AZ EN RU

Qardaş ölkənin mühasib xanımları ilə görüş keçirilib

    Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü və İstanbul Sərbəst Mühasiblər Palatasının birgə təşkilatçılığı ilə onlayn görüş keçirilib.
    Tədbirin məqsədi iki qardaş ölkə­nin mühasib qadınlarını bir araya toplamaq, Türkiyə-Azərbaycan dostluğunu bütün sahələrdə olduğu kimi, mühasibatlıq sahəsində də möhkəmləndirmək, işgüzar əlaqələri genişləndirməkdən ibarət olub. 
    Tədbirin moderatorları Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova və İstanbul Sərbəst Mühasiblər Palatasının xəzinədarı Gülgün Öztürk Türkiyə ilə Azərbaycan arasında tarixboyu sarsılmaz dostluq və qardaşlıq əlaqələri yaradıldığını, hər iki xalqın bütün sahələrdə bir-birinə dəstək verdiyini bildiriblər. Sonra bu dostluğu əks etdirən videoçarx nümayiş etdirilib. 
    Mehriban İmanova İstanbul Sərbəst Mühasiblər Palatası ilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası arasında dostluq və əməkdaşlığın bünövrəsinin ötən il Naxçıvanda keçirilən Mühasiblərin və Auditorların VII Avrasiya forumunda qoyulduğunu, bu layihənin ilk olduğunu və daha böyük layihələrə imza atacaqlarını  qeyd edib. Forumdan xatirələri əks etdirən slayd nümayiş olunub. 
    Tədbirdə iştirak edən İstanbul Sərbəst Mühasiblər Palatasının sədri Yücəl Akdəmir Naxçıvanla bağlı öz təəssüratlarını bölüşüb, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova,   Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İdarə Heyətinin sədri Günay Şahbazova, “Gənc Mühasiblər” İctimai birliyinin sədri Solmaz Əliyeva öz təşkilatları haqqında məlumat veriblər. 
    Dünya üzrə 3 milyondan çox peşəkar mühasibi birləşdirən Beynəlxalq Mühasiblər Federasiyasının sədri Alan Johnson Amerika Birləşmiş Ştatlarından tədbirə qoşularaq fikirlərini bölüşüb.

 Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 09.03.2022 19:08