AZ EN RU

Qardaşlıq münasibətlərinin, müttəfiqlik əlaqələrinin inkişafı tarixində önəmli hadisə...

    Ümummilli Liderimiz Heydər Əliyevin dünyaya göz açdığı, dirçəlməsi, inkişafı naminə böyük xidmətlər göstərdiyi, Türkiyənin dahi öndəri Mustafa Kamal Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvan uzaq və yaxın tariximizdə türk siyasi-iqtisadi, mədəni aləminin qovşağı olaraq svilizasiyalararası dialoqa mühüm töhfələr verib, Türk dünyası liderlərinin irəli sürdüyü əsas ideyalar bu torpaqda kəsişib, bütünləşib, vahidləşibdir. Sonuncu dəfə 2008-ci il iyunun 4-də iki qardaş ölkənin – Türkiyə və Azərbaycanın prezidentləri qədim Naxçıvan diyarında görüşüb, ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb, regionun elitasına bir sıra mühüm mesajlar vermişdilər. Düz 15 ildən sonra sentyabrın 25-də Şərqin qapısında keçirilən növbəti görüş siyasi, iqtisadi ağırlığı ilə tam fərqli formada gələcəyə dair daha perspektivli, daha qətiyyətli addımların atılması ilə müşayiət olundu...

Mühüm tarixi qərarlar – eyni məkan, fərqli zaman...

Səfər proqramının detallarına toxunmadan öncə onu vurğulamalıyıq ki, liderlərin budəfəki görüşünü əvvəlkindən fərqləndirən cəhət Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsi, eyni zamanda xunta rejimini məhvə sürükləyən antiterror tədbirləri ilə regionda yaratdığı yeni reallıqlardan doğan siyasi müttəfiqliyin yeni üfüqlərinin əsas mərkəz kimi məhz Naxçıvan üzərindən açılması idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanmasından yola salınmasınadək verilən hər bir bəyanatda, edilən jestlərdə hər zamankı kimi səmimi atmosfer, dostluq, qardaşlıq bağlarının möhkəmliyi özünü açıq şəkildə göstərdi. Səfər çərçivəsində hər iki lider arasında təkbətək görüş, təməlqoyma və açılış mərasimləri keçirildi, anlaşma memorandumu, saziş, niyyət protokolu imzalandı, mətbuata geniş bəyanatlar verildi. Düz 33 il bundan öncə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən xalqın gələcəyi, müstəqilliyi yolunda mühüm addımların atıldığı, tarixi qərarların verildiyi, ələlxüsus da 70 ildən sonra üçrəngli Dövlət Bayrağımızın qaldırıldığı məkanda Azərbaycan və Türkiyə prezidentləri hər iki ölkənin siyasi müttəfiqliyinin daha da möhkəmləndirilməsinə böyük töhfələr bəxş edəcək İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimini keçirdilər, strateji məqsədlər hədəfləyən işbirliyi sənədləri imzalandı. 
    Mətbuata verilən bəyanatlarda qardaş ölkə­lərin liderləri bölgədə sülhə, əmin-amanlığa töhfələr verən əməkdaşlıq əlaqələrinin, qardaşlıq münasibətlərinin Naxçıvan üzərindən inkişafından, Azərbaycanın suverenliyinin bərpasının regionda yaratdığı yeni siyasi-iqtisadi reallıqlardan, münasibətlərimizi üst müstəviyə – siyasi müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsindən, ticarət tərəfdaşlığının konturlarından söhbət açdılar. Dövlətimizin başçısı 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan ayrılması, eləcə də 90-cı illərdə erməni təcavüzü nəticəsində blokadaya düşən Naxçıvanın uzun illər qaz, enerji cəhətdən çətinliklərlə üzləşdiyini diqqətə çatdıraraq təməli qoyulan yeni kəmərin diyarımızın artan tələblərini ödəyəcəyini və iqtisadi tərəqqisinə yol açacağını bildirdi. “İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək”. Cənab Prezidentin də qeyd etdiyi kimi, Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən asılı olduğu üçün Ermənistanın bütün elektrik və qaz xətlərini kəsməsi muxtar respublika əhalisinin 15 il qazsız yaşamasına səbəb oldu. 2004-cü ildə İranla bağlanılmış svop müqaviləsi əsasında barter edilməklə Naxçıvana qaz verilişi təmin edildi. Təbii ki, diyarımızın yüksələn sosial-iqtisadi inkişafı, xüsusilə də xeyli sayda yeni sahibkarlıq obyektlərinin, xidmət sektorlarının yaradılması mavi yanacağa tələbatı xeyli artırdı və beləliklə də, Naxçıvana Türkiyədən “mavi yanacağ”ın verilməsi üçün qaz kəmərinin çəkilməsi II Qarabağ müharibəsindən dərhal sonra həllivacib prioritet məsələyə çevrildi. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalandı. 2023-cü ilin fevral ayında Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident cənab İlham Əliyevin görüşü zamanı İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi də gündəmin əsas müzakirə məsələsinə çevrildi. İyun ayında qaz xəttinin çəkilişi ilə əlaqədar məsələlərin hüquqi çərçivəsi müəyyənləşdi, sentyabrın 25-də isə təməlqoyma mərasimi keçirildi. İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edən boru kəməri gündəlik 2 milyon, illik 730 milyon kubmetr qaz ötürmək imkanına malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.

Avropanı işıqlandıracaq Naxçıvan günəşi...

Ölkə başçısı bəyanatında növbəti dəfə muxtar respublikanın alternativ enerji potensialına da toxundu və gələcəkdə diyarın “yaşıl enerji” məkanına çevrilməsinin əsas hədəf olduğunu açıqladı: “Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan “yaşıl enerji” zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində “yaşıl enerji” ixracı da mümkün olacaqdır”. Bu xüsusda onu vurğulamaq yerinə düşər ki,“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da öz əksini tapan Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində artıq mühüm addımlar atılmaqdadır. Belə ki ölkə rəhbərinin tapşırığına əsasən cari ilin ötən dövründə Naxçıvan Muxtar Respublikasında “yaşıl enerji” konsepsiyasının tətbiqi, muxtar respublikanın elektroenergetika və qaz təchizatı sistemlərinin ölkə sistemlərinə inteqrasiyası və aidiyyəti digər məsələlərlə bağlı müvafiq araşdırmaların aparılması və təkliflərin hazırlanması məqsədilə işçi qrupu yaradılıb, qısa və uzun dönəmli planlar hazır­lanaraq müəyyən istiqamətlər üzrə işlərə başlanılıb. İlkin mərhələdə Naxçıvanda görüşlər keçirilib, müzakirələr aparılıb, aidiyyəti üzrə tapşırıqlar verilib. Daha sonra isə investorlar, bərpa olunan enerji sahəsində fəaliyyət göstərən tanınmış, dünya səviyyəli xarici şirkətlərin yerli nümayəndəliklərinin rəhbərləri muxtar respublikaya gələrək kameral araşdırmalar aparıblar. Təxminən, 8 min hektardan çox ərazinin bərpa olunan enerji mənbələri stansiyalarının tikilməsi üçün bugünkü gündə tam şəkildə yararlı vəziyyətdə olduğu müəyyənləşib. İyunun 3-də isə Bakı Enerji Həftəsinin sonuncu günü Naxçıvanda “Naxçıvan və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı” mövzusunda xüsusi sessiyanın keçirilməsi, sessiya çərçivəsində imzalanan memorandumlarla muxtar respublikanı “yaşıl enerji” zonasına çevirmək yolunda daha bir mühüm addım atılıb. Bu baxımdan sentyabrın 29-da Naxçıvan şəhərində energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə keçirilən Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı da həlledici əhəmiyyətə malik oldu. Konfrans və forum müddətində, panel iclaslarda səsləndirilən fikirlər, külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin yaradılması və onun ən azı 1000 MVt-nın ixrac edilməsi planları çərçivəsində beynəlxalq enerji şirkətləri ilə imzalanan əməkdaşlıq sənədləri Naxçıvanın “yaşıl enerji”nin istehsalı – ixracının mənbəyi və marşrutuna çeviriləcəyinə böyük mənada əminlik yaratdı...

Beynəlxalq hüquqa əsaslanan, sülhə, əmin-amanlığa xidmət nümunəsi...

Prezident cənab İlham Əliyev Naxçıvan görüşünün səbəb və nəticələrinə dair mətbuata verdiyi bəyanatda Qarabağda qondarma rejimə son qoyan antiterror tədbirlərindən də danışdı, Türkiyənin beynəlxalq hüquqa, qardaşlıq əlaqələrinə əsaslanan mövqeyini, Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlarını bir daha yüksək qiymətləndirdi. Bəli, Türkiyə liderinin 44 günlük Vətən müharibəsinin başlandığı anda “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır”, eləcə də antiterror tədbirləri zamanı “Qarabağ Azərbaycan torpağıdır” bəyanatları dünya siyasi elitasına ünvanlanan ciddi mesajlar kimi təxribatçı qüvvələri yerinə oturtmaqla, ölkəmizin haqq-ədalət savaşını zəfərlə başa vurmasında böyük dəstək rolunu oynadı. Dövlətimizin başçısı nitqində hər iki ölkə arasında siyasi müttəfiqliyin formalaşmasına təkan verən Şuşa Bəyannaməsinə də toxundu və bu sahədə əlaqələrin çox fəal dövrünün yaşandığını vurğuladı. Təqvimi bir qədər geriyə, iki il bundan öncəyə çəkərək üzübəri gələndə görürük ki, 2021-ci il iyunun 15-də Şuşada imzalanan, qardaş ölkə­lər arasında tarixi münasibətləri yeni mərhələyə yüksəldən həmin bəyannamə müharibədən sonrakı dövrdə sülhə, tərəfdaşlığa xidmət edən mühüm akt kimi qısa zamanda öz nəticələrini göstərdi. Belə ki, ölkələrimiz arasındakı siyasi dialoqlar, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edən müttəfiqlik əlaqələri rəsmi formada daha da genişləndirildi. Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğuru hesab olunan bu tarixi sənədin müddəaları Qarabağ ərazisində yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaratdı ki, bu həm də antiterror tədbirlərinin nəticəsinə aparan yolda zamanında atılan mütərəqqi addım kimi qiymətlidir. Ölkə başçısı mətbuata bəyanatında, həmçinin Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanmasını da tarixi hadisə kimi dəyərləndirdi, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək bu layihənin uğurlu olacağına əminlik ifadə etdi, ticarət dövriyyəsinin artırılması istiqamətində önəmli addımların atıldığını və yaxın gələcəkdə qarşıya qoyulan hədəflərə çatacaqlarını vurğuladı. 
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bəyanatında Türkiyə-Azərbaycan əlaqələrinin dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədə olduğunu, “Bir millət, iki dövlət” şüarı çərçivəsində əməkdaşlığımızı, tərəfdaşlığımızı bütün sahələrdə gücləndirməyin əhəmiyyətini vurğuladı, 2023-cü il fevralın 6-da Türkiyənin 10 vilayətində baş verən güclü zəlzələlər zamanı Azərbaycanın qardaş dəstəyini, antiterror tədbirlərinin mülki əhalinin təhlükəsizliyi baxımından peşəkarlıqla aparılmasını yüksək qiymətləndirdi. “Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra keçən üç ilə yaxın müddətdə dəfələrlə ifadə etdiyi legitim və haqlı narahatlıqları ilə bağlı lazımi cavabı, təəssüf ki, tapa bilmədi, nəticədə, özünün suveren ərazilərində antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı. Bu tədbirlərin son dərəcə qısa müddətdə, mülki şəxslərin hüquqlarına yüksək həssaslıq göstərilərək uğurla başa çatdırılması bizim üçün qürur mənbəyi olmuşdur”.
    Sentyabrın 25-də keçirilən Türkiyə və Azərbaycan prezidentlərinin görüşü həm də müasir, güclü hərbi-sənaye imkanlarına malik Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı ilə regiona bir sıra mühüm mesajlar verdi. Dünyada nümunə olan iki ölkə liderinin birgə hərbi obyekt açılışı etməsi regionda sülhə, əmin-amanlığa xidmət göstərməklə həm də bölgədə hərc-mərclik, xaos, iğtişaş yaratmaq cəhdlərinə qarşı tutarlı cavabdır. Bu mənada, onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanla-Türkiyə arasında hərbi sahədə əməkdaşlıq əlaqələri son illərdə xeyli gücləndirilib, buna həm birgə təlimlərin keçirilməsini, həm ölkəmizin ordu arsenalına Türkiyə istehsalı olan silah və texnikaların, o cümlədən də Bayraktar TB2 pilotsuz uçuş aparatının daxil edilməsini, komando birliklərinin yaradılmasını, xüsusi kursların təşkilini aid etmək olar...

    Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşünü bütün parametrlər üzrə xarakterizə etdikdə ümumi, yekun fikir olaraq əminliklə demək olar ki, bu görüş Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı əsasında qardaşlıq münasibətlərinin, müttəfiqlik əlaqələrinin inkişafında önəmli hadisə kimi barış, sülh ideyaları üzərində təşəkkül tapan Türk dünyasının tarixinə öz möhürünü vuracaq. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “...bu gün Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi amilə çevrilibdir və bu, müsbət amildir. Bizim birliyimiz hər hansı bir ölkənin maraqlarına qarşı deyil. Biz, sadəcə olaraq, öz maraqlarımızı müdafiə edirik, öz yolumuzu davam etdiririk. Heç kim bizim işimizə qarışmasın, heç kim bizim daxili məsələlərimizə burnunu soxmasın. Biz bunu istəyirik”.

 Nail ƏSGƏROV

Nəşr edilib : 04.10.2023 17:39