AZ EN RU

Qanlı Yanvar günündə şəhid olan igid naxçıvanlı

    Xalqımız üçün unudulmaz tarixlərdən biridir 20 Yanvar. Həmin gün milli azadlıq, müstəqillik naminə canlarını fəda edən qeyrətli, vətənpərvər oğul və qızlarımız qəhrəmanlıq tariximizə şanlı səhifələr yazdılar. 

    1962-ci il noyabrın 25-də Babək rayonunun Əliabad kəndində (indiki Naxçıvan şəhəri, Əliabad qəsəbəsi) doğulan Abbasəli Nəzərəliyev də 20 Yanvar günü şəhid olan qəhrəman Vətən oğullarından biri idi. O, Əliabadda 8 illik məktəbi bitirdikdən sonra Naxçıvan şəhərindəki peşə məktəbində dülgərlik sənəti üzrə oxumuş, peşə məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanmışdı. Hərbi xidmətdən qayıtdıqdan sonra tikintidə dülgər kimi çalışmışdır. Şəhidimiz 1988-ci ildə ailə həyatı qurur və bir qızı dünyaya gəlir. Qızı Şövkət Nəzərəliyeva hazırda atasının adını daşıyan Əliabad qəsəbə tam orta məktəbində ibtidai sinif müəllimidir. Yoldaşı Mədinə Vəliyeva isə Əliabad 15 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi işləyir. Şəhidimizin 3 nəvəsi var.
    Mədinə xanımın dediklərindən: – Abbasəli ilə bir sinifdə oxumuşduq. O, çox gözəl dülgər idi, bu sənət sahəsi üzrə çalışırdı. İl yarım bir yerdə qaldıq. 1990-cı il yanvarın 16-da işdən çıxıb evə gəldi. Ana və atasına “Birdən məni döyüşə çağırarlar qalxarsınız ki, getməsin, Vətənin dar günündə üzərimə düşəni edib, döyüş yoldaşlarımın yanında olacağam!” – dedi. Həmin gün Əliabadda yaradılmış qərargaha növbətçi təyin olunmuşdu. Getdi və yanvarın 19-na qədər gəlmədi. Yanvarın 18-19-da kəndin müdafiəsində iştirak etdi. 
    O zamanları xatırlayıram, bütün Naxçıvan ayağa qalxmışdı, hamı köməyə gedirdi. Xəbər tutduq ki, Abbasəli sağdı, gələcək. Gəldi, amma necə gəldi. Sədərəkdə çaxır zavodunu partlatmışdılar. Abbasəli də oraya köməyə getmişdi. Yanvarın 20-si Abbasəli daha şiddətli döyüşlərin getdiyi Sədərəyə yollandı. “Gül balam”, – deyə müraciət etdiyi qızımızla sağollaşdı, lakin anası oğlunu görə bilmədi, o qədər ki tələsirdi. Ölümə tələsirdi sanki... Elə yanvarın 20-si Sədərəkdə döyüşdə yaralanıb. Həmin vaxt tibb bacısı Nəzifə Qaybalıyeva mənə dedi ki, bu oğlan ölmək istəmirdi, elə deyirmiş ki, məni çatdır evə son dəfə ailəmi görüm. Şərur yolunda rəhmətə getmişdi. Şəhid olmağından yanvarın 20-si axşam xəbərimiz oldu. 20 Yanvar günü Bakıda qeyrətli oğullarımız öz qızıl qanına boyananda Abbasəli də burada şəhidlik zirvəsinə yüksəldi. Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Tez-tez ziyarətə gedirik. Abbasəli çox mehriban, vətənpərvər insan idi. Kimdən soruşsan, onun haqqında yaxşı fikirlərini deyər. Abbasəlini xatirələrimdə yaşadıram. 
    Qürurluyuq ki, bu gün müstəqilik, doğma Qarabağımız azaddır. Bunu Vətən, torpaq uğrunda gözünü qırpmadan canını fəda edən qəhrəmanlarımıza – şəhidlərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 20.01.2024 13:18