AZ EN RU

“Qapımızdan bayraq asın”, – deyən şəhidimiz Bağır

Bağır Əsəd oğlu Ələkbərov

10.02.1995-14.10.2020

    Bağır balaca vaxtlarından onu tanıyanların sevimlisi idi. Kim Bağırı görürdü, soruşurdu ki, Bağır, sən niyə belə şirinsən. Deyirdi, mənə bal sürtüblər, ona görə belə şirinəm. 

    Yaşadığımız evi Bağır tikib. Hər divarında, daşında Bağırın izi var. Atası hərbçi idi. Qardaşı Gəncədə oxuyurdu. Ona görə Bağır bütün işləri özü təkbaşına görürdü. Hətta evin son işləri tamamlananda dedi ki, ata, anamı heç vaxt gəzməyə aparmamısan. İndi işlər qurtardı. Anamı da götür, gedin gəzin.
    2014-cü ildə XTQ-də xidmətə başladı. Hərbiyə marağı çox idi. Gözünü açıb atasını hərbçi görmüşdü Bağır. Bakı şəhərində keçirilən snayperçilərin yarışında iştirak edərək yer tutmuşdu. 
    Müharibə başlayan vaxt idi. İşdən gəlib oturdu. Televizorda şəhidlərimizi göstərirdilər. Yoldaşı da, mən də ağlayırdıq. Dedi ki, ana, şəhidə ağlamazlar. Onunla fəxr edərlər ki, şəhid olub. Yoldaşı da baxıb dedi ki, can, ay analar. Yoldaşına qayıtdı ki, şəhidlikdən də yaxşı hədiyyə var? Ta ki bizim hər birimizə belə ölüm nəsib olsun. Onun özünə də belə ölüm nəsib oldu.
    Bir gün də işdən gəldi ki, şəhərə şəhid gətiriblər, atam ora gedibmi? Mən də bildirdim ki, atanın təzyiqi qalxıb. Dedi: “Ana, atamdan xahiş et ki, ora getsin. Bir də de ki, qapıya bayraq vursun”. Mən də qələbə qazanandan sonra mütləq vuracağımızı dedim. Bağır, yəqin, bilirdi ki, bir ömür bizim qapıda bayraq dalğalanacaq. 
    Müharibəyə getməmişdən qabaq bütün yoldaşları evlərinə göndərildiyindən Bağır evə gəlmədi. Günorta atasına zəng vurdu ki, ata, biz gedirik dağa. Atası dedi ki, Naxçıvanda heç nə yoxdu, dağa niyə gedəsiniz? Bir az keçdi, atası yenidən zəng elədi. Dedi, ata, artıq biz hava limanındayıq. Qarabağa gedirik. Sonra oğlu Əsəd telefonu aldı. Dedi, ata, min təyyarəyə gəl. Dedi, oğlum, gələcəyəm. Amma balam özü gəlmədi. Özündən qabaq şəhid xəbəri gəldi. Bağırın dediyi kimi qapımızdan bayraq asıldı. Biz və övladları yaşadığı müddətcə o bayraq qapımızda dalğalanacaq!

Nəşr edilib : 25.01.2024 10:45