AZ EN RU

Qardaş ölkəyə xidmət naminə... “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti qardaş ölkəyə dəstək aksiyası keçirir

    Artıq bir həftəyə yaxındır ki, ölkəmizin bir çox xəbər saytlarında, televiziya kanallarında, qəzetlərdə Türkiyə Respublikasındakı məlum təbii fəlakətin acı xəbərlərini eşidirik. Qardaş ölkənin zəlzələdən zərərçəkmiş ərazilərindəki mövcud vəziyyətin ağırlığı barədə də kifayət qədər ölkə ictimaiyyətinin, hətta dünya əhalisinin məlumatı var. 
    Muxtar respublikanın qədir-qiymət bilən insanları tərəfindən də bu zaman müddətində türk soydaşlarımıza geniş yardım aksiyaları təşkil olunub, qışlıq geyimlər, ayaqqabılar, müxtəlif növ çadırlar, quru yeməklər, qızdırıcı cihazlar və digər zəruri avadanlıqlar Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğuna ünvanlara çatdırılması üçün təhvil verilib. Sevindirici haldır ki, diyarımızın insanları ilə yanaşı, bir çox aidiyyəti qurum və təşkilatlar da öz yardım əllərini qardaş ölkəyə uzadıblar, bütün imkanlarla zərərçəkmiş türk soydaşlarımıza köməklik göstərirlər.
    Məlumat üçün qeyd edək ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti də qardaş ölkəyə köməklik məqsədilə addımlar atıb. Belə ki, cəmiyyətin rəhbərliyinin qərarına əsasən qardaş Türkiyə Respublikasında zəlzələdən zərərçəkənlərə yardım etmək məqsədilə “Naxçıvanbank”dan edilən bütün pul köçürmələri komissiyasız həyata keçirilir. Bu istiqamətdə maddi vəsait şəklində ianə etmək istəyən hər bir vətəndaş günün istənilən zamanında “Naxçıvanbank”ın filiallarına yaxınlaşa və öz yardımlarını köçürə bilərlər. 
    Məlumatı dəqiqləşdirmək üçün xidmətin əməkdaşları ilə həmsöhbət olduq. Bu barədə bizə ətraflı məlumatı “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı Aslan Səfərov verdi. Müsahibimiz diqqətə çatdırdı ki, Türkiyə Respublikasında baş verən təbii fəlakət bizi dərindən sarsıtdı. Qardaş ölkə çox çətin günlər yaşayır. Tarixin bütün dövrlərində olduğu kimi, bu çətin şəraitdə də Azərbaycan dili bir, dini bir, amalı bir soydaşlarından yardım əlini əsirgəmədi. Üç gündən artıqdır ki, istər ölkəmizin, istərsə də muxtar diyarımızın hər yerindən zəlzələdən zərərçəkmiş insanlara yardımlar göndərilməkdə davam edir. 
   Aslan Səfərov “Naxçıvanbank”ın ASC-nin sözügedən işi barədə məlumat verərək diqqətə çatdırdı ki, təyinatı üzrə həm fiziki, həm də hüquqi şəxslər “Naxçıvanbank”ın filiallarına yaxınlaşaraq Türkiyəyə maddi yardım köçürmələrini rahat, sürətli və komissiyasız şəkildə həyata keçirə bilirlər. Layihəyə qısa bir zaman müddətində başlasaq da, artıq müraciət sayları hər ötən saat artır və inanırıq ki, daha çox maddi vəsait toplanacaqdır. Bank xidməti vasitəsilə yardım göstərmənin bir digər üstünlüyü də ondan ibarətdir ki, bu yolla aksiyaya qoşulanların vəsaitləri, necə deyərlər, təhlükəsiz şəkildə, heç bir dələduzluq halları baş vermədən ünvana çatdırılır. Onu da qeyd edim ki, bu maddi yardım aksiyasının konkret müddəti yoxdur, yəni başladığı tarixdən üç, dörd, hətta beş il ərzində belə davam etdirilə bilər. 
    Müsahibimiz onu da diqqətə çatdırdı ki, “Naxçıvanbank” tərəfindən mövcud hesablara ianə məqsədli köçürmələrdən əlavə dəyər vergisi (ƏDV) tutulmur. Bundan başqa, Türkiyəyə dəstək məqsədli pul köçürmələrində xidmətə görə bank komissiyası məbləği və həmçinin köçürmələr zamanı konvertasiya haqqı da bank tərəfindən ödənilir. İstər hüquqi,  istərsə də fiziki şəxslər “Naxçıvanbank”ın filiallarına yaxınlaşaraq, ianə köçürmələrini əlavə dəyər vergisi (ƏDV) tutulmadan, xidmət haqqı və konvertasiya komissiyaları ödəmədən, çox rahatlıqla həyata keçirə bilərlər.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 09.02.2023 22:59