AZ EN RU

Qan qohumları arasında bağlanan nikahlar genetik xəstəliklərin olması riski artırır

Qohumlar arasında bağlanan nikah hallarının qanunvericiliyə uyğun olaraq aradan qaldırılması məsələsi daim cəmiyyətdə müzakirə və mübahisə yaradan mövzulardan biri olub. Yaxın günlərdə Azərbaycan Ailə Məcəlləsində dəyişiklik edən ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə məcəlləyə bir neçə maddələr əlavə edilib. Buna qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu kimi yaxın qohumlar daxildir.

Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski çox yüksəkdir. Bu kimi hallar özündə böyük maddi-mənəvi, sosial, psixoloji problemləri ehtiva edir. Mövzu ilə bağlı daha ətraflı məlumatlar almaq üçün Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzin həkim-ginekoloqu Gülnarə Hümbətova ilə həmsöhbət olduq. Müsahibimiz bildirdi ki, Azərbaycanda əmi, bibi, xala və dayı uşaqlarının evliliyini qadağan edən qanun təsdiqlənib: “Qohum evliliklərində qüsurlu uşaqların doğulması ehtimalı iki dəfə çoxdur. Bir çoxları hesab edirlər ki, qan bağı olan insanların evliliyi gələcək nəsildə bir sıra fəsadlarının meydana çıxmasına səbəb olur. Şəxslər arasında qan bağının yaxınlıq dərəcəsi artdıqca fəsadların meydana çıxma dərəcəsi də böyüyür”.

Əsas fəsadlar hansı bağlar üzrə müşahidə edilir – ata, yoxsa ana xətti üzrə?  – sualımıza cavab olaraq Gülnarə Hümbətova bildirdi ki, istər qohum evliliyi olsun, istərsə də qeyri-qohum evliliyi, genetik xəstəlikli uşağın, xəstə doğulma ehtimalı var: “Hər bir insan 100 trilyondan çox hüceyrədən ibarətdir. Hər hüceyrə daxilində 23 cüt xromosom vardır. Hər cüt xromosomdan biri anadan digəri atadan gəlir. Xromosomların strukturunu da DNT formalaşdırır. Kodlaşdırılan bölgələrə biz gen deyirik. Həmin genlərdə baş verən dəyişikliklər xəstəliklərin meydana çıxmasına səbəb olur”.

Gülnarə həkim vurğuladı ki, statistikaya əsasən yeni doğulan uşaqların, təxminən, 2 faizi irsi xəstəliklər və ya ciddi inkişaf qüsurları ilə doğulur. Genetik xəstəliklər ya ana bətnindəki döldə öz-özünə, ya da irsi olaraq valideyndəki genetik kodlarda baş verən dəyişikliklərin ötürülməsi ilə əmələ gəlir. Genetiklər bildirir ki, dünyada qohum evliliklərinin sayı 20 faiz təşkil edir və doğulan uşaqların 8,4 faizi onların payına düşür. Qohum, yaxud qeyri-qohum evliliyindən asılı olmayaraq genetik xəstəlikli uşağın doğulma ehtimalı həmişə var. Normalda hər bir insan ortalama 5-dən 8-ə qədər genetik xəstəliyin daşıyıcısıdır, amma bunu heç birimiz bilmirik. Qohum evliliyində ən çox rast gəldiyimiz qan xəstəlikləri sinir-əzələ xəstəlikləri, ürək-damar sistemi xəstəlikləri və əsas da metabolik xəstəliklərdir. Araşdırmalara görə, Daun sindromu 800 canlı doğumdan bir rast gəlinirsə, yuxarıda sadaladığımız xəstəliklər hər 100 canlı doğumdan bir rast gəlinir. Azərbaycanda kifayət qədər genetik xəstəliklər var. Yanlış bir məlumat yayılıb ki, genetik xəstəliklərlə bağlı 1\4 ehtimal var və xəstə uşaq doğulubsa, növbəti hamiləliklərdəki 3 uşaq sağlam olacaq. Bu cür fikirlər tamamilə yanlışdır. Çünki ata, ana genetik xəstəliyin daşıyıcısıdırlarsa, hər hamiləlikdə uşağın 25 faizi xəstə doğulma ehtimalı var.

“Qohum evliliklərində ata, yoxsa ana xəttinin daha çox xəstə uşaqların doğulmasına səbəb ola” sualını da Gülnarə Hümbətova cavablandırdı: Bəzən insanlar düşünürlər ki, xalaqızı-xalaoğlu ilə evlənmək olmaz, amma əmiqızı, əmioğlu ilə evlənmək olar. “Bu da yanlış fikirdir. Hər bir uşağa genomun yarısı atadan, yarısı anadan keçir, əmiuşaqları da  xalauşaqları da bibi, dayıuşaqları da hamısı eyni dərəcəli qohum evliliyidir və hamısında eyni dərəcədə genetik xəstəliklərlə rastlaşırıq. Araşdırmalara görə, yad evliliklərinə nisbətən qohum evliliklərində qüsurlu uşaqların doğulması ehtimalı 2 dəfə çoxdur”.

Həkimlə söhbətimizdən belə qənaətə gəldik bütün qohum evliliklərində xəstə uşaqların doğulması ehtimalı ilk dönəmdə olmasa belə, onların nəvə və yaxud nəticələrində mütləq özünü göstərəcək.

Onu da oxucuların diqqətinə çatdıraq ki, Ailə Məcəlləsində dəyişiklik edilən qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Bülbül QULİYEVA

Nəşr edilib : 27.07.2024 09:28