AZ EN RU

“Qarabağ”ın “Hakken”lə oyun ərəfəsində son məşqinin vaxtı açıqlanıb

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “Hakken” (İsveç) oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı dekabrın 13-də, saat 13:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

16:30-da isə “Azərsun Arena”da media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşq keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Per-Matias Hoqmonun saat 18:15-də başlayacaq mətbuat konfransı mərkəzi arenada reallaşacaq. İsveç təmsilçisi bundan yarım saat sonra oyun ərəfəsində axırıncı məşqinə çıxacaq.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

Nəşr edilib : 11.12.2023 18:30