AZ EN RU

“Qanunçuluq və hüquq düşüncəsi” adlı kitab nəşr olunub

    “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində “Qanunçuluq və hüquq düşüncəsi” adlı yeni kitab işıq üzü görüb. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərovun müəllifi olduğu kitab Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ithaf edilib.
    Kitabda müəllifin kütləvi informasiya vasitələrində, o cümlədən “Şərq qapısı” qəzetində, “Azərbaycan prokurorluğu” jurnalında, “Nuhçıxan” və naxçıvanxəbərləri.com saytlarında gedən məqalələri və digər materialları toplanıb.
    Yeni nəşrin elmi redaktoru hüquq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına  Akademiyasının baş müəllimi Malik Səlimov, məsləhətçisi Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, baş ədliyyə müşaviri Sənan Paşayev, rəyçiləri hüquq elmləri doktoru, dosent Nazim Əliyev, hüquq üzrə fəlsəfə doktoru, dosent, İmrəli Məmmədli və Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımovdur.
    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunan bu kitabda Ulu Öndərin milli dövlət quruculuğundakı misilsiz xidmətləri, Azərbaycanda hüquq islahatlarının memarı kimi geniş fəaliyyəti, prokurorluq orqanlarına qayğısı, Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual, inzibati və digər qanunvericilikləri, “Prokurorluq haqqında”, “Prokurorluqda qulluq keçmə haqqında” qanunlar, elmi-nəzəri və praktiki materiallar əsasında Azərbaycan Respublikası Prokurorluğunun yaranması və inkişaf tarixi, məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi onun strukturunun və fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi, prokurorluq orqanları əməkdaşları tərəfindən qərarların qəbulu və icrası zamanı hüquq düşüncəsinə əsaslanmaqla qanunçuluğun təmin edilməsi məsələləri geniş işıqlandırılıb.
    Yeni nəşrdən hüquq təhsili verən ali məktəb tələbələri, magistrantları, aspirantlar, doktorantlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə geniş ictimaiyyət nümayəndələri faydalana bilərlər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 31.03.2023 21:08