AZ EN RU

Qarabağa qayıtdığımız kimi Qərbi Azərbaycana da qayıdacağıq…

Alı Alıyev, Qərbi Azərbaycanın Dərələyəz mahalının “İstisu” İcmasının sədri:  – Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi möhtəşəm tədbirdir və burada keçirdiyimiz hissləri sözlə ifadə etmək çətindir. Festivalın birinci günü Batabat yaylağında olduq, Qərbi Azərbaycanın 11 mahalına məxsus çadırlar qurulmuşdu. Burada təşkil olunan folklor və etnoqrafik nümunələr, milli mətbəx nümunələrimiz tədbirə məxsusi bir gözəllik və dəyər qatırdı. Xüsusilə burada Qərbi Azərbaycana məxsus toy mərasiminin təşkil olunması, müxtəlif folklor nümunələrinn təqdimatı yaddaşımızda böyük izlər buraxdı. Bu gün Naxçıvan Dövlət Universitetində keçirilən panel iclasında da bu bölgəmizə aid folklor nümunələrindən danışdıq. Hamımız bilirik ki, folklor xalqmızın qan yaddaşıdır. Babalarımızın, nənələrimizin söylədikləri hər şey folklorumuzda öz əksini tapır.   Bütün bunlar onu göstərir ki, Qərbi Azərbaycan hər birimizin qəlbində yaşayır və Qarabağa qayıdışımız kimi, inşallah Qərbi Azərbaycana qaydışımız da baş tutacaq.

Nəşr edilib : 22.06.2024 19:58