AZ EN RU

Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətin artırılması qarşıda duran iki əsas vəzifədir

    İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısı dövlətimizin əsas inkişaf prioritetləri üzrə görülmüş işlər, reallaşdırılan layihələr çərçivəsində qazanılan nailiyyətləri təhlil edərək bir sıra vacib nüanslara toxundu, iqtisadi artımın gücləndirilməsini, inflyasiyanın minumuma endirilməsini qarşıya vəzifə qoydu. Dərinməzmunlu, əhatəli nitqdə diqqətçəkən əsas məqamlardan biri, deyərdik ki, birincisi heç, şübhəsiz, Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması ilə bağlı icrası aparılan, planlaşdırılan layihələr və bu baxımdan müəyyənləşdirilən hədəflər idi. “Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə, 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir”. 

    Dövlət siyasətinin əsas prioritetlərindən hesab edilən Qarabağın, Şərqi Zəngəzurun bərpası barədə danışdıqda təbii olaraq Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icra əhəmiyyətini vurğulamalıyıq. Proqrama əsasən Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunan böyük qayıdış prosesləri artıq qısa zamanda reallığa çevrilir. Bu xüsusda ilk olaraq Zəngilanın Ağalı kəndinin ötən dövrdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulmasını və soydaşlarımızın oraya mərhələli şəkildə köçürülməsini qeyd etmək lazımdır. Əgər ötən il Zəngilanın Ağalı kəndi “Böyük Qayıdış”ın ilk müjdəsi idisə, bu il Talış və Laçına qayıdış isə bu proqramın necə ciddi, dəqiqliklə hazırlandığını, surətlə və ardıcıl şəkildə gerçəkləşdiyini göstərdi. Belə ki, cari il Novruz bayramı ərəfəsində Tərtərin Talış kəndinə bir qrup əhali köçürüldü, 28 May – Müstəqillik Günündə isə Prezident cənab İlham Əliyev Laçın şəhərinə qayıdan sakinlərlə görüşdü, evlərin açarlarını onlara təqdim etdi və beləliklə birinci mərhələdə şəhərə 20 ailənin, yəni 97 nəfərin köçü baş tutdu. İyun ayında 50, iyulun 13-dən bu günədək isə 82 ailə Laçına qayıtdı. Bununla da Laçın şəhərində 152 ailənin, yəni 592 nəfərin daimi məskunlaşması təmin edildi. Müşavirədə ölkə başçısının da qeyd etdiyi kimi, ilin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər artıq beş yaşayış məntəqəsində – bir şəhər və dörd kənddə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə, Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. “Mən şəxsən 30 yaşayış məntəqəsinin – 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə, infrastruktur layihələri icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik. Eyni zamanda yaşayış evlərinin inşası sürətlə gedir. Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq”. Böyük Qayıdış proqramı, məskunlaşma prosesi dünya təcrübəsinə uyğun, insanların sosial-rifahı, məşğulluğu, iş imkanları, yaşayış tərzi nəzərə alınaraq aparılır. Ölkə başçısının da görüşlərindən birində bildirdiyi kimi, məskunlaşma prosesində diqqətçəkən məqamlardan başlıcası Laçında bəzi yerlərdə bir neçə kəndin sakinlərini bir yerə cəmləşdirməkdir. Çünki bu həm onların yaşaması, eyni zamanda nəqliyyat-logistika məsələlərinin həlli üçün daha əlverişlidir. Ərazi baxımından bir-birinə yaxın yerləşən kəndlərin sakinlərini bir yerə yığıb onlar üçün gözəl həyat, iş şəraiti yaradılacaq. Bütövlükdə, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura, təqribən, 12 milyard manata qədər vəsaitin xərclənməsinin təmin edilməsi nəzərdə tutulur. İki məktəb istisna olmaqla qalan bütün infrastruktur, inşaat işlərinin Azərbaycanın büdcəsi hesabına, dövlət şirkətləri tərəfindən həyata keçirilməsi ölkəmizin iqtisadi qüdrətinin ən bariz göstəricisidir.
    Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır. Dünyada gedən ictimai-siyasi, iqtisadi proseslərə, ölkələr arası münaqişələrə nəzər yetirdikdə də aydın olur ki, mövcudiyyətdə, müstəqil siyasət yeritməkdə güc amili olduqca ön plandadır, güclü ölkə ilə istər-istəməz hesablaşılır, onun razılığı olmadan regionda heç bir böyük layihə icra edilmir. Məhz 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə Prezidenti cənab İlham Əliyev də Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətin artırılmasını qarşıda duran iki əsas vəzifə kimi heç də əbəs yerə yanaşı, müəyyənləşdirildiyini vurğulamadı. Elə müharibədən sonra həm sərhəddən, həm də sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən olunan silahlı təhdidlər, təxribatlar, qanunsuz daşımalar da hərbi gücün nə qədər mühüm olduğunu, bu iki prosesin paralel getməsinin labüdlüyünü ortaya qoydu. Hərbi-siyasi iradəsini qarşı tərəfə dəfələrlə sərrast şəkildə yeridən Azərbaycan Liderinin tapşırığı və nəzarəti ilə hələ 44 günlük Vətən müharibəsi başa çatar-çatmaz ordumuzun gücləndirilməsi istiqamətində böyük işlər həyata keçirildi, ən müasir silahlar alındı, yeni hərbi birliklər yaradıldı, döyüş hazırlığının yüksəldilməsi üçün müntəzəm təlimlər keçirildi. Nəticədə, daha da qüdrətlənən Müzəffər Ordumuz “Qisas”, “Qətiyyətli cavab”, “Fərrux” və digər hərbi əməliyyatlarla düşmənə sarsıdıcı zərbələr vurub, nəticə etibarilə, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurmaqla dövlətimizin həyata keçirdiyi Böyük Qayıdış siyasətinə sanballı töhfələr verdi. Əgər söhbət Laçında gedən quruculuq, abadlıq proseslərindən gedirsə, xüsusi vurğulamaq yerinə düşər ki, cari il martın 30-da yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar rayonun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürülməsi inşaat işlərinin daha əmin, rahat, təhdidsiz, itkisiz şəkildə icrasına yol açıb.
    Müşavirədə bir neçə dəfə xüsusi vurğulanan, dövlətimizin hədəf olaraq seçdiyi əsas istiqamətlərdən sayılan Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətin artırılması ilə bağlı yekun fikir kimi əminliklə demək olar ki, Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər, maliyyə resursları, ortaya qoyulan siyasi qətiyyət hər iki sahə üzrə planlaşdırılan işlərin böyük uğurla vaxtından əvvəl reallaşdırılmasına imkan verəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “...bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır. Mən demişəm, iki istiqamət üzrə – hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq”.

Nail ƏSGƏROV

Nəşr edilib : 26.07.2023 19:09