AZ EN RU

Qardaşlıq və birliyimizin tarixi çox əvvəllərə dayanır

    Tarixin bütün dövrlərində bizə dost, qardaş olan, əlindən gələn köməyi əsirgəməyən Türkiyənin 10 vilayətində baş verən dəhşətli zəlzələ xalqımızı dərindən sarsıtdı, kədərləndirdi. Fəlakətin törətdiyi mənzərələr qəlbimizə acı verir, göz yaşlarımıza hakim ola bilmirik. Dövlət başçımızın rəhbərliyi ilə hadisə yerinə mütəxəssislərin cəlbi, zərərçəkmiş qardaşlarımıza ölkəmizin hər yerindən göstərilən yardımlar az da olsa, içimizə təskinlik verir. Türk dünyasının iki böyük lideri – Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” tarixi kəlamları  birliyimizi, həmrəyliyimizi daha da gücləndirir, gələcək nəsillər üçün böyük vəsiyyət olaraq qalır.  

    Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı ən çətin günlərdə sınaqdan çıxmışdır. Bu iki dövlətin bir-birinə yardımı, dəstəyi çox-çox əvvəllərə gedib çıxır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyarkən müdafiə etdiyim “Qardaş köməyi” məcmuəsinin ideya və sənətkarlıq xüsusiyyətləri mövzusunda diplom işim bu baxımdan bu gün üçün də aktualdır. 
    Hələ 1915-ci ildə Bakıda Anadolu Türkünün Qurtuluş mübarizəsinə dəstək vermək məqsədilə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti liderliyində “Qardaş köməyi” (yardımı) fəaliyyəti başlamışdır. Bu təşkilatın 1917-ci ildə “Qardaş köməyi” jurnalını nəşr etmə təşəbbüsü nəticəsində Anadolunun qurtuluş müharibəsinə dəstək məqsədilə Bakıda minlərlə şəxs toplanmış, toplanan bu insanlar pullarını, qızıllarını və ailələrinin zinət əşyalarını Anadoluya çatdırmaq üçün adıçəkilən təşkilata vermişdilər.  Jurnalda o dövrün tanınmış yazıçı və şairlərinin, dövlət duması üzvlərinin – Hüseyn Cavid, Abdulla Şaiq, Əli Nəzmi, Ömər Faiq Nemanzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Əbdürrəhim bəy Haqverdiyev, Şəfiqə Əfəndizadə və digərlərinin şeir və hekayələrində iki xalq, millət üçün də aktual olan dil, din, xeyirxahlıq, milli birlik, həmrəylik məsələləri öz əksini tapmışdır. 
     XX əsrin başlanğıcında  SSRİ-nin  Azərbaycanı işğal etməsi ilə birlikdə  Türkiyə ilə bütün Türk dünyasının  və Azərbaycan münasibətləri süni maneələrlə, zorla ayrılmış oldu. Eyni dilin, eyni dinin, eyni tarixin və eyni duyğuların  paylaşıldığı  bu geniş coğrafiya yaxın bir əsr boyunca qardaşların bir-birinə olan həsrət acısına səhnə oldu. İllər sonra  Anadolu türklərinin Türk dünyasıyla və Azərbaycanla arasındakı əngəllərin aradan qalxması ilə ayrılıq həsrəti də sona yetdi.  Bu iki xalq ən çətin vaxtlarda  bir-birinə qardaş köməyini əsirgəməmiş, istər 1918-ci ildə   qurulmuş Azərbaycan  Demokratik Respublikası, istərsə də 1991-ci ildə müstəqil olmuş Azərbaycan Respublikasını tanıyan ilk dövlət dost və qardaş Türkiyə olmuşdur. Azərbaycan  türklərinin  Birinci Dünya müharibəsi illərində rus işğalına məruz qalan  Türkiyə torpaqlarında “Bakı Müsəlman Cəmiyyəti Xeyriyyəsi” və “Qardaş  köməyi” dərgisi  vasitəsilə Anadolu türklərinə kömək göstərmələri dərin tarixi dostluq və qardaşlığın daha bir göstəricisi idi. Jurnalda iki qardaş arasındakı dostluq belə qiymətləndirilirdi: 

    Türkiyə və Azərbaycan ...
    Dost və qardaş...
    Ətlə, dırnaq ayrılmaz iki parça...

    Birinin sevinci, digərinin sevinci; birinin kədəri digərinin kədəri...

    İki ölkə arasında olan həmrəylik ruhu yaxşı gündə olduğu kimi,  pis gündə də, sülh vaxtı olduğu kimi, müharibədə də özünü göstərirdi. Bu qardaşlığı mərhum Bəxtiyar Vahabzadə bu sözlərlə ifadə edirdi:    

        Dinimiz bir, dilimiz bir,
        Ayımız bir, ilimiz bir,
        Sevgimiz bir, yolumuz bir,
        Azərbaycan-Türkiyə:
            Birdir bizim hər halımız
            Sevincimiz-məlalımız.
            Bayraqlarda hilalımız
            Azərbaycan-Türkiyə.

    XX əsrin əvvəllərində yaradılan və gələn gəliri Anadoluda savaşan  türk əsgərləri üçün istifadə olunan “Qardaş köməyi” jurnalı Birinci Dünya müharibəsində Azərbaycan xalqının Anadolu türklərinə etdiyi yardımları, müxtəlif təşkilatların, xeyriyyə cəmiyyətlərinin bu yoldakı fəaliyyətlərini özündə əks etdirir, 1905-ci ildən sonra Azərbaycan türklərinin milli oyanış hərəkatını əks etdirir, Balkan və Çanaqqala savaşlarında Azərbaycan xalqının könüllü dəstələr yaradaraq türk əsgərləri ilə çiyin-çiyinə döyüşlərdə iştirakı xatırlanır. Savaşdan əziyyət çəkən, öz yurd-yuvasından olan köçkünlərə, ata-anasız qalmış körpələrə, Nargin adasındakı əsirlərə edilən qardaş köməyi, Qars, Ərzurum, Van, Həsənqala,  Bəyazid, Muş bölgələrində ermənilərin Anadolu türklərinə qarşı törətdikləri qanlı olayların qarşısını almaq üçün Azərbaycan türklərinin gizlin təşkilat yaradaraq mübarizə aparmaları öz əksini tapır.  
    Azərbaycanda fəaliyyət göstərən xeyriyyə cəmiyyətləri Türkiyənin şərq vilayətlərinin müharibədən əziyyət çəkən əhalisinə sistemli şəkildə maddi və mənəvi yardım göstərirdilər. Çar hökuməti bu yardıma hər vasitə ilə mane olmağa çalışırdı. Lakin Azərbaycanın millətpərvər qüvvələri bu çətinliklərə baxmayaraq, qardaşlıq köməyini əsirgəmədilər. Bu məsələdə “Cəmiyyəti-Xeyriyyə”nin fəaliyyəti xüsusilə diqqətəlayiq idi. Təşkilatın Bakıda yaratdığı xüsusi komissiya Qars, Ərdəhan, Ərzurum və başqa əyalətlərə gedib müharibədən zərərçəkən yerli əhalinin ağır vəziyyəti ilə tanış olmuş və bu barədə mətbuatda ətraflı məlumat dərc etdirmişdi. “Qardaş günü” adlı məqalədə Qars və Ərdahan vilayətlərində cərəyan edən hadisələrdən, öz yurd-yuvasından didərgin düşənlərin ağır vəziyyətindən danışılır, onların yeganə ümidləri öz dini, qanı bir qardaşlarınadır,  – deyə bəhs edilir. 
    Jurnalın  üz qapağında təsvir olunan yaralı ceyran və kiçik balalarının da xüsusi bir mənası var idi. Yaralı ceyran Osmanlını təmsil edirdi. Əgər o, həlak olarsa yerdə qalan digər bala ceyranlar da həlaka, məhv olmağa məruz qalacaqdılar. O gün üçün Osmanlı  həm İslam, həm də Türk dünyasının lider dövləti idi.  Osmanlı əldən gedərdisə, yerdə qalan digər İslam  və türk dövlətləri də məhv olardılar. 
    Jurnalın yazarlarından Əli Mişan “XX əsrin qanlı bir yadigarı” şeirində dövrün ictimai-siyasi mənzərəsinə nəzər salır, müsəlmanların başına gətirilən fəlakətləri ürəkağrısı ilə qələmə alırdı: 

    Nə  matəmdir yenə  bilməm
                         könül eylər fəqan ağlar!
    Bütün səyyarələr, göylər
                 inildər hər məkan ağlar.
    Ağaclar, nəhrlər, quşlar, 
                         zəmin və asiman ağlar.
    Belə suzişli halətdən bu gün
                         cümlə-cəhan ağlar! 

    “Gəl deyir: – gəl qardaşım,  indi nə taparsaq bölüşək, birlik olaq. Bizi yalnız bu xilas edəcək”. O çətin vaxtlarda da Azərbaycan-Türkiyə  həmrəyliyi, qardaşlığı, yardımlaşmaların ən gözəl örnəkləri idi. 
    Xeyriyyəçilik yalnız maddi bir hadisə deyil, mənəvi, ruhi bir hadisədir, yəni bu bir mədəniyyətdir. Çətin gündə dost köməyinin nəcib timsalı olan “Qardaş köməyi” jurnalının nəşri Türkiyə ilə dərin tarixi, mədəni, din və dil əlaqələri olan Azərbaycanla yaxın dövrdə də bu bağların güclənməsində tarixən var olan qardaşlıq və dostluq hisslərinin daha da möhkəmlənməsinə ciddi dəstək olmuşdur.  Qəzetin yazarları tək müharibənin gedişini işıqlandırmır, müharibənin insanları faciələrə gətirib çıxarmasını, onları yurdsuz-yuvasız qoymasını da qələmə alır, müharibədən zərər çəkənlərə yardım əli uzatmağı həmvətənlərinə məsləhət görürdü. Hətta qəzet Anadoluda müharibədən zərərgörmüş, yurdsuz-yuvasız qalmış türk qardaşlarının ehtiyaclarını ödəmək üçün ianə kampaniyaları da keçirirdi. 1918-ci il yanvar ayının 18-də çap etdirdiyi bir məqalədə yanvarın 19-nun “Əsirlər günü” elan olunması barədə məlumat verərək yazırdı ki, Bakıda əsir və möhtaclar üçün libas, yorğan-döşək toplanılacaqdır.  “Qardaş köməyi” dərgisinin daha çox satılıb, xeyli miqdarda pul toplanması üçün qəzetdə mütəmadi olaraq elanlar dərc olunurdu. Jurnalın 1918-ci il 2 yanvar sayında “Qardaş köməyi”nin Bakıda 1 manat 30 qəpiyə, ayrı-ayrı şəhərlərdə isə 1 manat 70 qəpiyə satıldığı haqqında verilən elandan bəlli olur ki, bu işi həyata keçirənlərin əsas məqsədi Anadolu köçkünlərinə, Sarıqamışda, Ərzurumda əsir götürülən türk əsirlərinə daha çox maddi kömək göstərməyə nail olmaq idi”.  
    Jurnalda dərc edilən  Hüseyn  Mircamalovun  “Ümid” adlı  yazısında  sabaha  ümidli  baxışlar öz əksini  tapır: “Hər  tərəfdən  gələn  nalələr,  şikayətləri  dinləyəlim; gözü qanyaşlıların  halını  düşünəlim. Haydı,  qardaşlar,  dindaşlar. İnsan  övladının əlindən  tutalım...  Ancaq  bu  vasitə ilə kəmali-bəşərə  ərmək  mümkün  olduğunu  bilərək  ümidlərlə  yaşayalım!”
    Qardaş köməyi birlik və həmrəylik bu gün də yaxşı, pis gündə bu iki dövlətin əsas şüarıdır. Türkiyədə baş verən təbii fəlakət zamanı ilk olaraq Azərbaycan Türkiyəyə yardım əlini uzatdı. Ölkə başçısının tapşırığı ilə bütün qurumlar, ictimai təşkilatlar Türkiyəyə yardım üçün səfərbər edildi, həkimlər, xilasedicilər, könüllülər hadisə yerinə göndərildi. Vətəndaşlarımız könüllü olaraq qardaşlarına dəstək olmaq üçün yardım aksiyasına qoşuldular. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən fond tərəfindən qardaş ölkəyə faciədən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və sair daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərilib. Avropanın aparıcı enerji şirkətlərindən olan SOCAR  bütün imkanlarla zərərçəkmişlərə yardım edir. 
    Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında  da qardaş ölkə üçün humanitar yardım aksiyası keçirilir, sakinlər, sahibkarlar tərəfindən göstərilən yardımlar artıq Türkiyəyə yetişib. Əlahiddə Ümumqoşun Ordu tərəfindən çadır dəsti, qızdırıcı, istilik ləvazimatları verilib, ordunun heyəti, könüllülər yardım aksiyasında fəal iştirak edir. Naxçıvan şəhərində və digər rayonlarımızda yerləşən səhiyyə müəssisələri  türk qardaşlarımızı qəbul etməyə hazırdır. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti zəlzələdən zərərçəkənlərə yardım etmək məqsədilə “Naxçıvanbank”dan edilən bütün pul köçürmələrini komissiyasız həyata keçirir. 

    Bu gün də bu birlik, həmrəylik, mübarizlik, əzmkarlıq gələcəyə böyük ümid, inam hissləri aşılayır. Fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olan, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verən Prezident cənab İlham Əliyevin dediyi kimi: “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir”.

Güntac ŞAHMƏMMƏDLİ ​​​​​​​

Nəşr edilib : 10.02.2023 19:50