AZ EN RU

Qaliblər mükafatlandırılıb

    Naxçıvan Muxtar Respublikasında ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin on yeddinci tirajının qalibləri müəyyənləşib. 2022-ci ilin on ayı ərzində daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
    Naxçıvan Biznes Mərkəzində hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov nəzərə çatdırıb ki, muxtar respublikada nağdsız dövriyyənin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər daim diqqət mərkəzində saxlanılıb. “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə   Proqram”ın icrası davam etdirilib. 

    Bildirilib ki, 2014-cü ildən başlayaraq  keçirilən 16 tirajda 4733 vətəndaşa 290 min manat dəyərində müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib. “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin bu gün keçirilən 17-ci tirajında isə daha 642 şəxsə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ayrılmış 50 min manat vəsaitlə alınmış hədiyyələr təqdim olunacaq. Beləliklə, hədiyyə qazananların sayı muxtar respublika üzrə 5375 nəfər olmaqla qazanılan hədiyyələrin ümumi dəyəri 340 min manat təşkil edib.
    Qeyd olunub ki, 1 noyabr 2022-ci il tarixə nağdsız ödənişlərin əsas vasitələrindən olan POS-terminalların sayı, 829 ədədi Naxçıvan şəhərində, 908 ədədi isə rayon və kənd  mərkəzlərində olmaqla,  1737 ədədə çatdırılıb və bu istiqamətdə işlər davam etdirilir.
    Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Emin Quliyev vurğulayıb ki, nağdsız ödəniş infrastrukturunun tərkib hissələri olan bankomat və ödəniş terminallarının sayının artırılması istiqamətində işlər görülüb. 1 noyabr 2022-ci il tarixə bankomatların sayı muxtar respublika üzrə 120 ədəd, ödəniş terminallarının sayı isə       86-sı MilliÖn olmaqla, 181 ədəd təşkil edib. 
    Nəzərə çatdırılıb ki, infrastrukturun əsas tərkib hissələrindən olan elektron ödəniş sistemi maliyyə sabitliyinin və ümumi iqtisadi inkişafın təminatında mühüm əhəmiyyət kəsb edir. Nağdsız ödənişlərə marağın gündən-günə artması statistik rəqəmlərdə də müşahidə olunur. 2022-ci ilin 10 ayı ərzində POS- terminal, internet  və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 168 milyon 196 min 405 manat olub. Nağdsız ödənişlərin 42 milyon 581 min 787 manatı POS-terminallar, 125 milyon 614 min 618 manatı isə internet və digər ödəniş vasitələri üzərindən icra edilib.
    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Vergi nəzarəti tədbirlərinin təhlili şöbəsinin rəisi Rəşad Əliyev çıxışında nəzərə çatdırıb ki, qaliblər müəyyən edilərkən 600 manatdan yuxarı həcmdə nağdsız ödənişlər aparan və POS-terminallardan daha çox istifadə edən şəxslərə üstünlük verilib. 10 ay ərzində bank orqanlarından nağdsız ödəniş aparan şəxslər barədə müvafiq məlumatlar alınmaqla və bir sıra amillərə uyğun olaraq hədiyyə qazananlar müəyyən edilib. Həvəsləndirici tədbirin budəfəki tirajında 122 Naxçıvan şəhər sakininə hədiyyələr təqdim olunub.
    Sonra nağdsız ödənişlər sahəsində fəallıq göstərən şəxslərə hədiyyələr təqdim edilib. 
    Hədiyyə qazanmış şəxslər özəl sektorda çalışan müxtəlif peşəyönümlü işçiləri, fərdi vətəndaşları və təqaüdçüləri, təhsil, səhiyyə, mədəniyyət, dövlət qulluğunun ayrı-ayrı sahələrində çalışan işçiləri, o cümlədən qeyd olunan sahələrdə çalışan texniki-inzibati xidməti işçiləri, həmçinin şəhid ailələri, qaziləri və eləcə də sosial müavinət alan aztəminatlı ailələri əhatə edib. 
    Qeyd edək ki, analoji tədbirlər muxtar respublikanın bütün rayonlarında keçirilməklə nağdsız ödənişlər sahəsində fəallıq göstərən şəxslər hədiyyələrlə mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 14.12.2022 19:43