AZ EN RU

Qaradəniz Texniki Universitetinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin Trabzon şəhərində “II Beynəlxalq Apiterapiya və Təbiət Konqresi” keçirilib

Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümə həsr olunmuş I Konqres bu il Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə təşkil olunub.

Konqresdən öncə qonaqlar arı məhsullarından ibarət sərgi-satışla tanış olublar.

Konqresin açılışında Trabzon valisi Aziz Yıldırım Türkiyədə arıçılıq texnologiyalarından, arıçılığın Türkiyənin iqtisadiyyatındakı yolundan, son 10 ildə apiterapiya sahəsində qazanılan uğurlardan danışıb. Türkiyənin arı pətəyi sayına görə dünya ölkələri arasında ən yüksək yerdə dayandığını qeyd edən professor ölkəsinin bal istehsalında dünya üzrə II olduğunu qeyd edib.

Konqresin fəxri sədri, Qaradəniz Universitetinin rektoru Hamdullah Çuvalcı artıq II dəfədir, qeyd olunan konqresin əhəmiyyətli məqamlarına toxunub. Rektor elmin tədqiqatla birləşməsinin daha səmərəli olacağına sonsuz inamını ifadə edib.

Elm adamları arasında işbirliyi, ortaq təcrübələr əldə etməklə daha yaxşı nəticələrə sahib olmaq olar – deyə fikirlər səsləndirilib. H.Çuvalçı bu ilki konqresin Naxçıvan Muxtar Respublikanın yaranmasının 100-cü ildönümünə həsr olumasının iki ölkə arasında qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunun göstəricisi olduğunu bildirib.

Konqresin fəxri sədri, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev iki ildir, keçirilən konqreslərin əlamətdar günlərə həsr olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini, universitetlərimizin fəaliyyətində tarixi dəyərlərin, dövlətçiliyin hər zaman əsas götürdüyünü bildirib. Rektor çıxışında muxtariyyətin Naxçıvan üçün tarixi əhəmiyyətli məqamlarına toxunub və Zəngəzur koridoru ilə türk birliyinin möhkəmləndirə biləcəyimizə sonsuz inamını ifadə edib. Elbrus İsayev  birgə təşkil edilən tədbirlərin əhəmiyyətindən danışaraq konqresin işinə uğurlar arzulayıb.

Konqresin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmasına görə təşəkkür edib.

Konqresdə Trabzon Arıçıları Yetişdirmə başqanı Yusif Aksoy, Türkiyə arıyetişdiricilər mərkəzi birliyinin başqanı Ziya Şahin çıxış ediblər.

Konqresin həmsədrləri Trabzon Qaradəniz Texniki Universitetinin professoru Sevgi Kolaylı, Naxçıvan Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov konqresin təşkili və keçirilməsi qaydaları haqqında məlumat veriblər.

Trabzon şəhərində keçirilən və 13 ölkədən iştirakçıların qatıldığı konqresdə NDU-nun 30-dan çox əməkdaşı iştirak etməklə, ümumilikdə, 97 elmi məruzə, təqdimatlar olub.

Nəşr edilib : 13.05.2024 19:04