AZ EN RU

Qan yaddaşımızın silinməz səhifəsi

Faciəvi hadisələrlə insanları dəhşətə gətirən 1918-ci ilin Mart soyqırımı son iki yüz ildə təkcə Azərbaycan xalqının deyil, ümumilikdə bəşər sivilizasiyasının tarixinə yazılan, insanlığa nifrətdən doğan görünməmiş cinayətdir.

Bəşəriyyət tarixinə müxtəlif mərhələlərdə etnik təmizləmə siyasəti və soyqırımı kimi cinayətlər yaşayıb. Soyqırımı etnik, irqi, dini, milli qrupun düşünülmüş və sistematli şəkildə tam və ya qismən məhv edilməsi kütləvi şiddət forması, insanlıq, bəşəriyyət əleyhinə törədilmiş ən böyük cinayətdir. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Tariximizin acılarla dolu olan qan yaddaşında silinməz izlər qoymuş səhifələrindən biri məhz 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti dövründə Azərbaycanda güclənməkdə olan milli dirçəliş prosesi, “Müsavat” partiyasının durmadan artan nüfuzu bolşevik-daşnak qruplarını bir-birinə daha da yaxınlaşdırdı. Bolşeviklərin yerli əhali arasında heç bir nüfuzu, sosial dayağı yox idi. Bunu 1917-ci ilin oktyabrında Bakı Sovetinə keçirilən seçkilərin nəticələri də aydın göstərirdi. Seçkilərdə cüzi səs qazanan bolşeviklər “Müsavat” partiyasına ciddi şəkildə uduzmuşdu. Bu partiyanın Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamlı mübarizəsi bolşevikləri ciddi narahat edirdi. Elə buna görə də S.Şaumyan Bakıda azərbaycanlılara qarşı milli qırğın törədərək xalqın oyanmaqda olan milli azadlıq, qurtuluş hərəkatını beşikdə ikən boğmaq, “Müsavat” partiyasının sosial bazasını zəiflətmək, müsəlmanlara “dərs vermək” istəyirdi. 1917-ci ilin 29 dekabrında Vladimir İliç Lenin Türkiyə ərazisində ermənilərə muxtariyyət verilməsinə dair sənəd imzaladı. Bu sənəd daşnak-bolşevik ittifaqını daha da gücləndirdi. Bakıda törədilən 1918-ci ilin mart soyqırımında “Daşnaksütyun” bolşeviklərin zərbə qüvvəsini təşkil etdi. Digər tərəfdən, S.Şaumyanın təşkilatçılığı ilə Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıda cəmləşdirildi. Sonradan, 1918-ci il aprelin 19-da Bakı Sovetinin yığıncağında S.Şaumyan etiraf etmişdi ki, Bakının milli tərkibi onu çox qorxudurmuş və o, erməni-daşnak alaylarının köməyindən heç cür imtina edə bilməzdi. Həqiqətən də, Bakıda azərbaycanlılara qarşı törədilən mart soyqırımının əsas təşkilatçısı və icraçısı V. Leninin Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin etdiyi S.Şaumyan idi. Onun təşkilatçılığı ilə “Qırmızı ordu”nun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibarət olmuşdur. 

Martın 30-da saat 16.40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar və soyqırımına başladılar. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və digər Azərbaycan məhəllələrinə hücum etdilər. S.Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə Saritsından göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombalamağa başladılar. Azərbaycan xalqına divan tutmaq üçün əllərinə fürsət düşmüş daşnaklar erməni neft sənayeçilərinin barjlarında qoyulmuş toplardan Abşeronun şimalındakı kəndləri də atəşə tutdular. Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları və silahlanmış erməni ziyalıları İnqilabi Müdafiə Komitəsinin qərargahına gəldilər. Onlar qısa vaxtda təlimatlandırılaraq müsəlman məhəllələrinə göndərildilər. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində əvvəlcədə pulemyotlar qoyulmuşdu. Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi. Bolşevik daşnak birləşmələri “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” binasını yandırmış, “Təzəpir” məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. 

Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd edib ki, “...erməni faşizmi Azərbaycan alimləri tərəfindən daha geniş şəkildə tədqiq edilməlidir. Hesab edirəm ki, tarixi paralellər əsasında çox böyük əsərlər yaradılmalıdır”. Dövlət başçısının bu sözləri tariximizin qaranlıq səhifələrinə işıq salmaq, aydınlıq gətirmək, xüsusilə azərbaycanlıların soyqırımı haqqında daha ətraflı, yeni məlumatların əldə olunması məqsədilə tədqiqatçıları bu istiqamətdə daha da fəallaşdırır.

Qeyd olunmalıdır ki, talanlar və qətllərdən sonra düzgün araşdırmalar çox az aparılıb. Lakin faktlar deməyə əsas verir ki, bu, milli-dini zəmində azərbaycanlılara qarşı törədilmiş dəhşətli soyqırımı aktı idi. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu, tarixi sənəddir. Ümummilli Liderimiz bu siyasi yanaşması ilə eyni zamanda yeni formalaşan nəsillərə öz tarixinə diqqət və qayğını təlqin etdi. Məhz Ulu Öndərin bu uzaqgörən qərarından sonra 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi sürətlənmiş, məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına xüsusi diqqət ayrıldı, həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görüldü, çoxlu əsərlər yazıldı və başqa dillərə tərcümə olundu. Bütün ölkə ərazisində erməni vandallığının izlərinə rastlansa da 31 mart hadisələrinin, sözsüz ki, kuliminasiya nöqtəsi məhz Quba qətliamlarıdır. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Bu görüntülər əlbəttə, ürəkağrıdıcı məqamları özündə ehtiva etsə də, soyqırımı aktının dünya birliyinə çatdırılması istiqamətində çox mühüm əyani sübutdur. Məhz bu məqsədlə Prezident cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılmasına qərar verildi. İnşa edilən memorial kompleksin 2013-cü il sentyabrın 18-də açılışı oldu. Bu kompleks bəşər tarixinin ən qanlı hadisələrindən birinin dünyaya çatdırılması istiqamətində ciddi addımdır. Qeyd edək ki, Qubada aşkarlanan kütləvi məzarlıqda 500 insan kəlləsinin 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara məxsus olduğu və onların soyqırımı ərəfəsində öldürüldükləri sübut edilib. Azərbaycanın bütün bölgələrində – Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda, həmçinin Naxçıvanda da eyni qayda və ssenari ilə əhali ağır işgəncələrlə qətlə yetirilirib. Naxçıvan əhalisi özü ermənilərə müqavimət göstərir, hətta erməni ordularını məğlub edirdilər.

Naxçıvanda azərbaycanlılara qarşı törədilən soyqırımda Andranik Ozanyan, Dro, Njde, Doluxanov, Yapon və digər erməni cəlladlarının başçılıq etdikləri dəstələr böyük rol oynamışlar. Özünəməxsus vəhşiliyi ilə Andranik öz adını ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı tarixinə xüsusi nifrətlə yazmışdır. O, Araz çayı sahilindəki 4 min nəfərə yaxın əhalisi olan Yaycı kəndini yerlə yeksan etmiş, kənd əhalisinin 2500 nəfərini qətlə yetirmiş və Araz çayına tökmüşdü.

Arxiv materiallarında yuxarıda adları çəkilən erməni komitəçilərinin, xüsusilə də Andranik Ozanyanın silahlı dəstələrinin İrəvan əyalətində 200-dən çox, Naxçıvan, Şərur-Dərələyəz və Ordubad nahiyələrində də 50-dən çox müsəlman kəndlərinə silahlı hücumlar təşkil etdiklərinə, kənd əhalisinin böyük əksəriyyətinin qətlə yetirildiyinə dair məlumatlar yer almaqdadır. Mənbələrdən əldə edilən həmin məlumatlara görə, 1918-1920-ci illər arasında Naxçıvanda 73 min 727 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib.

Xalqımıza qarşı törədilmiş soyqırımlar bizim qan yaddaşımızdır. Təxminən 74 il sonra, 1992 – ci ildə Xocalıda xalqımızın tarixinə növbəti soyqırımı müsibətini yazan mənfurlar bütün dünyaya sanki meydan oxuyurdular.

Tarixin bizə qarşı ən böyük ədalətsizliyi ermənilərlə qonşuluğumuzdur. Daim ərazi iddiası irəli sürən mənfurlar fürsət düşdükcə bunu reallaşdırmağa, ərazilərimizi qoparmağa, soyqırımlar törətməyə çalışırlar. Bunun üçün tarixin bu acı səhifələrindən dərs çıxarıb, gənc nəslin vətənpərvər, torpağına, elinə bağlı şəkildə yetişdirilməsi hər birimizin vətəndaşlıq borcuna çevrilib. Dövlət başçısının da qeyd etdiyi kimi, bugünkü gənc nəsil I Qarabağ müharibəsindən sonra, torpaqlarımızın işğalı dövründə yetişmiş, heç vaxt görmədikləri torpağa məhəbbət ruhunda formalaşıblar. Bundan sonra da gələcək strategiya bu istiqamətdə qurulmalı, yeniyetmə və gənclərlə aparılan ideoloji-maarifləndirici siyasətin ana xəttini təşkil etməlidir. Bölgədə formalaşan, təsir qüvvəsi daha da artan Azərbaycan-Türkiyə qardaşlığı ermənilərin və onların havadarlarının siyasəti önündə ən dayanıqlı və etibarlı siyasətdir. Azərbaycan dünyada sülhün, əməkdaşlığın, tolerantlığın və qardaşlığın carçısıdır.

Artıq 26 ildir ki, 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Cənab Prezidentin işğaldan azad olunan ərazilərdə açıq hava muzeylərinin və işğal memorial komplekslərinin yaradılması təşəbbüsü də məhz bu amillə bağlıdır. Əlbəttə, sülh müqaviləsi imzalanacaq və buna biz dəmir yumruq ilə nail olacağıq. Lakin heç vaxt nə 31 mart soyqırımını, nə Xocalı soyqırımını, nə də başımıza gətirilən digər müsibətləri unutmayacağıq!

Mirməcid SEYİDOV

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini,

Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan

Muxtar Respublika Təşkilatının sədri

Nəşr edilib : 31.03.2024 00:01