AZ EN RU

Qardaşlarımıza könüldən dəstək

    Xalqımızın tarixi qaynaqlarından süzülüb gələn bir ənənənin tərkib hissəsi, milli-mənəvi dəyərimizdir könüllülük. Könüllülük izləri xalqımızın qədim adət və ənənələrində, məişətində, mədəniyyətində, əmək, zəhmət nəğmələrindədir. Bu izlər atalarımızın söylədiyi “Güc birlikdədir”, “Birlik harada, dirilik orada”, “El bir olsa, dağ oynadar yerindən” kimi atalar sözlərində, dostluq, həmrəylik ifadə edən bayatılarımızdadır. Könüllülüyü dəyərli edən özündə xeyirxahlıq, nəciblik, mərhəmət, yaxşı əməl və mənəvi saflıq kimi xüsusiyyətləri cəmləyən müdrik xalqımızdır. O xalq ki, əsrlərboyu müxtəlif sarsıntılara, repressiyalara məruz qalmasına baxmayaraq, milli kimliyini, şərəf və heysiyyətini, dilini, mədəniyyətini, milli ənənələrini qoruyub saxlayıb. Azərbaycançılıq, multikulturalizm və tolerantlıq ideyalarının yaşadıldığı müasir, eyni zamanda milli-mənəvi dəyərlərə, milli köklərə bağlı sağlam cəmiyyətdə böyüyən indiki nəsil də bütün işlərdə, ən çətin məqamlarda birlik, bərabərlik nümayiş etdirməklə könüllülüyü bir dəyər kimi yaşadır.

    Azərbaycanda dövlət gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə gənclər arasındakı bu birlik, bərabərlik bağları daha da gücləndi. “Gənclər bizim gələcəyimizdir”, – deyən böyük dövlət xadiminin Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasındakı rolu danılmazdır. Ulu Öndərin təşəbbüsü və iştirakı ilə 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu cəmiyyətin inkişafında Azərbaycan gənclərinin rolunun artmasına və məsuliyyətinin yüksəlməsinə, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaqla, eyni zamanda Azərbaycanda könüllülük fəaliyyətinə də böyük təkan verdi. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və BMT Könüllüləri Proqramına uyğun olaraq 1998-2000-ci illərdən başlayaraq ölkədə könüllülük prinsipləri geniş təbliğ edildi. 1985-ci ilin 5 dekabrında BMT tərəfindən elan olunan Beynəlxalq Könüllülər Günü hər il ölkəmizdə geniş şəkildə qeyd edilir. 
    Müasir dövrdə könüllülüyün bir hərəkat kimi geniş vüsət alması, yüksəlişi ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. 2009-cu ildə ilk dəfə olaraq məhz Azərbaycanda qəbul edilən “Könüllü fəaliyyət haqqında” Qanun ictimai və humanitar fəaliyyət üçün əsas olmaqla könüllülüyün ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etməsində, gənclərimizin həyat tərzinə çevrilməsində mühüm rol oynadı. Bu gün sistemli və inkişaf edən könüllülük hərəkatı özündə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Böyük Qayıdış Könüllüləri”, “Ekokönüllülər” və digər könüllü qruplarını birləşdirir ki, bu qruplarda fəaliyyət göstərən gənclər milli-mənəvi dəyərlərimiz əsasında inkişaf edir, bilik-bacarıqlarını artırır, məsuliyyətli vətəndaş kimi yetişir, dövlətin inkişafına öz töhfələrini verirlər. Bu gün sağlamlıq imkanı məhdud olan vətəndaşlarımız üçün də könüllülük imkanları yaradılıb. Ölkəmizdə keçirilən Avroviziya mahnı müsabiqəsi, I Avropa oyunları, “Formula 1” yarışları, IV İslam həmrəyliyi oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərdə könüllü gənclər əvəzsiz rol oynayıblar. 
    Ölkə başçısının müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi tarixi könüllülük ənənələrimizə verilən ən yüksək qiymətin təzahürü kimi gənclərdə sosial məsuliyyət hissini daha da artırdı. Dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə “Biz birlikdə güclüyük!” şüarı ilə gənc könüllülər ehtiyacı olan şəxslərə verilən ərzaq bağlamalarının ünvanlara çatdırılmasında, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsində, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılmasında fəal iştirak etdilər. Həmin il sentyabrın 27-dən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən müharibəsində “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımız, ərazi bütövlüyümüz uğrunda cəbhəyə könüllü yollanan, qəhrəmancasına mübarizə aparıb şəhid olan igid oğullarımız könüllülüyün qürurverici nümunəsi oldular. İki aydan çoxdur ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında da ekofəallar və könüllü gənclərimiz ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. 
    Bu gün qədim diyarımız Naxçıvanda da könüllülük hərəkatı inkişaf edir. Ötən əsrin sonlarında mənfur ermənilərin hücumlarının qarşısında dağ kimi dayanan, könüllü batalyonların tərkibində sərhəd kəndlərimizi müdafiə edərək torpaqlarımızı erməni işğalından qoruyan, ötən əsrin 90-cı illərində Ümummilli Liderimiz Heydər Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın müstəqilliyinə öz layiqli töhfələrini verən könüllü naxçıvanlılar olub. 
    2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı” seçilən Naxçıvanda könüllülük hərəkatının öncülləri gənclərdir. Naxçıvan Muxtar Respublikası Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, sosial, ekologiya, idman, turizm könüllüləri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin könüllüləri fəaliyyət göstərir. Müxtəlif platformalarda könüllü olan gənclər yeni çağırışlara fəal münasibət, milli və bəşəri dəyərlərə hörmət kimi keyfiyyətlər qazanır, öyrənmək, əlaqələri zənginləşdirmək, uğurlu karyera qurmaq imkanı əldə edir, yaradıcı, təşəbbüskar iş və həyat təcrübəsinə, dünyagörüşə, sosial məsuliyyətə, sağlam düşüncəyə sahib olur, bir sözlə, özlərini inkişaf etdirirlər. 
    Muxtar respublikamızda könüllülük fəaliyyətinin genişlənməsində Naxçıvan Muxtar Respublikası Gənclər Fondu xüsusi rol oynayır. Fond çox sayda gənc könüllünü özündə birləşdirib. Fond tərəfindən həyat keçirilən könüllülük pro­qramları çərçivəsində könüllülər müxtəlif istiqamətlər üzrə keçirilən layihə və tədbirlərdə fəal iştirak edir, eyni zamanda onların inkişafı, motivasiyası üçün də tədbirlər keçirilir. Ötən il Azərbaycan Respublikası Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) birgə təşkilatçılığı ilə muxtar respublikada könüllülük fəaliyyəti həyata keçirən qurumların könüllülər üzrə məsul şəxslərinin iştirakı ilə “Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Pro­qramı”na start verildi ki, bu layihə könüllülərlə iş sahəsində yeni nailiyyətlərin əldə olunmasında, könüllülük fəaliyyətinin daha da genişlənməsində xüsusi rol oynadı. Hər il könüllülük fəaliyyəti ilə seçilən gənclər mükafatlandırılır. Son iki ildə iki könüllümüz ölkə üzrə “İlin könüllüsü” seçilib. 
    Bu gün könüllülərimiz yalnız ölkəmiz üçün deyil, dost, qardaş ölkələr üçün də öz yardımlarını əsirgəmir, onlarla birgə xeyirxahlıq, həmrəylik nümayiş etdirirlər. Bu yaxınlarda qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra ölkə başçısının göstərişi ilə Azərbaycanın könüllü gəncləri də yardım üçün getdilər. Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Böyük Qayıdış Könüllüləri” və “Ekokönüllülər” təşkilatlarının üzvləri arasından seçilən 100 nəfər könüllü gəncimiz hazırda zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərərçəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edirlər. Belə ki, Azərbaycan könüllüləri Kahramanmaraş şəhərinin mərkəzində çadır qərargah məntəqəsinin salınmasını başa çatdırıb və paylama (təminat) mərkəzini qurandan sonra dörd fərqli məntəqədə qida, yardım və dərmanların paylanılması işini təşkil edir, ərazilərin tullantılardan təmizlənməsi və digər fəaliyyətləri həyata keçirirlər. Həmçinin könüllülərimizin bir qrupu yerli əhalinin mobil telefonları üçün enerji təminatına imkan yaradan enerji yükləmə mərkəzində xidmət edirlər. Eləcə də tibb təhsilli könüllülərimiz Türkiyə Gənclik Vəqfi-TÜGVA-nın yaxınlıqdakı zərərçəkmiş kəndlərə göndərilən səyyar qruplarının tərkibində səfər edib, müvafiq yardımların paylanmasında fəal şəkildə iştirak edir, sakinlərə tibbi xidmət göstərirlər. Ötən müddət ərzində könüllü nümayəndə heyətimiz Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) 10 min nəfər zərərçəkmiş şəxsin yerləşdirildiyi çadır düşərgəsində də olub, gigiyenik malların paylanılması və uşaqların əylənməsi və psixoloji yardım almaları üçün köməklik göstəriblər. Həmçinin onlar Türkiyədə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) qərargahına baş çəkib, səlahiyyətli şəxslər ilə müvafiq görüş keçirib və əlaqələndirmə müzakirələri aparıblar. Ötən günlərdə Azərbaycan Gənclər Fondunun rəhbərliyi ilə bir daha görüşən TÜGVA rəhbərliyi könüllülərimizin göstərdikləri fədakarlığa görə təşəkkürlərini bildirib. Görüş zamanı Azərbaycan Könüllüləri ilə Türkiyə Könüllüləri arasında fəaliyyətlərin effektiv əlaqələndirilməsi üzrə geniş müzakirələr aparılıb. Qeyd edək ki, hazırda Naxçıvan Gənclər Fondunun 20 nəfər könüllüsü Azərbaycan Könüllülərinin tərkibində Türkiyədə fəaliyyət göstərir. Azərbaycan könüllülərinin digər qrupunun da yola salınması gözlənilir. 
    Fevralın 15-də Azərbaycan könüllüləri birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Müraciətdə deyilir: “Yaşanan ağır faciəyə möhtərəm cənab Prezidentin və Sizin həssas münasibətiniz, yardımla bağlı verdiyiniz göstərişlər biz gəncləri hədsiz qürurlandırmaqla yanaşı, öz insansevərliyimizi nümayiş etdirməyə şərait yaratdı... Bütün Azərbaycan xalqının səfərbər olduğu humanitar yardım aksiyasına qoşularaq Türkiyə xalqının yanında olmağı öz mənəvi borcumuz hesab edirik. Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına Azərbaycan dövləti və xalqı tərəfindən verilən dəstəyə öz töhfəmizi vermək üçün gecə-gündüz demədən var-gücümüzlə çalışırıq. Biz könüllülər bu xeyirxah əməllərin iştirakçısı olmaqdan qürur və şərəf duyuruq...”
    Yalnız könüllü gənclərimiz deyil, əsrlərboyu xeyirxahlıq, fədakarlıq və təmənnasız kömək ənənələrini yaşadan xalqımız könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün əlindən nə gəlirsə əsirgəmədi. Azərbaycan könüllüləri bütün dünyaya bir daha insansevərlik, həmrəylik və xeyirxahlıq örnəyi olmaqla Prezident cənab İlham Əliyevin “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır” kəlamını əməli işi ilə də layiqincə doğrultdu. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 16.02.2023 19:37