AZ EN RU

Qarabağın iqtisadi inkişafına hədəflənmiş milli prioritetlər ölkəmizin sosial-iqtisadi qüdrətini daha da artıracaq

    Son illərdə bölgədə artan iqtisadi güc hesabına Azərbaycan Şərqlə-Qərbin, Cənubi Qafqazın iqtisadiyyatına təkan verməkdə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşıdır. 30 ildən çox zaman kəsiyində işğal altında qalmış ərazilərdə Vətən bayrağı dalğalandıqdan sonra bu ərazilərin ölkənin ümumi iqtisadiyyatına regenerasiyası, beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq ölkənin inkişafına böyük təkan verəcək.

    Zəngin faydalı qazıntı yataqları, münbit torpaqları, əlverişli coğrafi mövqeyi, füsunkar təbiəti olan Qarabağda iqtisadi strukturun yenidən qurulması turizm, sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər xidmət sektorlarının canlanmasına zəmin yaradacaq. İşğaldan əvvəlki dövrdə bu bölgədə heyvandarlıq, taxılçılıq, baramaçılıq, pambıqçılıq və üzümçülük kimi kənd təsərrüfatı sahələri inkişaf etdirilir, respublika üzrə orta hesabla taxıl istehsalının 14,3, pambıq istehsalının 3,3, üzüm istehsalının 31,5, kartof istehsalının 6,3, ət istehsalının 14,5, süd istehsalının 17,1, mal-qaranın 15,1, xırdabuynuzlu heyvanların 19,2, yumurta istehsalının 3,6, barama istehsalının isə 17 faizi məhz bu bölgənin payına düşürdü.
    Artıq sözügedən ərazilərdə yeni təsərrüfatların və ayrı-ayrı istiqamətlər üzrə aqroparkların yaradılmasına şərait yaradılır. Təməli 2021-ci ilin oktyabr ayında Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulan Zəngilan “Dost Aqropark”ında 6 min hektar sahədə yaradılacaq bitki mənşəli istehsalat və texnika sahələri, bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və maldarlıq məhsullarının beynəlxalq bazara çıxarılmasına imkan yaradacaq.
    İşğaldan azad olunmuş ərazilərdə sənaye də iqtisadiyyatın prioritet sahəsi kimi inkişaf etdirilir. Şərqi Zəngəzur iqtisadi rayonunda Araz vadisi iqtisadi zonası, Qarabağ iqtisadi rayonunda isə Ağdam Sənaye Parkının yaradılması kənd təsərrüfatı ilə yanaşı, sənaye sahələrini, xüsusilə emal sənayesini inkişaf etdirəcək. Ağdam rayonundakı karxanalarda tikinti materialları üçün xammal bazasının çoxluğu Qarabağda gedən bərpa işlərində, həmçinin Azərbaycanın digər rayonlarında tikinti materiallarına əlçatanlığı daha da asanlaşdıracaq. 
    Şanlı Ordumuzun Qarabağ zəfərindən sonra ortaya çıxan yeni regional nəqliyyat şəbəkələri Azərbaycanın bu sahədəki imkanlarının artmasına gətirib çıxarmaqla bölgədə öz imicini formalaşdırmağa, regionun iqtisadi cəlbediciliyini artırmağa və bir çox hallarda ayrı-ayrı ölkələrdən asılılığını əhəmiyyətli dərəcədə azaltmağa səbəb olub. 
    Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyədə öz təsdiqini tapmış Türkiyə-Azərbaycan əlaqələri daha qırılmaz tellərlə möhkəmlənmişdir. Zəfərdən sonra bir çox istiqamətlərdə yeni əməkdaşlıq sazişləri bağlanmış, vizalar aradan qaldırılmış, şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı gediş-gəliş təmin edilmişdir. İqdır-Naxçıvan qaz xəttinin çəkilməsi, Qars-İqdır-Naxçıvan dəmir yolu xəttinin tamamlanması, nəqliyyat, inşaat və media sahəsindəki digər işlər geniş vüsət almışdır. 
    Azərbaycanla Naxçıvanı bir-birinə bağlayan Zəngəzur dəhlizinin qurulması, Türkiyənin Azərbaycanla quru yolu ilə əlaqəsini, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamət üzrə maneəsiz daşınmasına, kommunikasiya sistemlərinin bərpasına və həmçinin Şərqlə Qərb arasında Orta Dəhliz adlanan nəqliyyat dəhlizinin gələcək inkişafına böyük imkanlar açır. Qətiyyətlə bildirməliyik ki, Şərq və Qərbi birləşdirən Orta Dəhlizin inkişaf etdirilməsi, fiber-optik kommunikasiyaların qurulması, neft-qaz, nəqliyyat-logistika, dəhliz boyunca multimodal daşınmalar üçün hüquqi və siyasi uzlaşmanın həyata keçirilməsi Prezident cənab İlham Əliyevin iqtisadi və siyasi biliyinin dəqiq hesablaması, yorulmaz və məqsədyönlü fəaliyyətinin bariz nümunəsidir. Prezidentin apardığı bu siyasət Bjezinskinin “Böyük şahmat taxtası” əsərindəki kimi, ölkənin düzgün mövqe tutması, maraqların toqquşması deyil, ahəngdarlığı təmin edən məkana çevrilməsi ölkənin inkişafı üçün əsas prioritetdir.
    Artıq şahidi oluruq ki, dünya postsənaye dövrünü, IV sənaye inqilabı mərhələsini yaşayır. Prezident cənab İlham Əliyev çıxışlarından birində demişdir: “Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumunda iştirakım zamanı onlarla şirkətlə görüşlərim olur, onların böyük əksəriyyəti texnoloji şirkətlərdir. Bu görüşlər əsnasında görürəm ki, dünyada hansı yeniliklər var, hansı müsbət inkişaf var və çalışıram ki, o şirkətləri Azərbaycana cəlb edim. Ona görə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir və tətbiq edilməlidir”. 2021-ci il aprelin 19-da Azərbaycan Prezidenti “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzaladı. Zəngilan rayonunun Ağalı kəndinin ərazisindəki “ağıllı kənd” də məhz yeni texnoloji qaydalarla quruldu. Qısa müddətdə Zəfər yolu, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın avtomobil yolları istifadəyə verilib, uzunluğu 110,4 kilometrə bərabər olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub, 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilib, “yaşıl enerji” strategiyasına uyğun olaraq Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası tikilib, Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılışı olub.
    Qarabağın zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması üçün 9 su anbarı tikilib. Burada kənd təsərrüfatı və sənayenin inkişafı ölkə iqtisadiyyatı üçün mühüm drayverdir. Genişmiqyaslı əkin işləri ilə yanaşı, Kəlbəcər və Laçın rayonlarının təhlükəsiz zonalarına arı ailələrinin və heyvandarlıq təsərrüfatlarının köçürülməsi də öz səmərəsini verməkdədir.

    Prezident cənab İlham Əliyev azadlıq, ədalət və sosial məqsədlərin öhdəsindən gəlməklə, bir tərəfdən azad rəqabət şəraitində iqtisadiyyatı inkişaf etdirir, digər tərəfdən isə ədalətli davranmaqla, sosial rifahı prioritetə çevirir. Azərbaycan Respublikası Prezidentinin əqidə və inam yoldaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da ölkə başçısının siyasi arenasında, həmçinin mədəni irsin təbliğində özünəməxsus yeri və rolu da danılmazdır. Bu gün dünyadakı ziddiyyətlərə baxmayaraq, Azərbaycanın bir sabitlik adası kimi inkişaf etməsi Ulu Öndər Heydər Əliyevin yolunu davam etdirən Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 09.06.2023 18:47