AZ EN RU

Qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

    Naxçıvan Muxtar Respublikası Gənclər Fondu ilə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti arasında gələcək perspektivlər nəzərə alınaraq qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. 
    Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək bildirib ki, fond bir sıra müəssisə və təşkilatlarla qarşılıqlı şəkildə fəaliyyət göstərir, gənclərin intellektual səviyyələrinin inkişafına yönələn müxtəlif səpkili tədbirlərdə, layihələrdə iştirakları təmin olunur. Artıq bir neçə ildir ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti ilə də əlaqələr xeyli gücləndirilib, fondun könüllüləri cəmiyyətin reallaşdırdığı layihələrə, təlimlərə qatılaraq bank işinin təşkili sahəsində bilik və bacarıqlara yiyələnməyə çalışırlar. Qarşılıqlı əməkdaşlığa dair imzalanacaq memorandumdan irəli gələn vəzifələrin icrası, o cümlədən tələbə təqaüdü proqramının tətbiqi gənclərə səmərəli fəaliyyətləri üçün əlverişli şərait yaratmaqla onların yeni bilik və ideyalar qazanmasına imkan verəcək.
    “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Əsədulla İsgəndərov çıxış edərək bildirib ki, “Naxçıvanbank” ASC Azərbaycan Respublikasının ilk regional bankıdır. Bank əhaliyə, sahibkarlıq subyektlərinə universal bank və maliyyə xidmətini kompleks şəkildə göstərməkdədir. 2021-ci ilin sonuna qədər, ümumilikdə, 344 milyon aktiv, 141 milyon kredit portfeli, 47 mindən artıq plastik kartla fəaliyyət davam etdirilib. Bank gənclərlə iş sahəsində də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır. Belə ki, ötən illər ərzində fəal gənclərin iştirakı ilə bir sıra layihələr və təlimlər uğurla reallaşdırılıb. Gənclər Fondu ilə imzalanan yeni memorandum gənclərin bankçılıqla yaxından tanışlığı, onların rəqəmsal bilik və bacarıqlarının artırılması, intellektual düşünmə qabiliyyətlərinin stimullaşdırılması, istedadlı gənclərin üzə çıxarılması, vaxtlarının səmərəli dəyərləndirilməsi, sosial aktivliyinin artırılması və təqaüd proqramı üzrə birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.
    Tədbir diskussiya şəklində davam edib,  memorandum imzalayan tərəflər arasında qarşılıqlı şəkildə qiymətli hədiyyələr təqdim olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 24.02.2022 21:15