AZ EN RU

Qarsda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq konfrans

    “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama uyğun olaraq Türkiyənin Qars şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
    “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans Qars Qafqaz Universiteti, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Diasporla İş Üzrə Dövlət Komitəsi, Elger Elm və Təhsil Mərkəzi, Əskişəhər Azərbaycanlılar Dərnəyi,   Türkiyə-Azərbaycan dərnəkləri federasiyası, İğdır Azərbaycan Evinin təşkilatçılığı ilə 18-19 oktyabr tarixlərdə reallaşdırılıb. Konfransa 12 ölkədən 100-dən çox elm adamı qatılıb.
    Dövlət Müstəqilliyinin 32-ci ildönümunə təsadüf edən beynəlxalq elmi konfrans Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
    Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapu və Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyevin giriş nitqləri ilə başlayan konfransın plenar iclasında tədbirin təşkilat komitəsinin sədri, dosent İlkin Qulusoy, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təmsilçisi Müjdat Həsənov, Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın çıxış edərək konfransın işinə uğurlar arzulayıblar. 
    Azərbaycan ali təhsil müəssisələri adından Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dillər, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərinin prorektorlarının təbrik nitqləri dinlənilib.
    Konfransın plenar iclasında professor Toğrul İsmayıl, professor Yusuf Bayraktar və Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Ali Məclisin deputatı, dosent Elman Cəfərli mövzu ilə bağlı məruzələr edib, dahi öndərin Azərbaycançılıq və dövlətçilik irsi geniş təhlil olunub.
    Üç bölmədə işini davam etdirən konfransda Ümummilli Lider Heydər Əliyevin dövlətçilik, elm, təhsil, mədəniyyət, ordu quruculuğu, gənc­lər siyasəti, multikulturalizm və digər sahələrdə həyata keçirdiyi islahatlardan bəhs olunub, foto və videotəqdimatlar edilib.
    Azərbaycandan iki universitetin əməkdaşlarının – Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Surə Seyidin “Heydər Əliyev və “Şərq qapısı” qəzeti”, Azərbaycan Dövlət İdman Akademiyasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Məmmədzadənin “Heydər Əliyev və hərbi təhsil siyasəti” mövzularındakı elmi məruzələri də maraqla qarşılanıb.
    Məruzələrdən sonra konsert proqramı nümayiş olunub. Konfrans çərçivəsində qonaqlar Qars Qafqaz Universitetində yaradılan Heydər Əliyev Mərkəzini ziyarət edib, mərkəzin fəaliyyəti ilə tanış olublar.
    Konfransdan sonra Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə konfrans iştirakçılarına ziyafət təşkil edilib, Qars Qafqaz Universitetində fəaliyyət göstərən Azərbaycan rəqs qrupunun  konsert proqramı nümayiş olunub.
    Konfrans iştirakçılarına Heydər Əliyevin 100 illik yubiley plaketi və diplomlar təqdim edilib.
    Qeyd edək ki,  Ümummilli Lider Heydər Əliyevin Qarsa səfəri zamanı onun təşəbbüsü ilə Qars Qafqaz Universitetində Azərbaycan türkcəsi və ədəbiyyatı ixtisası yaradılıb. 18 ildir, fəaliyyət göstərən bu ixtisasın bakalavriat pilləsi üzrə bu günədək yüzlərlə məzunu olub. 2014-cü ildən magistratura pilləsi üzrə də kadr hazırlığı işi həyata keçirilir.

Surə SEYİD

Nəşr edilib : 20.10.2023 14:05