AZ EN RU

Qayəsi Vətən olan düşüncə, niyyət, arzu və əməldədir vətənpərvərlik...

    Bu yazımızda əcdadlarımızın təfəkkür dünyasının qonağı olub fəlsəfi fikirlərini dinləyərək ayrı-ayrı tarixi dövrlərdə yaşayan, Vətənin, xalqın taleyinə həssaslıqla yanaşan, bu müqəddəs amalı özünün ən ümdə vəzifəsi hesab edən şəxsiyyətlərin həyat tərzindən, əməli işlərindən, missiyalarından, nümunəvi fəaliyyətlərindən yola çıxacaq, vətənpərvərlik adlı ali dəyərin mahiyyətinə varacağıq.

    “Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən, qorumağa dəyməz” söyləyən ulu babamız Dədə Qorqudun Oğuz övladlarını torpağa könüldən bağlı, sədaqətli olmağa, onu ali varlıq kimi dəyərini dərindən dərk edərək həm qoruyub, həm də əkib-becərməyə, yağılara qarşı birliyə-bərabərliyə səsləyən hikmət dolu sözlərindədir; igidlik, mərdlik, şücaət obrazı sayılan Koroğlunun “dəli”ləri vahid əqidə, amal ətrafında toplayaraq Vətənin istiqlaliyyəti uğrunda Qıratın belinə əyləşib Misri qılıncı çalmasında, düşmənin canına vəlvələ salan nərəsindədir, 816-837-ci illərdə ərəb işğalçılarının 6 ordusunu darmadağın edən Babəkin azadlıq şüarında, qolu kəsiləndə üzünü al-qırmızı qanına boyayaraq “rəngim sarala bilər, istəmirəm düşmən məni saralmış görsün” söyləyən xalq qəhrəmanının sarsılmaz iradəsində, ölümün gözünə dik baxmasında, Atabəy Şəmsəddin Eldənizin, Məhəmməd Cahan Pəhləvanın, Qara Yusifin, Uzun Həsənin, Şah İsmayıl Xətainin torpaqlarımızı birləşdirmək niyyətində, əzmindədir vətənpərvərlik. 14 illik şərəf, ləyaqət dastanı yazan Əlincəqalanı Əmir Teymura təslim etməməkdən ötrü günlərlə susuzluğa, aclığa davam gətirən insanların tükənməyən mənəvi gücündə, inamında ehtişam tapan bu ali dəyər Qərbi Azərbaycanın böyük bir qismində qərarlaşan Naxçıvan xanlığını yaradan Kəngərlilər sülaləsindən olan Naxçıvanskilərin dəyərli miraslarında, yaşam qaynaqları sayılan çeşmələrdə, körpülərdə, evlərdədir... 

    Bu ali dəyər ustad şairimiz Nizaminin nəsihətlərində pərvəriş tapır, Şah İsmayıl Xətainin “Dəhnamə”sinin bədii tərənnüm cəhətdən ən qiymətli hissəsi sayılan “Bahariyyə”də duyulur, Nəiminin, Nəsiminin haqq səsiylə bir ucalır, Tomris ana, Qaçaq Nəbi, Qaçaq Kərəm, Həcər xanım kimi qeyrətli oğul və qızlarımızın qoluna qüvvət, ürəyinə təpər verib düşmənlərdən öc alır, “Tikmədim özüm qalam, tikdim ki, izim qala” amalı ilə tarixi abidələr ucaldan Memar Əcəminin əməliylə əbədiyyət izi salır milli genetik yaddaşımızda. İlk ana dilli mətbu nəşrimiz “Əkinçi” ilə maarifçilik toxumu səpir şüurlara, şair və yazıçılarımızın nakam həyat hekayələrində, yanğılı misralarında, əsərlərində qəlbləri, könülləri dağlayır, Cəlil Məmmədquluzadənin felyetonlarında, məqalələrində tənqid atəşini daha da alovlandırır, “Molla Nəsrəddin”in ideya qaynağına çevrilir, “Anamın kitabı”nda Gülbahar obrazı ilə öz ana dilindən, Vətənindən ayrı düşən kəsləri el-obaya, soykökünə səsləyir. “Ayrılarmı, könül candan?”, – deyən Səməd Vurğun, “Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim” söyləyən Məmməd Araz kimi onlarla şairimizin ilham mənbəyinə çevrilən vətənpərvərlik Əhməd Cavadın istiqlaliyyət ideyalarından boylanıb Turan ellərini birliyə çağırır, Üzeyir Hacıbəyovun ölməz musiqi əsərlərində pərvazlayıb qəlblərə hüzur sığalı çəkir...
    Naxçıvanın könüllülərdən ibarət taborlarının türk qoşunları ilə birgə erməni daşnaklarını darmadağın etməsində, Araz-Türk Respublikasının yaradılmasında, muxtariyyət yolunda atılan addımlarda, başını qara buludlar alan məmləkəti aydınladan dan ulduzutək parlayır vətənpərvərlik. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qısa zamanda böyük işlərin görülməsinə sövq edir cümhuriyyət yaradıcılarını, qəbul edilən bayrağımızın, gerbimizin elementləri, himnimizin hər bir sətri ilə könülləri riqqətə, milli ruhu qürurla etizaza gətirir. Xalqımızın qəhrəmanlıq səhifələrindən olan İkinci Dünya müharibəsi illərində igid oğullarımızın göstərdikləri şücaətlərdə dil açıb danışır bu ali dəyər...
    “Vətənpərvərlik” böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik” kəlamları ilə insanlara örnək olan, gəncləri doğru istiqamətə yönəldən, onların sağlam gələcəyi üçün çalışan, ömrünü, həyatını qüdrətli Azərbaycanın varlığı naminə həsr edən dünya şöhrətli siyasətçi Heydər Əliyevin misilsiz işlərində, müfəssəl inkişaf konsepsiyasındadır vətənpərvərlik. Dahi şəxsiyyətin 1990-cı ildə həyatını riskə ataraq canı qədər sevdiyi, dünyaya göz açdığı, gənclik illərini keçirdiyi Naxçıvana yenidən qayıdışında, qədirbilən naxçıvanlıların dəstəyi ilə çıraq işığında milləti nicat yoluna, işıqlı sabahlara çıxaracaq, SSRİ kimi nəhəng imperiyaya meydan oxuyacaq qərarlar verməsində ən dolğun əksini tapan vətənpərvərlik görkəmli dövlət xadiminin öz doğma Azərbaycanının cücərməkdə olan müstəqilliyini qorumasında, millətin öz xilaskarına rəğbətində təcəlla edərək daha yüksək məqama ucalır. Müstəqil Azərbaycanın tərəqqisi naminə var qüvvəsini sərf edən bu müdrik şəxsiyyətin sadə insanlarla ünsiyyətində, uşaqlara, gənclərə, yaşlılara qarşı alicənab davranışlarında, ən yüksək kürsülərdə söylədiyi nitqlərdə, “Mənim həyatım xalqıma məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını, ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir” kimi onlarla dərin məzmunlu fikirlərində, verdiyi vədlərin, söylədiyi sözlərin ən bariz şəkildə həyata keçirilməsindədir...
    1990-cı illərdə qəhrəmanlıq salnaməsi yaradan Sədərəyin timsalında daha da aydınlanan “vətənpərvərlik” məfhumu dahi şəxsiyyət Heydər Əliyevin ətrafında sıx birləşərək torpağı, yurdu qoruyan oğulların “Təki Vətən yaşasın!” məramı ilə tankın, topun qarşısında ən adi, primitiv döyüş vasitələri ilə mərd, dəyanətli dayanmasındadır. “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarı ilə sakinlərin güllə yağışı altında səngərdəki oğullara ərzaq daşımasında, top mərmilərindən dəlik-deşik olsa da, körpə fidanlara sabaha ümid, elm ziyası bəxş etməkdən usanmayan Sədərək məktəbində çalışan fədakar müəllimlərin əməyindədir. İki qardaşı ayrı salan “sərhəd” dirəklərini qışın şaxta, çovğununa rəğmən tar-mar edən insanların həsrət alovlu əllərində, inam dolu qəlblərindədir, ümid körpüsü olan Sədərək-Dilucunu salan şəxslərin ürəklərində çağlayan pak, təmiz diləklərdə, niyyətlərdə, arzulardadır vətənpərvərlik...
    Vətənpərvərlik ümummilli liderimiz Heydər Əliyevin yoluna sədaqət sayəsində xalqı firavan həyata qovuşduran, ölkəni böyük inkişaf mərhələsinə çıxaran ölkə başçısı cənab İlham Əliyevin praqmatik düşüncəli qərar, fərman və sərəncamlarında, daha da qüdrətli Azərbaycan yaratması naminə həyata keçirdiyi layihələrdə, gənclərin gələcəyinə, əhalinin rahatlığına xidmət edən mütərəqqi işlərdə, yolların salınmasında, binaların ucaldılmasında, müəssisələrin yaradılmasındadır. 27 sentyabr 2020-ci ilə – Böyük Qələbənin başlanğıcına, torpaqlarımızın nicatına aparan yoldadır, Günnüt Zəfərində, Aprel, Tovuz döyüşlərində, Mübariz İbrahimov, Polad Həşimov kimi yüzlərlə qəhrəmanın, bu günlərimizdə yenidən təxribata əl atan azğın düşmənə layiqli cavab verib susdurarkən müqəddəs şəhadət məqamına yetişən 50 igidimin şücaətində, rəşadətində, dəyanətindədir. 30 illik həsrətə, hicrana son qoymaq naminə böyükdən-kiçiyə hər bir azərbaycanlının “Hər şey Vətən üçün!” şüarı ilə “dəmir yumruq” ətrafında sıx birləşməsində, oğulların könüllü cəbhəyə yollanmasında, övlad həsrəti torpaq vüsalına çevrilən şəhid analarının, bacılarının, xanımlarının ağrı-acılara rəğmən başlarını dik tutaraq söylədiyi “Vətən sağ olsun!” ifadəsində, ata, qardaşların məğrur baxışlarındadır. 8 noyabr – Zəfər məqamına aparan hər yeni gündə Ali Baş Komandanın xalqa müraciətində, torpaqlarımızın azadlıq müjdələrində, Qubadlıya, Zəngilana, Xocavəndə, Şuşaya, əzəli yurdumuz Qarabağın hər addımına ayaq basan, üçrəngli bayrağımızı sancan məğrur oğulların düşməni lərzəyə salan zəfər yürüşündə, şüarlarında, Xudayarın döyüş yoldaşlarını ruhlandıran “Vətən yaxşıdır” nəğməsində, dillərdə dastana dönən “Qarabağ Azərbaycandır!” mübarək kəlamında, müharibə dövründə və sonra ölkə Prezidentinin xarici telekanallara verdiyi müfəssəl müsahibələrində, məğlubiyyəti həzm edə bilməyən bəzi ölkə nümayəndələrini yerinə oturdan bəyanatlarındadır. Böyük siyasi iradə, güclü iqtisadi potensial sayəsində erməni vandalizminə məruz qalan torpaqlara yenidən həyatın qaytarılmasında, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qondarma millətdən təmizlənməsində, sentyabrın 12-13-də düşmənin növbəti təxribatına qarşı uğurla həyata keçirilən “Qətiyyətli cavab” əməliyyatında mənfur ermənilərə layiqli cavabın verilməsində, böyük təntənə ilə yenidən keçirilən “Xarıbülbül” Musiqi Festivalında, Vaqif Poeziya Günlərində, ölkə başçısının azad olunan torpaqlara səfərləri zamanı səsləndirdiyi, düşmənə gözdağı verən fikirlərdə, “Şuşa ili” çərçivəsində təşkil olunan tədbirlərdədir vətənpərvərlik... 
    “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” söyləyən ümummilli liderimiz Heydər Əliyevin arzularının onun dünyaya göz açdığı Naxçıvanın timsalında da çiçək açması, reallaşması prosesindədir vətənpərvərlik. 30 il blokada şəraitində yaşayan muxtar respublikanın ulu öndər ideyalarına sadiqlik sayəsində böyük inkişaf yolu qət etməsində, ən ucqar kəndlərdən üzü şəhərədək hər addımın abadlaşmasında, müasir infrastrukturun qurulmasında, həyatın bütün sahələrində qazanılan uğurlarda, rekordsmen bölgə statusuna yüksəlməsindədir. “Keçmişini unudanın gələcəyi olmaz”, “Tarixi yaşadanı tarix də yaşadacaq” prinsipi ilə Oğuz yurdunun hər bir tarixi incisinin yenidən əvvəlki görkəminə qaytarılmasında, insanların könüllü şəkildə təbiətin qayğısına qalıb diyarı yaşıllığa, cənnətməkana, gülüstana çevirməsində, yüzlərlə nümunəvi ailə təsərrüfatları quran ailələrin birgə əməyindədir, festivallarda, yubiley tədbirlərində, gənclərin könüllülük hərəkatında, muxtar respublika iqtisadiyyatına töhfələr verən müəssisələrin fəaliyyətindədir vətənpərvərlik. Cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, bütün insanların – sənin, mənim, hər birimizin bir amal – Vətənimizin, dövlətimizin gələcəyi uğrunda üzərimizə düşən məsuliyyəti dərindən dərk etməyimizdə, işimizə canla-başla yanaşmağımızdadır bu ali dəyər. Bir sözlə, qayəsi Vətən olan hər bir düşüncə, niyyət, arzu və əməldədir vətənpərvərlik... 

Nail ƏSGƏROV

Nəşr edilib : 14.09.2022 21:26