AZ EN RU

Qarabağ atları Naxçıvanda

Dünyaca məşhur Qarabağ atlarının Naxçıvana gətirildiyini öyrənəndə, sözün düzü, həm sevindim, həm də təəccübləndim. Qarabağ atlarını ilk dəfə görə bilmək istəyi mənim üçün böyük maraq yaratdı. Buna görə də onları görmək üçün saxladıqları ünvana – Babək rayonunun Badaşqan kəndində yerləşən Atçılıq İstirahət Mərkəzinə tələsdim və “Şərq qapısı” qəzeti olaraq budəfəki yazımda Qarabağ atlarından söhbət açmağı qərara aldım. Onları daha yaxından görmək üçün üz tutduqdan adıçəkilən ünvana. Bu atlarla ilk tanışlığımda onlar məni çox heyrətləndirdi. Mən atları ucaboy, enli, ağ rəngdə təsəvvür edirdim. Gördüklərim isə tamamilə fərqli idi. Boynu orta uzunluqda, incə bədən quruluşu, zərif tüklərin hər birinin ucunda sanki qığılcım dənələri parlayır bu atların. Göz qamaşdırıcı parlaq rəngə sahib qabarıq gözləri var: sanki əzəmətini Qarabağ dağlarından, rəngini isə dağlara şəfəq saçan Günəşdən alıb.
Bəs Qarabağ atlarını digər atlardan fərqləndirən cəhət nədir sualımın cavabını həmin atlara qulluq edən Şamxal Hüseynlidən öyrəndim. O bildirdi ki, Qarabağ atları yaraşığı, dözümlülüyü və sürətinə görə seçilir. Bununla yanaşı, Qarabağ atları yemə qarşı tələbkar deyillər. Dırnaqlarının möhkəmliyi, hərəkətlərində ağırlıq mərkəzini çevik saxlamaq qabiliyyətinin olması və bununla ən sürətli qaçış zamanı belə ani olaraq vəziyyətini dəyişərək dayanmaq qabiliyyətləri ilə üstünlük qazanırlar.
Müsahibimiz dedi ki, onlara baxmaq məsuliyyət tələb edir. Biz də onlara xüsusi qayğı ilə yanaşırıq. Buraya üz tutan qonaqların da marağını ilk olaraq Qarabağ atları çəkir, bizdən atlar barədə öyrənməyə çalışırlar.
Şamxal Hüseynli qeyd etdi ki, mən özümdə atlara qulluq etməyi çox sevirəm. Fikrimcə, atların dili olmasa da, hissiyyatları çox güclü olur. İnsanın ona qarşı hansı niyyətlə yaxınlaşmasını hiss edirlər. Belə ki, atçılıq aktiv idman növü kimi əyləncədir. Həmçinin at çaparkən insanın əsəbləri də sakitləşir. Qarabağ atlarını isə çapmaq həm qürurverici, həm də çox zövqlüdür.
Tarixə nəzər salan zaman görürük ki, ermənilər Qarabağ atlarına sahib çıxmaq üçün müxtəlif cəhdlər göstəriblər. Lakin buna baxmayaraq, həmin dövrdə Qarabağ atları döyüş bölgəsindən çıхarılaraq müxtəlif ərazilərə aparılıb. Belə ki, bu keşməkeşli çətinliklərə rəğmən, Azərbaycanın yerli genofondundan olan Qarabağ atlarını bu günədək qoruyub saxlamaq mümkün olub. 
İlk dəfə Qarabağ atlarını muxtar diyarımızda görmək mənim üçün unudulmaz oldu. Qarabağ atlarını indi televiziya ekranlarında öz doğma yurd yerlərində – Şuşamızda, Cıdır düzündə görürük. Qarabağ atları yenidən dünyaca məşhur yarış meydanlarında şahə qalxır. “At muraddır”, – deyib atalarımız, bizdə illər sonra muradımıza – Qarabağımıza qovuşduq. Arzu edirik ki, Cıdır düzündə Qarabağ atlarının yarışını izləmək xoşbəxtliyi hər birimizə – bütün azərbaycanlılara qismət olsun!

Bülbül Quliyeva

Nəşr edilib : 25.07.2024 20:09