasi fəaliyyətindən, mütərəqqi ideyalarının gerçəkləşməsindən, “Müasir, qüdrətli Azərbaycan” adlı şah əsəri yaratmasından bəhs edən tarixi faktlara söykənən sənədli film canlanır: – Rəssamı Şahəddin Mahmudov olan, 1999-cu ildə “Laza” firmasında ipək və pambıq iplə əldə toxunan, “Yüksəlişə doğru həyat yolu” adlanan, anası İzzət xanımın da əksini tapdığı xalçada ulu öndərin gəncliyindən prezidentliyədək keçdiyi həyat yolu ilmələrin sehrində təsvir edilir. 1936-1939-cu illərdə Naxçıvanda Pedaqoji Texnikumda təhsil aldığı illərə aid attestat, 1938-ci ildə müvəffəqiyyətə və nümunəvi əxlaqına görə verilən tərifnamə, texnikumda oxuduğu müddətdə məktəb tamaşalarının birində Səməd Vurğunun “Vaqif” dramındakı Vaqif rolunda çıxışı zamanı çəkilən foto, 1942-ci il aprelin 27-də çəkdiyi rəsm əsəri, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olarkən təqdim etdiyi qiymət cədvəli, həmin ali təhsil ocağını bitirməsinə dair diplom, 1940-cı ildə Bakıda Tarix Muzeyinin direktorunun adına yazdığı ərizə, kadr anketi, tərcümeyi-hal ümummilli liderin gəncləri elmə, təhsilə, yaradıcılığa, əməyə, zəhmətə həvəsləndirən, maraq oyadan oxumaqla, öyrənməklə, çalışmaqla keçən nümunəvi gənclik, tələbəlik, ilk əmək fəaliyyəti illərindən söhbət açır. 1949-1950-ci illərdə Leninqradda (indiki Sankt- Peterburq şəhərində) Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi məktəbini bitirməsi haqqında şəhadətnamə, məktəbdən verilən xidməti xasiyyətnamə, müxtəlif fotolar ulu öndərin 1944-cü ilin mayından 1969-cu ilin iyulun 14-nə qədər dövlət təhlükəsizliyi orqanlarındakı xidməti dövründən, SSRİ kimi nəhəng imperiyada yeganə azərbaycanlı olaraq tutduğu yüksək mövqedən, leytenantdan general-mayor rütbəsinədək keçdiyi çətin, məsuliyyətli, şərəfli yoldan danışır, bu istiqamətdə yetişmək istəyən gəncliyə doğru yol, düzgün yön aşılayır. 1969-1982-ci illərə aid fotolar dahi şəxsiyyətin ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycanı sürətli sosial-iqtisadi inkişaf yoluna çıxarmasından, 1974, 1978, 1980, 1982-ci illərdə Naxçıvan Muxtar Respublikasına böyük izdihamla, coşqu və sevgi ilə müşayiət olunan tarixi səfərlərindən, Şərur, Babək, Ordubad, Şahbuz rayonlarında, Naxçıvan şəhərində insanlarla, zəhmətkeşlərlə səmimi görüşündən, canı qədər sevdiyi doğma diyarının çiçəklənməsi naminə atdığı mütərəqqi addımlardan, göstərdiyi diqqətdən, qayğıdan, təşəbbüsü ilə burada bir sıra elm, təhsil, mədəniyyət müəssisələrinin açılmasından, istifadəyə verilməsindən, əvəzolunmaz töhfələrdən, bəhrələrdən bəhs edir...
    Muzeyin bir-birindən bənzərsiz, maraqlı guşələrində sərgilənən sənədlər, fotolar, müxtəlif səpkili eksponatlar məni dərin düşüncəyə qərq edərək əbədiyaşar liderin nəsillərə örnək, nümunə sayılan həyat yolu, mütərəqqi ideyalarla zəngin siyasi fəaliyyəti barədə daha ətraflı öyrənməyimə köməklik göstərir. Bölmələrin birində yer alan rəsmi sənədlər, fotolar ulu öndərin 1990-cı il iyulun 22-də Moskvadan öz ana yurdu Naxçıvana qayıdışını, həmin gün Naxçıvanın mərkəzi meydanında yeganə nicat yolunu dahi liderdə görən, Ona böyük ümid, inam bəsləyən 80 mindən çox insanın öz xilaskarının görüşünə böyük coşqu, rəğbətlə gəlməsini, 1990-cı ilin sentyabrında Azərbaycan Ali Sovetinə və Naxçıvan Ali Sovetinə keçirilən seçkilərdə naxçıvanlıların xalq deputatı kimi dahi siyasətçinin namizədliyini irəli sürərək həmin məsul vəzifəyə seçməsini, ümummilli liderin həyatının, siyasi fəaliyyətinin 1993-cü il iyunun 9-dək davam edən Naxçıvan dövrünü əks etdirir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci sessiyasının keçirilməsi, həmin sessiyaya deputatların tələbi ilə dahi şəxsiyyətin rəhbərlik etməsini göstərən fotolar, Azərbaycanın dövlətçilik tarixi üçün xüsusi önəm daşıyan Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet, Sosialist” sözlərinin çıxarılması, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Ali Məclis adlandırılması, İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilməsi, həmçinin 1991-ci il 3 sentyabr tarixdə ümummilli liderin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilməsi barədə mühüm qərarlar görkəmli dövlət xadimin uzaqgörənliyindən, fenomenliyindən, dövlətin, millətin gələcəyini öz canından da üstün tutmasından dolğun şəkildə söz açır. “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və  onların əsasında şəxsi təsərrüfatların yaradılması haqqında”, “Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında”, “31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması haqqında” və dövlətçiliyin hüququ bazasını təşkil edən digər qərarlar ulu öndərin 1991-1993-cü illərdə Ali Məclisin Sədri işlədiyi müddətdə insanların rifahı, dövlətin qüdrətlənməsi, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı naminə həyata keçirdiyi qabaqcıl, misilsiz işlərin bir qismini diqqətə çatdırır. Ölkəmizin ərazi bütövlüyü uğrunda övladları əsir düşmüş, girov götürülmüş valideynlərin ümummilli liderə ünvanladığı məktublar, teleqramlar sakinlərin Vətəninə, xalqına könüldən bağlanan vətənpərvər, fenomen şəxsə olan inamının, ümidinin böyüklüyündən, sonsuzluğundan xəbər verir. Keçmiş SSRİ-nin silahlı qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən 75-ci motoatıcı diviziyasının və 41-ci sərhəd dəstəsinin ləğv edilməsi, hərbi əmlaklarının milliləşdirilməsi ilə bağlı qərarlar, həmin tarixi hadisələri əks etdirən fotolar ulu öndərin muxtar respublikanın ərazi bütövlüyünün, təhlükəsizliyinin, müdafiəsinin gücləndirilməsi, ordu quruculuğunun inkişafı istiqamətində atdığı mühüm addımlardan söhbət açır. Ekspozisiyanın bir neçə guşəsində nümayiş olunan kürsülük, qələmdan, xidməti telefon, stolüstü, sütunlu saatlar, çıraq, kostyum, palto, şlyapa, iş otağının fotoları ümummilli liderin Naxçıvanda Ali Məclisin Sədri kimi çalışdığı dövrün əyani güzgüsü olmaqla dahi şəxsiyyətin xalqın xoşbəxt gələcəyi, aydın sabahları naminə keçirdiyi yuxusuz gecələri, çəkdiyi əziyyətləri gözlər önünə sərir. Ümummilli lider Heydər Əliyevin 1992-ci il martın 24-də Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara, 1992-ci il avqustun 24-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərlərinə səfərləri zamanı 13 və 16 maddədən ibarət imzalanan işbirliyi protokolları ulu öndərin atdığı uzaqgörən addımlardan, Naxçıvanı düşdüyü ağır blokada vəziyyətindən çıxarmaq uğrunda apardığı mübarizədə sarsılmaz qətiyyəti sayəsində necə qalib gəlməsindən bəhs edir... 
    Muzeyin eksponatları ilə əbədiyaşar liderin çoxşaxəli həyat yolunu, siyasi fəaliyyətini dərindən öyrənməyə çalışdıqca söylədiyi “Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir” kəlamının reallığına daha dərindən varıram. Guşələrdən birində Azərbaycan poeziyasının klassiklərindən olan, ilk mənzum fəlsəfi dramlar müəllifi, şair-dramaturq Hüseyn Cavidin nəşinin Uzaq Sibirdən Naxçıvan şəhərinə gətirilməsini, 1992-ci il oktyabrın 23-də görkəmli yazıçının Naxçıvanda 110 illik yubileyinin keçirilməsini, 1996-cı ildə ulu öndərin Naxçıvana səfəri zamanı Hüseyn Cavidin məzarı üzərində ucaldılan türbənin açılışını əks etdirən fotolar, kitablar, qəzet nömrələri ümummilli liderin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına bağlılığını, ədəbi şəxsiyyətlərə verdiyi yüksək qiyməti bir daha göstərir. Ölkəmizə ikinci rəhbərliyi dövründə müxtəlif regionlara səfəri zamanı zəhmətkeşlərlə görüşünü əks etdirən fotolar Azərbaycanın sosial-iqtisadi inkişafını, imzalanan sərəncamların, qəbul olunan Dövlət proqramlarının uğurlu icrasını, insanların sosial rifahının ilbəil yüksəlməsini əyani surətdə nümayiş etdirir. Dahi şəxsiyyətin yubileyləri ilə bağlı buraxılan poçt markalar, xatirə əşyaları, miniatür kitablar, döş nişanları, məruzə qovluğu, Böyük Britaniyanın Kral sikkəxanasında hazırlanan gümüş xatirə sikkəsi, İtaliyanın “Massoni” firmasına məxsus, əl işi olan qızıl əyarlı vaza, qızıl qol saatı, gümüş, bürünc xatirə medalları, portret janrında işlənmiş, müəllifi professor Kamil Əliyev olan, 1998-ci ildə 8 qadın tərəfindən 8 aya toxunan, ümumilikdə, üzərinə 1 milyon 500 mindən artıq ilmənin vurulduğu xalça, sənətkar Akif Həsənov tərəfindən bütöv formada cəviz ağacından yonulan dekorativ-bədii oyma, həyatının ayrı-ayrı dönəmlərini, ailə üzvlərini əks etdirən rəsm əsərləri, yaradıcılıq nümunələri dahi şəxsiyyətə sonsuz rəğbəti, sevgini, məhəbbəti, qürur, fəxr, minnətdarlıq hisslərini ifadə edir. Ekspozisiyanın digər bir bölməsi hələ sovetlər dövründə ümummilli liderin 36 orden və medalla təltif olunduğunu, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüyü üçün sağlığında doğulduğu Naxçıvan şəhərində bürünc büstü qoyulduğunu, müstəqillik illərində əbədiyaşar insanın Naxçıvan Dövlət, Bakı Dövlət, Türkiyənin Hacəttəpə universitetləri də olmaqla, ümumilikdə, 25 universitetin fəxri doktoru adına layiq görüldüyünü, 1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi zaman verilən fəxri sərnişin biletləri o dövrdə Baykal-Amur Magistralının çəkilişinə uğurlu rəhbərlik etdiyini, digər tarixi sənəd 2008-ci ildə həmin magistralın üzərindəki Anqoya stansiyasında vağzallardan birinə ulu öndərin adının verildiyini göstərir. Təhsil ocaqlarının şagird və tələbələrinin ulu öndərin həyatını, siyasi fəaliyyətini dərindən öyrənməsinə, interaktiv dərslərin keçilməsinə geniş imkanlar yaradan, 573 adda 1200-dən çox siyasi ədəbiyyatın yer aldığı muzeyin kitabxanasında sərgilənən “Heydər Əliyev. İnkişaf məqsədimizdir”, “İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildlikləri, “Qayıdış” və digər kitablar görkəmli dövlət xadiminin Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi sayılan Naxçıvan Muxtar Respublikasının inkişafı, qüdrətlənməsi üçün gördüyü mütərəqqi işlərdən, həyata keçirdiyi layihələrdən, konsepsiyalardan tam mahiyyətilə dolğun şəkildə bəhs edir... 

    Hər bir azərbaycanlı üçün müqəddəs bir ziyarətgah sayılan, nadir eksponatlarla zəngin muzeyə ekskursiyanı bitirir, ekspozisiya zalının tən ortasında ümummilli lider Heydər Əliyevin ömrünün, həyatının əsas amalına, ideya qaynağına çevrilən “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır” dəyərli kəlamını oxuyur, uzaqgörən, əbədiyaşar şəxsiyyətin ideyaları üzərində ilbəil daha böyük gücə, inkişafa sahib olan Azərbaycanı, Böyük Tarixi Qələbəmizi düşünərək dərin minnətdarlıq hissləri, böyük qürur, fəxrli fikirlərlə mədəniyyət ocağından ayrılıram: –  Nə qədər ki güclü, qüdrətli Azərbaycan, qədirbilən millətimiz vardır, ulu öndər ideyaları da daim var olacaq, yaşayacaq, ölkəmizi, xalqımızı daha inamlı, əminli sabahlara aparacaq...

Nail ƏSGƏROV

Nəşr edilib : 09.12.2022 19:07