AZ EN RU

"Qarabağ" muğam qrupu Naxçıvanda

Xalq artisti, professor Mənsum İbrahimov: – Biz Naxçıvana dəfələrlə gəlmişik. Hər dəfə də müxtəlif tədbirlərə gəlirik. Bugünkü gəlişimiz isə Naxçıvan Muxtar Respublikasının  100 illik yubileyinə həsr olunub. Onu da qeyd edim ki, Azərbaycan Milli Konservatoriyası ilə Naxçıvan Dövlət Universiteti arasında bir anlaşma da var. Yəni bu cür müştərək tədbirləri biz çox təşkil edirik. Təbii ki, bu gün də mənim rəhbərliyimlə “Qarabağ” muğam qrupu burada iştirak edir. Mənimlə birgə sənət dostlarım Azərbaycan Respublikasının Xalq artisti Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov, Kamran Kərimov, Təyyar Bayramov və “Muğam” televiziya müsabiqəsinin qalibləri Rəvanə Əmiraslanova, Gülzar Fərəcova və Günay İmamverdiyeva da səhnədə öz yerini alacaq.  Gözəl bir proqram hazırlamışıq və düşünürəm ki, Naxçıvan tamaşaçıları darıxmayacaqlar. Rəngarəng, maraqlı bir proqram gətirmişik. Xüsusi qeyd edim ki, biz Naxçıvanı çox sevirik. Naxçıvanın hər daşı bir tarixdir. Demək olar ki, bu qədim diyarın bütün tarixi yerlərində olmuşam. Qeyd etdiyim kimi, çox sevirəm Naxçıvanı və buranın tamaşaçılarını. Ona görə ki, milli musiqiyə çox böyük həvəs göstərərək qiymət verirlər. Bu səbəbdən də hər dəfə dəvət olunanda çox sevə-sevə gəlir, hər dəfə də çalışırıq ki, konsertimiz uğurla nəticələnsin.

                     Aidə İbrahimova

Nəşr edilib : 22.05.2024 19:53