AZ EN RU

Qarabağ Bəyannaməsi: Türk birliyinin inkişaf əsrinə mühüm töhfə

Prezident İlham Əliyev: "Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir".

Dövlət başçısı bu il fevralın 14-də andiçmə mərasimindəki nitqində Türk Dövlətləri Təşkilatına böyük önəm verərək demişdir: “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”. 

    Niyə məhz Şuşa?

Türk dövlətləri liderlərinin Şuşa seçimi, ilk növbədə, onun Vətən müharibəsində əldə edilən şanlı Zəfərin rəmzi olması ilə bağlıdır. Şuşanın azad edilməsi tariximizin parlaq səhifəsidir. Qarabağın incisi xalqımızın cəsarətinin, birliyinin, əyilməz ruhunun, dirçələn ümidlərinin, sülhün, qəhrəmanlığın rəmzidir. Azərbaycanın, Türk dünyasının Mədəniyyət paytaxtı olan Şuşa bu gün yenidən dirçəlib, artıq öz doğma sakinlərinə qucaq açıb, hər gün daha da gözəlləşir. Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Azad edilmiş torpaqlarımız bu ilin sonuna qədər daha 20 min insana öz qapılarını açacaq.
Bu gün Şuşa həm də qardaşlıq diyarına, Türk dünyasının birlik qalasına çevrilib. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün burada təşkili həm də bundan irəli gəlir. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının əsası məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə Naxçıvanda qoyulub. Şuşa  həm də Türk dünyasının kollektiv təhlükəsizliyinə zəmanət verən şəhərdir. Xatırladaq ki, 2021-ci ilin 15 iyununda  Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərini ən yüksək səviyyədə rəsmiləşdirən, ölkələrimizin təhlükəsizliyinə və sülhə möhkəm hüquqi əsaslar yaradan Şuşa Bəyannaməsi imzalanıb.Türk Dövlətləri Təşkilatında birləşən ölkələr günü-gündən siyasi, iqtisadi, mədəni, hərbi, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığı genişləndirirlər. Sevindiricidir ki, TDT də Şuşanın, Qarabağın mədəni həyatının dirçəldilməsinə böyük maraq göstərir. Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri, orada qardaşlıq rəmzi olan məktəblərin, yaradıcılıq mərkəzlərinin açılışı bunun bariz nümunəsidir. 

    Qarabağda Zəfər zirvəsi

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dövlətlərinin birliyinin, qardaşlığının, dostluğunun  növbəti təzahürü, qalib dövlət kimi Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin növbəti böyük təntənəsi idi. Prezident cənab İlham Əliyev buradakı çıxışında dedi: “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.
Böyük coğrafiyanı əhatə edən türk dövlətlərini bir-birinə zəngin və qədim tarix, mədəni bağlar, eyni etnik köklər birləşdirir. Türk dünyasının qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi ölkəmiz tərəfindən həmişə dəstəklənib. Zirvə görüşü qarşıdakı hədəflərin reallaşdırılması üçün atılacaq addımlar, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi, Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyətinin artırılması, Azərbaycanın türk dövlətləri üçün önəmli tranzit xidmətlərində rolu, enerji sahəsində strateji tərəfdaşlıq əlaqələrinin müzakirəsi baxımından yaddaqalan oldu. Ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29 konfransında türk dövlət başçıları fəal iştirak edəcəklərini diqqətə çatdırdılar və iqlim məsələləri ilə bağlı Türk dünyası ilə əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildirdilər, Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiklərini bir daha ifadə etdilər. Aydındır ki, Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması  bütün Türk dünyası üçün böyük imkanlar yaradacaq. Şuşa Zirvə görüşündə müzakirələr, qəbul edilən qərarlar, şübhəsiz, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi işinə öz töhfəsini verəcək.

    Türk dünyasının birliyi və həmrəyliyinin növbəti ifadəsi

Şuşa şəhərində Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanan Qarabağ Bəyannaməsi türk dövlətlərinin birliyinin, həmrəyliyinin ifadəsidir. Bu bəyannamə regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının qitə miqyasında töhfələrinin, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarixboyu oynadığı rolunun bariz ifadəsi, dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları üzrə türk dövlətlərinin vahid güc kimi çıxış etməsinin, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli transregional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyini göstərir. Bəyannamədə iqlim dəyişikliyi və onun türk dövlətlərinin dayanıqlı inkişafına təsirlərinə birgə iqlim fəaliyyəti yolu ilə cavab verilməsində daha sıx əməkdaşlığın zəruri olduğu vurğulanır. Həmçinin Günəş, külək və su elektrik enerjisi kimi təmiz enerji mənbələrinin inteqrasiyasına diqqət yetirilməklə dayanıqlı inkişafın təşviq edilməsi və rəqəmsal infrastruktur, ictimai xidmətlər və dayanıqlı təcrübələrin təkmilləşdirilməsi yolu ilə həyat keyfiyyətini yaxşılaşdırmaq, iqtisadi artımı gücləndirmək, iqlim fəaliyyətini dəstəkləmək üçün türk dövlətləri çərçivəsində “ağıllı şəhər və kəndlər” konsepsiyasının iqlimə davamlılığın inkişafı təşviq edilir və bu xüsusda TDT-nin İqlim və Yaşıl Rəqəmsal Platformasının və TDT-nin İqlimə Davamlı Kəndlər Forumunun yaradılması üzrə müzakirələrin aparılması təşəbbüsü irəli sürülür. Eyni zamanda türk əməkdaşlıq təşkilatları arasında davamlı birliyin və vacib əhəmiyyət kəsb edən məsələlərin birgə həllinin vacibliyi vurğulanır. 
Şübhəsiz, Qarabağ Bəyannaməsi gələcəkdə Türk Dövlətləri Təşkilatının dünya miqyasında nüfuzunun gücləndirilməsinə mühüm töhfələr verəcək. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir… Əminəm ki, bu gün imzalayacağımız Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir”.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 13.07.2024 09:10