AZ EN RU

“Qaralar” təslim oldu

    Naxçıvan Şahmat Mərkəzində keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında final oyunu və üçüncü yer uğrunda görüş keçirilib. Həlledici qarşılaşmada beynəlxalq usta Məhəmməd Muradlı (2528) ağ fiqurlarla qrossmeyster Misrətdin İsgəndərovu (2566) sınağa çəkib. Bu  görüşdə də qaralar özlərinin ənənəvi Qrünfeld müdafiəsini oynamağa çalışıblar. Lakin ağlar tərəfindən edilən “h4” gedişindən sonra qaraların fərqli reaksiyası nəticəsində  planda üstünlük vəziyyəti yaranıb. Nəticədə, ağlar mittelşpildə üstünlüyünə nail olub və oyunun sonunda qarşılıqlı buraxılmış səhvlərə baxmayaraq, qələbəni təmin ediblər.
    Üçüncü yer uğrunda görüşdə isə qrossmeyster Vasif Durarbəyli (2615) qrossmeyster Aydın Süleymanlı (2530) ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan Vasif debütdən aldığı üstünlüyü qələbəyə qədər aparıb.
    Bu gün rəqiblər arasında daha bir oyun keçiriləcək və çempionatın mükafatçıları məlum olacaq.  
    Qeyd edək ki, iki klassik oyundan sonra qalib müəyyən edilməzsə, rəqiblər nəzarət vaxtı – oyunun sonuna qədər 15 dəqiqə və hər gedişə 10 saniyə əlavə olunmaqla iki oyun və əgər yenə də hesabda bərabərlik olarsa, 5'+3" nəzarət vaxtilə daha iki oyunda qalibi müəyyən etməyə çalışacaqlar. Sonda bərabərlik halında “Armageddon”da ağlara 5 dəqiqə, qaralara isə 4 dəqiqə nəzarət vaxtilə qalibi müəyyən edəcəklər; heç-heçə qaraların qələbəsi kimi qəbul olunur.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 17.02.2022 20:50