AZ EN RU

Qarabağda torpaq alıb orada yaşamaq istəyən şəhidimiz

Təbriz Çapay oğlu Əsgərov

18.07.1997 – 09.11.2020

    Təbriz dükan-bazardan nə alırdısa mənsiz yeməzdi. Ən adi suyu belə mənimlə bölüşərdi. Deyirdim ki, Təbriz, etmə belə. Deyirdi: “Ana, boğazımdan heç nə keçməz”. Hər dəfə harasa uzağa gedəndə qucaqlayıb öpərdim. 
    Müharibəyə isə bizdən xəbərsiz getdi. Hər zaman evdən çıxanda deyirdim ki, ya Allah, deyib evdən çıx. Deyirdi, ana, sən mənə o qədər dua edirsən ki, sənin duaların məni qoruyur. Qapıdan hər çıxanda deyirdi ki, sən özündən muğayat ol, gəlirəm. Deyirdim ki, a bala, sən muğayat ol, özündən. Axırı bir dəfə təlimdə yıxıldı, çiyni qırıldı, əlini balta bölmüşdü. Deyirdi, yox, ay ana, mən işə gedəndə səndən çox nigaran qalıram. 

    Evdən son gedişində üzümə baxmadı. Anidən geri döndü. Gördü ki, mən ona baxıram, dedi: “Ana, mənə elə baxma. Narahat oluram. Sadəcə, “mənə dua elə”. Həmişə evdən çıxanda “sən özündən muğayat ol, ana” deməmiş çıxmazdı. 
    Hər dəfə təndirdə çörək bişirəndə qan təzyiqim yüksələrdi. Bunun üçün çörək bişirəndə bağlardan turş alça gətirərdi mənə. Deyirdi, ana, axşam təzyiqin yüksələr, narahat olarsan. Həm mənim, həm atasının, həm də bacısının.
    Böyükdən tutmuş uşağa qədər hər kəsin könlünü alardı. Bu xasiyyətinə görə də onu tanıyanların sevimlisinə çevrilmişdi. 
    Təbriz üçün qəhrəmanlar var idi. O qəhrəmanlardan biri Mübariz İbrahimov idi. Ancaq Mübariz İbrahimovun fotoşəkillərini yığırdı. Mübarizlə fəxr edirdi. O, Mübarizin fotolarına baxanda düşmənə olan nifrətini hiss edirdim. Sən demə, Təbriz içində düşmənə qarşı böyük bir nifrət bəsləyib, böyüdüb. O nifrətlə qorxmadan Qarabağa yol aldı.
    Təbrizin ürəyi həmişə Qarabağla döyünürdü. Mütləq söhbətlərində onun dilində Qarabağ olurdu. Qarabağı görməsə də, o qədim yurd yerini çox sevirdi.
    Heç müharibə başlamamışdı. Hər dəfə mənə deyirdi ki, ana Qarabağ alınsa, icazə verərsənmi oradan torpaq alıb yaşayım. İnanırsız ki, həmin vaxtlar heç müharibədən söhbət də getmirdi. Deyirdim, bunu haradan fikirləşirsən? Deyirdi, ana olar da. Bəlkə, Qarabağı aldılar. Təbriz Qarabağda torpaq ala bilmədi. Ancaq Qarabağı alanlardan  biri oldu. Onun ruhu orada yaşayır. Mənim də ruhum onunla birlikdə elə məhz Qarabağda yaşayır.

 

Nəşr edilib : 20.01.2024 15:30