AZ EN RU

Qan tökdüyü torpağına qovuşdu

Elmar Rövşən oğlu Möhsümov

03.12.1997 – 29.09.2020

Elmarım əvəzolunmazdır. Çox mehriban, səmimi, hər kəsin qəlbinə yatan bir uşaq idi. Dörd qardaşdan üçü hərbçiliyi seçdi. Elmar da üçündən biri idi. Hər üçü Vətən müharibəsində iştirak etdi. Bu müharibədə ikinci oğlum qazi, Elmar isə şəhid oldu. Mənim üçün danışmaq çox ağırdır.

Övladlarım hərbçi olduqları üçün xeyir işlərimizdə hamısı bir yerə yığışa bilmirdilər. Qismət elə gətirdi ki, atalarının ad günündə övladlarımın hamısı bir yerə yığışdı. Atasına və mənə gəlişini sürpriz etdi. Gəlməyindən xəbərimiz yox idi. Hamımız oturmuşduq. Birdən Elmar içəri girdi. Sanki dünyanı bizə verdilər. 
Ad günündə yedilər, içdilər, dedilər, güldülər. Elmar özü ilə bir bayraq gətirmişdi. Onu divara asaraq nəvəmin şəklini çəkdilər. Mən bayrağı sevirəm. Amma o bayrağı gördüm, niyəsə narahat oldum. İçimdə dedim ki, bu bayraq evlərə nə üçün aparılır? Mənim narahatçılığımı görən kimi yanıma gəldi. Dedi ki, ana, niyə narahat olursan? O bayraq bizim qürurumuzdur. 
Elmar öz bayrağını evimizə özü gətirdi. Bax həmin gün Elmarın sonuncu gəlişi, sonuncu görüşü idi. Amma bizim üçün də çox yaxşı gün oldu. Çünki heç birimizin ad günündə, dediyim kimi, bir yerdə ola bilməmişdik.
Sonuncu danışığımız sentyabrın 29-u oldu. Gecə saat iki idi. Elmar elə ruh yüksəkliyi ilə, elə gülə-gülə danışırdı ki... Onun belə danışmağı məni arxayınlaşdırdı. Ancaq ağlıma da gəlmirdi ki, Elmar orada şəhid olar. Dedi ki, ana, ön xətdəyik. Mənə zəngin çatmaya bilər.  Narahat olma. İki ay mənim balam gəlib çıxmadı. Amma ümidimi də üzmürdüm. Onun mənə dediyi “Zəng çatmasa, narahat olma” sözləri iki ay təsəllim oldu. Dedi ki, ana, inşallah, qələbə çalıb gələrik. Bizə dua et. Dedim, bala, hər an sənə dua edirəm. Cavab verdi ki, ana, təkcə mənə yox, bütün hərbçilərimizə dua et. Bilmədim ki, balamla son danışığımızdır. Mənim balam uğrunda qan tökdüyü torpağına qovuşdu!

Nəşr edilib : 03.04.2024 15:34