AZ EN RU

Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində tədbir keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamının icrası məqsədi ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində  “26 avqust - Laçın şəhəri günü” adlı tədbir keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Azərbaycanın ərazi bötüvlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov və Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə mayoru Əli Fətəliyev çıxış ediblər. Çıxışlarda Laçın şəhərinin yaranması. tarixi və 28 illik işğalı dövründə məruz qaldığı işğalçılıq siyasəti barədə ətraflı məlumat verilib, şəhərin işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasındakı əhəmiyyətindən danışılmışdır. Qeyd olunub ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına başlanılması ilə əlaqədar Laçın şəhərinə dönüş başlamışdır. Bu hadisə Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin və qətiyyətli addımlarının uğurlu nəticəsidir. Öz doğma yurd-yuvasından uzun illər didərgin düşən sakinlərin minnətdarlıqla azad olunmuş ərazilərə qayıtması və onların sonsuz sevinclərinin reallaşması məhz prezidentimizin və onun ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan Ordusunun və xalqının tarixi naliyyəti olub.

Sonda məhkumlar üçün “Bir Laçın şəhəri” adlı sənədli filmi nümayiş olunub və məhkumlar tarixi hadisə ilə bağlı təssüratlarını bölüşüblər.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.08.2023 17:03