AZ EN RU

Qartallar elləri uca göstərər

Elə tarixi kəndimiz Kotam kimi...

    Nazim kişi deyir ki, ata-babaları bu yolları atla, ulaqla gedib-gəlirmişlər. İnsanlar hər zaman adət-ənənələrinə sadiq qalıb, yolların daşlı-qayalı olması belə onları el-obalarından uzaqlaşdırmayıb. Ta ki 1959-cu ilədək... Bu tarixdən etibarən Kotam kəndi Araz çayının sahilinə köçürülür. Səbəbi isə...
    Tarixi mənbələrə əsasən əvvəllər adı Ketam olan Ordubadın bu kəndi  Araz və Ketam çayının sahilində, dağətəyi ərazidə yerləşdiyinə görə el arasında “iki dağ arası” deyirlər. Naxçıvan şəhərindən Yeni Kotamadək yol rahat olsa da, oradan Köhnə Kotama uzanan 4 kilometrlik məsafə daşlı-kəsəkli, enişli-yoxuşludur. Bu tarixi kənd Kiçik Qafqaz dağlarının ətəyində yerləşdiyindən muxtar respublikanın ən ucqar yaşayış məskənlərindən biri olub. 100 illərin kəndi də demək olar bu yurd yerinə. 
    Enişli-yoxuşlu yollardan sonra kənddə ilk görünən uca cəviz, çay kənarında öz qaməti ilə seçilən çinar və bura gələnləri ilk qarşılayan armud ağaclarıdır. Bu ağacların tarixi də bir başqadır. Şəxsi avtomobili ilə bizi Köhnə Kotama aparan Nazim Həsənov deyir ki, o, gözünü açandan, bu kəndə gəlib-gedəndən gördüyü  məhz bu ağaclar olub. Hətta cəviz ağacını onun babası əkib və hər il bura gələrək məhsulunu özü toplayır. Çinarın yaşı isə bir əsrdən çoxdur. “Bura yol olmayıb, yolu sonradan salıblar”, – deyir Nazim kişi. Bu yol həm də sakinlərin tarixlərini unutma­mağa imkan yaradıb. 
    Kənd iki dağ arasında, bol sulu çayın sahilində yerləşib. Yaxınlaşdıqca bizi uçuq-sökük, divarlarında bir tarixin yatdığı, möhrələrlə hörülmüş evlər qarşılayır. Evlər, demək olar ki, tam olaraq dağılıb. Bu kəndin köçürülmə səbəbi də tarixlə bağlıdır. Belə ki, 1941-ci ildən etibarən Ordubad rayonunda, Araz çayının sahilində muxtar respublikaya gələn qatarın ilk dayanacağı – Salamməlik stansiyası fəaliyyətə başlayır. Stansiyada çalışanların bəziləri isə məhz Köhnə Kotam sakinləri olur. Onların sayı gündən-günə çoxaldıqca, həmçinin kəndə gediş-gəliş çətin olduğundan kəndin Araz çayının sahilinə köçürülməsi qərara alınır. Bu qərardan sonra yeni kənd salınır və insanlar kəndi tərk edirlər. 1959-cu ildə, demək olar ki, kənd tam olaraq boşaldılır. Lakin iki dağ arasında yeşləşdiyindən bu kənddə mütəmadi olaraq qeydə alınan sel suları boş qalan evləri dağıdır. Nazim kişi deyir ki, buna baxmayaraq, yerli sakinlər bu gün də kəndə gələrək dağın döşündə salınan qəbiristanlığı ziyarət edirlər: “Ora bizim tariximizdir, bu kəndin nə qədər qədim olduğunun göstəricisidir. Hətta burada bizim pay torpaqlarımız var və mənim özüm hələ də burada əkinlə məşğul oluram”.
    Boş olan kənddə diqqəti ən çox cəlb edən məqam isə burada mədrəsə qalıqlarının olmasıdır. Bu kənddə doğulub-böyüyən sakinlər deyir ki, Kotam kəndi bu ərazidə öz bilikli adamları, din xadimləri ilə tanınıb. Hətta xəlifənin dövründə bir çox ölkələrdən – İraq, Liviyadan gəlib burada bəzi müzakirələr də aparılıb. Kəndin keçmişi haqda danışan 85 yaşlı Əhməd Hüseynov deyir: “Oradan cavan vaxtlarımda – 22 yaşım olarkən köçmüşəm. Yol olmayıb və ora gediş-gəliş çətin idi. Kəndimiz iki dağ arasında yerləşirdi, qışı çox sərt, yayı isə bir qədər sərin keçirdi. 1959-cu ildə tam olaraq oradan köçdük və Yeni Kotamda yaşamağa başladıq. Kəndimiz hər zaman bilikli adamları ilə seçilib, burada çoxlu din xadimləri olub. Bizim atalarımız da bizə deyib və özümüz də görmüşük ki, kəndin bilikli adamları hər zaman səfərlərə gedərdilər və ya hər hansı müzakirələr üçün bura başqa ölkələrdən insanlar gələrdi”.
    Bir zamanlar elm, irfan qapısı olan bu mədrəsə indi dağılmış vəziyyətdədir. Nazim Həsənov deyir ki, mədrəsədə o zamanlar sakinlərə elm öyrədilirmiş. Kəndin dağılmasına, selin gəlməsinə baxmayaraq, yerli sakinlər onun bir hissəsini qoruya biliblər. Mədrəsə həm də kəndin mərkəzində, meydana yaxın ərazidə olub. Yerli sakinlər deyirlər ki, mədrəsənin tikilişi XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə təsadüf edir. Məhz buna görə bacardıqları qədər bu tarixi abidəni qorumağa çalışırlar.
   Mədrəsəyə bitişik məscid isə tam olaraq Ordubad memarlıq üslubunda inşa edilib. Burada daha çox pəncərələrin quruluşu diqqəti cəlb edir. Belə ki, şəbəkə üsulu ilə hazırlanan pəncərələrin özünəməxsus görünüşü məscidə başqa gözəllik bəxş edib. Məscidin ölçü­ləri və onu içəridən yarıya bölən hissəni isə xüsusi vurğulamaq lazımdır. Belə ki, hazırda xalça asılan və iki bölünən bu yerlərdə kişilər və qadınlar əyləşib, ibadət ediblər. Tikilinin digər hissəsində kiçikölçülü pəncərə buranı aydınlatmaqdan ötrü qoyulub. Belə ki, günbatan hissədə qoyulan bu pəncərə hər zaman məscidin içərisini işıqlı edib. Düzdür, tarixi məscidin dağılmasının qarşısını almaq üçün yerli sakinlər tərəfindən bir qədər bərpa işləri aparılıb. Lakin abidə qədimliyini hələ də qoruyub saxlayır. Sakinlər deyir ki, Kotam kəndinin yaxınlığında inşaat üçün əlverişli torpaq olub və burada tikintilərin çoxu onunla inşa edilib. Bunu məscidin möhrəli divarlarında da görmək mümkündür. Hər zaman tarixi, dini etiqadlarına hörmətlə yanaşan, onu qoruyan kənd sakinləri məscidə də eyni tərzdə yanaşıblar. Bura gələn yerli sakinlər tikilini təmiz saxlamaqla yanaşı, həm də içərisinə bəzi əşyalar da yerləşdiriblər. Nazim kişi onu da diqqətimizə çatdırır ki, sakinlər çox vaxt yaxınlarının qəbirlərini ziyarət etməyə gələrkən burada ehsan da verirlər. 
    Kəndin salındığı tarix hələ tam dəqiq deyil. Buradakı qəbiristanlığa, daha doğrusu, qəbir daşlarına baxıb belə qənaətə gəlinib ki, bu kənddə XII əsrdə belə insanlar yaşayıblar. Eyni zamanda evlərin yerləşmə və tikilmə mövqeyi də bunu sübut edir. 150-yə yaxın evin olduğu bu yaşayış məntəqəsindəki evlər dağın döşündə – bir-birinə yaxın inşa edilib. Səbəbi isə düşmənlərdən qorunmaq üçün insanların daha sıx məskunlaşması göstərilir. 
    Dağılan, sökülən, lakin divarları, daşları əsrlərlə çarpışan, tarixi unudulmayan kəndi tərk edərkən bizi səmada məğrur, qürub çağında üfüqlərin qızılı şəfəqlərində kölgə kimi süzən qartallar yola salır. Necə deyərlər, qartallar obaları, dağları, elləri uca göstərər. Elə tarixi kəndimiz Kotam kimi...

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 06.03.2024 11:27