AZ EN RU

“Qarabağ Azərbaycandır” nidalı Ana dilim, günün mübarək

Bütün ot-alaf, gül-çiçək yığışıb təbiət yaratdığı kimi, bütün heyvanlar da yığışıb heyvanıstan yaratdı. Bunlardan fərqli olaraq insanlar yığışıb hərf-hərf, söz-söz, cümlə-cümlə ünsiyyət vasitəsi olan dil yaratdılar. Ulularımız dilimizi mənəvi vətən saydı, onu torpaqlarımızın hər qarışında sevərək təbliğ etdi, qorudu və saflaşdırdı. Zaman-zaman xalqımızın başına gətirilən bəlalar dilimizdən də yan keçmədi, iztirablı və keşməkeşli yollar keçən xalqımız öz dilini, dilimiz isə onu yaşadan xalqımızı qoruyaraq indiki biçimdə formalaşdırdı. Qobustan qayaüstü rəsmləri, mixi yazıları, Orxan-Yenisey abidələri, ərəb, kiril, latın qrafikalı əlifbalar ulularımızın danışıq və düşüncələrini gələcəyə daşıyaraq öz şanlı tarixini mürəkkəbi heç qurumayacaq möhürlə damğaladı.

Mənim ana dilim o dildir ki analarımız beşik başında ən həzin simfoniya olan “ana laylası”nı bu dildə demiş, Nizami sözü, Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman damarlarımıza hopmuşdur. Ana dili bizim müqəddəs sərvətimiz, ömrümüzə rəng qatan, onu gözəlləşdirib sözlə bəzəyən əxlaq dərsliyimizdir. Bu dil ilə dünyaya elan etmişik müstəqilliyimizin əbədiliyini. Bu dil ilə tanıtmışıq tariximizi, ədəbiyyatımızı. 50 milyonluq soydaşımızın milli kimliyi olan bu dil dünyaya minlərlə dahi şəxsiyyət, alim, siyasətçi, şair bəxş edib.

“Qılınc həmin qılıncdır, qol o qol deyil”, – deyən dövlət xadimi Şah İsmayıl Xətai Azərbaycan dilini dövlət və poeziya dilinə çevirərək ədəbiyyatımızda, klassik poeziyamızın inkişafında, ana dilimizin şeir dilinə çevrilməsində əvəzsiz xidmət göstərmişdir. Hələ repressiya dönəmində yüzlərlə milli düşüncə qaynaqlarımız H.Cavid, Ə.Cavad, A.İldırım, M.Müşfiq rejimin zillətinə düçar oldular. Bu repressiya azərbaycanlı aydınların aradan götürülməsi ilə millətimizə, dilimizə böyük zərbə vurdu. Lakin 60-cı illərdə ana dilində danışmağın qadağan olunduğu bir dönəmdə milli düşüncəli aydınlarımız M.İbrahimov, Ş.Qurbanov, X.R.Ulutürk, B.Vahabzadə Cənubi Azərbaycanda S.Behrəngi, Pərvin Etsami, M.Şəhriyar Azərbaycan dilində ölməz əsərlər yaratdılar. “Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır, bu dil bir-birimizlə əhd-peymanımızdır”, – deyən Bəxtiyar Vahabzadə dilimizin inkişaf etməsi üçün dayanmadan mücadilə etdi. Dilimiz haqqında böyük rus şairi Lermontov Qafqazda olarkən dostu Rayevskiyə yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda da Azərbaycan dilini bilmək o qədər zəruridir. Milli maarifçilik işığını yandıran dahi pedaqoq Firudin bəy Köçərli 1913-cü ildə Ana dilinə həsr etdiyi məqalədə yazırdı: “...Abbasqulu ağa Bakıxanovun “Nəsihətnamə”si, Mirzə Fətəli Axundovun komediyaları, Qasım bəy Zakir məktubatı, Hacı Seyid Əzim Şirvaninin əşar və kəlamları, Həsən bəy Zərdabinin elm və fünuna dair yazdıqları kitablar və siyasi məqalələr – hər cümləsi açıq-aydın şəkildə yazılmışdır...”

          “Millətin mənliyini saxlayan onun dildir. Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur. Bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var”, – deyən Ümummilli Lider Heydər Əliyev dilə layiqincə diqqət yetirmiş, hələ sovet dövründə, imperiya qadağalarına baxmayaraq, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatına layiq görülməsi və nəticədə, Azərbaycan dilçiliyinin sürətli inkişafı naminə əlindən gələni əsirgəməmişdir. Dahi şəxsiyyət gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsini tövsiyə edərək deyirdi: “Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq. Onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq”.

Biz canlı şahidi olduq zəfərlə başa çatmış İkinci Qarabağ savaşında bütün əmrlərin ana dilində verildiyinin, qəhrəmanlarımız kimi ana dilimizin də döyüşdüyünün, milli kimliyimizə qarşı yönələn söz savaşında qəsbkar hücumlara sipər olduğunun. Biz şahidi olduq işğal olunduğu gündən öz doğma adlarında səslənməyin xiffətini çəkən el-obamızın. Biz şahidi olduq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin göstərişi ilə torpaqlarımızın iyrənc adlardan sıyrılaraq öz əzəli adları ilə çağrıldığının. Biz şahidi olduq döyüş meydanında son nəfəsini verən Vətən oğullarının dilindəki son kəlmənin “hər şey vətən üçün” hayqırdığının. Biz şahidi olduq gözü yol çəkən anaların, xınalı gəlinlərin, qardaşsız bacıların “Vətən sağ olsun” təbəssümünün. Ən əsası isə şahid olduq ki, şanlı tariximizə öz damğasını vuran cənab Prezidentin “Qarabağ Azərbaycandır” nidasının Azərbaycan dilinin qorunmasına, gələcək nəsillərə qalib dünya dili kimi ərməğan edilməsinə yönələn bir nida olduğunun.

Bu gün Ana dilimizin qorunub saxlanması sevincini yaşamağı milli düşüncə qaynaqlarımıza borclu olsaq da, unutmamalıyıq ki, Vətən uğrunda torpaq olan bütün şəhidlərimizin “Vətən, sənə canım fəda” sözləri ilə qırılan cümlələrinin bütövləşməsindən yarandı bu dil. Yenidən var olub dünyaya səs saldı. Onların səsləndiyi ana dilində oyandı Xarıbülbül, Xan Şuşinski, Rəşid Behbudov, Xurşidbanu Natəvan. İndi Qarabağda yaşayan, yeriyən, dil açan, ayaq basdığımız əzəli torpaqlara kök salıb həyat olan sizsiniz. Sizsiniz Xudafərinin dilindəki “Xoş gəldin” sədası. Sizsiniz hər gün eyni ruhda doğulub eyni dildə danışanlar. Biz də sizdən əmanət aldığımız yurdun hər daşına, hər qayasına səslənirik: “Qarabağ Azərbaycandır” nidalı ana dilimiz, günün mübarək

Fariz ƏHMƏDOV

 

Nəşr edilib : 21.02.2024 17:19