AZ EN RU

Qaradağlı soyqırımı : tarixi həqiqətlər və faktlar

Xocavənd rayonunun Qaradağlı kəndinin Ermənistan tərəfindən işğal edilməsindən və kənd sakinlərinin soyqırımına məruz qalmasından 31 il ötür. Həmin soyqırımı hadisəsinin baş vermə səbəbləri, faciəni əks etdirən tarixi həqiqətlər və faktlar barədə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyevin fikirlərini öyrənməyə çalışdıq. Tarixçi alim dedi ki, bu cinayət 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırımıdır. Qaradağlı Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında strateji bir mövqedə yerləşirdi. Malıbəyli və Quşçuların işğal edilməsindən sonra növbəti hədəf Qaradağlı kəndi idi. Erməni hərbi qüvvələrinin manevrlərinə mane olan kəndin ələ keçirilməsi ermənilər üçün həyati məsələ idi. Bu baxımdan Qaradağlının ələ keçirilməsi şərt idi. Qaradağlı soyqırımını ikinci Xocalı da adlandırırlar. Belə ki, bu kənd sakinlərindən 104 nəfəri girov götürüldükdən sonra qoca və cavanlar ayrı-ayrı maşınlara doldurularaq yolboyu kəndlərdə düşürülmüş və ən qəddar üsullarla qətlə yetirilmişlər. Hətta kənd sakinlərinə də müraciət olunub ki, kim azərbaycanlı öldürmək istəyirsə, gəlib istədiyi girovu öldürə bilər. Beləliklə, ermənilər girov götürülənlərdən 67 nəfəri öldürdükdən sonra qazdıqları quyuya doldurmuşlar. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə öz başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb...

          Emin müəllim bildirdi ki, əldə olan faktlar onu deməyə imkan verir ki, Azərbaycan tarixinin ən ağrılı və acılı səhifələrindən olan Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya və digər faciələr mübahisəsiz bir soyqırımıdır. Günümüzdə hər hansı bir faciənin soyqırımı olaraq tərif edilməsi üçün saylara diqqət çəkilməkdə və əgər yüz minlərlə insan məhv edilərsə, bunun soyqırımı olaraq xarakterizə oluna biləcəyi düşünülməkdədir. Belə bir vəziyyət bir gecədə yüzlərlə insanın qətl edildiyi faciələrin soyqırımı olaraq tanınmasına yönəlik şübhə oyandırmamalıdır. Çünki 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilən “Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Sözləşməsi”ndəki tərifdə müəyyənedici ünsür say deyil, millət, din, soy ya da irq kimi xüsusiyyətlər üzərində qurulan bir qrupun sistematik və məqsədli olaraq tamamilə ya da qismən məhv edilməsi planıdır. Ermənilərin Qaradağlıda da törətdikləri cinayətlər BMT tərəfindən qəbul edilən bu sözləşmənin ikinci maddəsi ilə uyğunluq təşkil edir. Bu maddənin bəndlərində göstərilir : Əlaqədar qrup üzvlərinin (milli, etnik və dini olaraq) öldürülməsi; Əlaqədar qrup üzvlərinin ruhi və fiziki səhhətlərinə zərər verilməsi; Əlaqədar qrup üzvlərinin fiziki varlıqlarının ortadan qaldırılması. Məhz bu baxımdan ermənilərin Qaradağlıda törətdikləri vəhşiliklər insanların (qrupun) planlı və sistematik olaraq məhv edilməsinə yönəlik məqsəd və cinayətlərin təzahürləridir. Ermənistan 1993-cü ildə BMT-nin “Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Sözləşməsi”ni imzaladığı üçün bu nizamnamə qarşısında məsuliyyət daşıyır. Bu səbəblə Qaradağlı faciəsinin soyqırımı olaraq tanınması üçün BMT-yə, beynəlxalq məhkəməyə hər dəfə müraciət olunmalı və bu müraciətdə tutarlı sübutlar çərçivəsində soyqırımını gerçəkləşdirən bütün siyasi xadimlərin, hərbiçilərin və iştirak edən digər məsul şəxslərin adları açıq şəkildə göstərilməli və cəzalandırılmaları sıx-sıx yenidən tələb edilməlidir.

          Emin Şıxəliyev söhbət zamanı vurğuladı ki, 27 sentyabr 2020-ci ildə başlayan “Dəmir yumruq” əməliyyatı adı altında aparılan şanlı Vətən müharibəsində Azərbaycan ordusu dastan yazdı, Ermənistan ordusu qarşısında açıq üstünlük nümayiş etdirərək onu məhv etdi və işğal altındakı torpaqlarını qurtardı. Amma bir məsələni xüsusilə qeyd etməyi vacib hesab edirik. Düzdür, Azərbaycan Ermənistan qarşısında tarixi qələbə qazanıb, amma təəssüf ki, “erməni məsələsi” bitməyib. Böyük güclərin “böyük siyasət” reallığı və onların ərsəyə gətirdiyi problem var olduğu müddət içərisində “erməni məsələsi” də öz aktuallığını qoruyacaqdır. Azərbaycan qalib dövlət və qalib xalq olsa da, keçmişdə baş verənləri əsla unutmamalı, xalqımıza qarşı törədilən soyqırım cinayətləri yaddaşlarda daim tutulmalıdır. Çünki bunlar bizim qan yaddaşımızdır...

Nail ƏSGƏROV

Nəşr edilib : 17.02.2023 17:26