AZ EN RU

Qapalı suvarma şəbəkəsindən istifadə kənd təsərrüfatının inkişafına mühüm töhfədir

Babək rayonunda yeni qapalı suvarma sistemlərinin qurulması 490 hektar ərazini su ilə təmin edəcək

    Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində davamlı tədbirlər görülür. Kənd təsərrüfatı inkişaf etdirilir, məhsul istehsalı artırılır. Bu işlərin həyata keçirilməsində meliorasiya və irriqasiya tədbirləri xüsusi yer tutur. Hazırda muxtar respublikanın torpaq ehtiyatından səmərəli istifadə olunur, mütərəqqi suvarma metodları tətbiq edilir, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır.
    Kənd təsərrüfatı sahəsində yeniliklərin, texnika və texnoloji avadanlıqların, mütərəqqi suvarma üsullarının tətbiqi muxtar respublikamızda bu sahədə görülən işlərin davamlılığından və dövlətin kənd təsərrüfatının inkişafına olan dəstəyindən xəbər verir. Xüsusilə əkin sahələrinin su təminatının davamlı olması hər zaman diqqətdə saxlanılır. Belə ki, dünya təcrübəsində uğurla sınaqdan keçirilən qapalı suvarma şəbəkələrinin qurulması işi muxtar respublikanın Kəngərli və Şahbuz rayonlarında da tətbiq olunub. 

    Dünya səviyyəsində şirin su və enerji qaynaqlarının sürətlə tükəndiyi bir dövrdə bu sahədə yaranan qıtlıq artıq qlobal problemlərin artmasına səbəb olur. Xüsusilə kənd təsərrüfatında yaranan su problemi bu sahənin inkişafını ləngidir, istehsal olunan məhsulların keyfiyyət və kəmiyyət göstəricilərini aşağı salır. Yarana biləcək ərzaq çatışmazlığının qarşısının alınması məqsədilə bir sıra tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələrinin qurulması və istifadəsinə xüsusi diqqət yetirilir. Belə ki, qapalı suvarma şəbəkələri vasitəsilə hektarlarla sahə suvarma suyu ilə təmin edilir. İllərlə əkilməyən, yararlı və münbit torpaq sahələri ilə yanaşı, əkindən kənarda qalan quraq ərazilər də əkin dövriyyəsinə qatılır. 
    Sözügedən şəbəkələrin quraşdırılması işi Babək rayonunun Nehrəm qəsəbəsində, Çeşməbasar və Güznüt kəndlərində də uğurla davam etdirilir. Muxtar respublikanın kənd təsərrüfatı məhsulları istehsalı sahəsində xüsusi yeri olan Nehrəm qəsəbəsində 20,2 kilometr uzunluğunda xətlərin çəkilişi artıq başa çatıb. Belə ki, burada müxtəlifölçülü paylayıcı boru xətləri çəkilib, 187 hidrat qoyulub, hər hidrata uyğun beton hovuzlar yerləşdirilib, vintil və sutəmizləyici siyirtmələr quraşdırılıb. Qeyd edək ki, 250 hektar ərazini suvarma suyu ilə təmin edəcək bu qapalı suvarma şəbəkəsi yüksək məhsuldarlığın təminatçısıdır. Artıq işlərin böyük hissəsi yekunlaşmaq üzrədir. Nehrəm qəsəbəsi ilə yanaşı, rayonun Çeşməbasar və Güznüt kəndlərində də qapalı suvarma şəbəkələrinin çəkilişinə başlanılıb. 240 hektar əkin sahəsini davamlı su ilə təmin edəcək bu şəbəkə məhsul bolluğuna və əhalinin məşğulluğunun təmin olunmasına imkan verəcək. 
    Qapalı suvarma şəbəkələrinin qurulması kənd təsərrüfatının inkişafı baxımından mühüm rola malikdir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Xaliq Abbasov bildirir ki, meliorasiyanın növlərindən olan suvarmada əsas məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq, torpağın su, hava, istilik rejimlərini təmin edərək nizamlamaqdır. Bildiyiniz kimi, vegetasiya dövründə bitkinin inkişafı üçün torpaqda nəmlik olmalıdır. Muxtar respublikanın quraq iqlim şəraitini nəzərə alsaq, suvarma işinin təşkil olunmasına ehtiyac böyükdür. Vaxtında və düzgün qaydada suvarılan əkin sahələrində kənd təsərrüfatı bitkilərinin suya olan tələbatı təmin edilir, faydalı mikroorqanizmlərin inkişafına şərait yaradılır, bitkinin qida rejimi, boy və inkişafı güclənir, həmçinin torpağın hava rejimi tənzimlənir.
    Son illər muxtar respublikamızda qapalı suvarma şəbəkələrindən daha geniş istifadə edilir. Bu cür suvarma şəbəkələri xüsusi boru və beton xətlərlə ərazilərə verildiyi üçün su itkisinin qarşısı tamamilə alınır. Suvarılması çətin olan torpaq sahələri bu üsulla su ilə təmin edilə bilir. Həmçinin bu suvarma metodu tətbiq edildikdə əkin sahələrində şoranlaşma, gölləşmə baş vermir, əksinə, su torpağın hər bir qarışına bərabər paylanaraq bitkinin ehtiyacını tam təmin edir. Vaxtında və davamlı su ilə təmin olunan bitkinin inkişafı yaxşı gedir ki, bu da, öz növbəsində, bol və keyfiyyətli məhsul deməkdir.
    Yaşayış məntəqələrində qapalı suvarma şəbəkələrinin qurulması torpaq mülkiyyətçiləri tərəfindən minnətdarlıqla qarşılanır. Uzun illərdir, kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan tanınmış aqronom, Nehrəm qəsəbə sakini Tofiq Abutalıbov deyir: “Müstəqilliyin bəhrələrindən biri də odur ki, hər kəs öz torpağının sahibidir. Bu gün torpaqdan gəlir götürmək, əkib-becərmək üçün dövlətimiz tərəfindən bütün şərait yaradılıb. Nehrəm qəsəbəsində də qapalı suvarma şəbəkəsinin qurulması torpaqdan səmərəli istifadəyə geniş imkanlar açacaqdır. Torpaq mülkiyyətçiləri yaradılan şəraitdən səmərəli istifadə edəcək, ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı müəyyənləşdirilən vəzifələri uğurla yerinə yetirəcək, əkin sahələrini genişləndirərək bol məhsul istehsal edəcəklər”.
    Bir sözlə, torpaqların su təminatının yaxşılaşdırılması, xüsusilə qurulan qapalı suvarma şəbəkələri əkinçiliyin inkişafına səbəb olub. Suvarılan torpaqlar isə bol məhsul deməkdir. Naxçıvan torpağı bərəkətlidir, naxçıvanlılar isə zəhmətkeş. Bütün bunlar dövlətin dəstəyindən güc alanda süfrəmizdə məhsul bolluğu yaranır. Məhsul bolluğunu isə qapalı suvarma şəbəkələrinin qurulması kimi müasir suvarma metodları şərtləndirir.

Lalə ALLAHVERDİYEVA
“Şərqin səhəri” qəzetinin məsul katibi

Nəşr edilib : 30.06.2022 21:37