AZ EN RU

Qalib xalqın Lideri

Dünyanın siyasi tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici faktorlar sırasında lider amili xüsusi olaraq diqqəti cəlb edir. Çünki lider yalnız tərəfdarlarını arxasınca aparan rəhbər deyil, o həm də tarix yazan, tarixin gedişatına həlledici təsir göstərən şəxsiyyətdir. Bu mənada, liderlik həm də bir vəzifədir. Müasir dövlətçilik tariximizdə bu vəzifəni üzərinə götürən və onu layiqincə təmsil edən dövlət xadimi isə böyük şəxsiyyət və strateq cənab İlham Əliyevdir. Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə ona qalan miras bir tərəfdən ictimai-siyasi sabitliyi təmin edilmiş, dövlət strukturları bərpa olunmuş Azərbaycan idisə, digər tərəfdən həm də torpaqlarının 20 faizi erməni işğalı altında olan, iqtisadiyyatının və ordu quruculuğunun həyata keçirilməsi tələbi olan, bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həll edilməsi zərurəti olan Azərbaycan idi. Bütün bu və digər çoxsaylı məsələlərlə bərabər həm də sürətlə dəyişən və daim rəqabət halında olan dünya nizamında Azərbaycanın yerinin və rolunun, nüfuzunun artırılması zərurəti var idi. Yəni istər daxili, istərsə də xarici siyasətdə elə strateji həmlələr etmək lazım idi ki, onlar, nəticə etibarilə, milli inkişafımıza və ərazi bütövlüyümüzün bərpa olunmasına gətirib çıxarsın. Bütün bunların hamısını edə bilmək isə mövcud qlobal və milli çağırışlar kontekstində, ikili standartların mövcud olduğu dünya nizamı, rəngli inqilablar erasında, əslində, bir möcüzə idi və cənab İlham Əliyev bu möcüzəni yarada bildi. 
    Dövlətimizin başçısı prezidentlik fəaliyyətinə başlayan andan “güclü iqtisadiyyat – güclü dövlət” prinsipini əsas götürdü. Azərbaycan xalqına müraciətində də bu istiqamətdə icra ediləcək genişmiqyaslı tədbirlərin anonsunu diqqətə çatdırdı, qısa müddətdə imzalanan Dövlət proqramları, fərman və sərəncamlarla yeni iqtisadi quruculuq prosesinə start verildi. Reallaşdırılan məqsədyönlü layihələr nəticəsində qısa zamanda sürətli iqtisadi inkişaf, dövlətin maliyyə imkanlarının genişlənməsi, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın neft-qaz amilindən asılılığının əhəmiyyətli dərəcədə azaldılması, iqtisadi şaxələndirmə siyasətinin uğurla həyata keçirilməsi, regionların sürətli sosial-iqtisadi inkişafı təmin olundu, Azərbaycan geniş investisiya imkanlarına malik donor ölkəyə çevrildi. Ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti, respublikamızın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlb­ediciliyini artırdı. Eyni zamanda Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirdi. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin gerçəkləşməsində mühüm rol oynadı. Bütün bunlar iqtisadiyyata davamlı investisiya qoyuluşunu şərtləndirdi. Bunun da nəticəsində cənab İlham Əliyevin prezidentliyi müddətində qeyri-neft-qaz sahələrinə yönəldilən investisiyalar 7,2 dəfə artdı. Başqa sözlə, bu dövrdə Azərbaycanın qeyri-neft-qaz sektoruna 200 milyard dollar həcmində sərmayə yatırıldı. Respublikamızdan digər ölkələrin iqtisadiyyatlarına qoyulan investisiyaların ümumi həcmi isə 28,3 milyard dollara yüksəldi.
    Xüsusilə vurğulanmalıdır ki, Azərbaycana investisiya qoyuluşunun davamlı olmasını şərtləndirən məqamlar sırasında ölkəmizdə yaradılan sabitlik, əmin-amanlıq, xalq-iqtidar birliyi, milli həmrəylik kimi amillər önəmli rol oynayıb. Xarici sərmayədarların respublikamıza genişhəcmli investisiya qoymaq marağı da daha çox bundan irəli gəlib. Nəticədə, Azərbaycan Prezidentinin ölkəyə rəhbərliyi dövründə ümumi daxili məhsulun həcmi artaraq 6,2 milyard dollardan 78,7 milyard dollara çatıb. Ölkənin strateji valyuta ehtiyatları 1,4 milyard dollardan 58,5 milyard dollara yüksəlib, 2002-ci il ilə müqayisədə yoxsulluq səviyyəsi 46,7 faizdən 5,5 faizə enib. 
    Həmçinin qeyd olunmalıdır ki, iqtisadi inkişafın təmin olunması sosial sahələrin də inkişafına yeni imkanlar açıb. Dövlət başçısının sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə, cəmiyyətin rifahını təmin edib. Cənab İlham Əliyevin vurğuladığı kimi: “Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir”. Beləliklə, sistemli, çoxşaxəli və kompleks xarakterli islahatlar ölkəmizin milli gücünün artmasına xidmət edib. Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Azərbaycana qovuşan Qarabağın bərpası, dirçəldilməsi yolunda 3 il ərzində Prezident cənab İlham Əliyevin tapşırıq, göstəriş və tövsiyələri ilə mühüm addımlar atılıb, düşməndən təmizlənən yaşayış sahələri üzrə Strateji Fəaliyyət Planı hazırlanıb və vahid konsepsiya əsasında bütün ərazilərin və şəhərlərin bərpasına başlanılıb. O cümlədən ölkə rəhbərinin tapşırığı ilə yaşayış məntəqələrimizin “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulması istiqamətində mühüm layihələr gerçəkləşdirilib, keçmiş köçkün əhalinin öz dədə-baba yurdlarına qayıdışına başlanılıb. Məhz Müzəffər Ali Baş Komandan və böyük diplomat cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədən sonra ərazi bütövlüyümüz, 1 günlük antiterror əməliyyatından sonra suverenliyimiz bərpa olunub. Artıq bütün Azərbaycan ərazilərində üçrəngli bayrağımız dalğalanır. 
    Azərbaycan Prezidenti postmüharibə dövründə də diplomatik cəbhədə uğurlara imza atmaqdadır. Türkiyə, Rusiya, İsrail, Pakistan kimi bölgəyə birbaşa dəxli və təsiri olan dövlətləri Azərbaycanın yaxın müttəfiqinə çevirməsi, Qərblə qarşıdurmaya getmədən münasibətləri bərabərhüquqlu tərəflər kimi saxlaması, türk dövlətlərinin bir-birinə yaxınlaşması sahəsində gördüyü işlər, Qoşulmama Hərəkatına üzv dövlətlər arasında yüksələn nüfuzu, ölkəmizin Şərqlə-Qərb arasında tranzit əhəmiyyətinin daha da artması – bütün bunlar cənab İlham Əliyevin son üç il ərzində qazandığı uğurlarıdır. 
    Onun prezident olduğu dövrdəki ən böyük uğuru isə, təbii ki, Qələbədir! Bu Qələbə həm də cənab İlham Əliyevi yenidən kəşf etdi, onu Azərbaycana və dünyaya yenidən tanıtdı. Cənab İlham Əliyev Azərbaycan dövlətini və xalqını XXI əsrin qalib dövləti və xalqı etməyi bacardı. İndi dünyada elə bir azərbaycanlı tapmaq mümkün deyil ki, öz Prezidenti ilə fəxr etməsin. Bu isə dövlət başçısına olan böyük Xalq Sevgisidir. Elə 63 yaşını tamamlayan Prezidentə ən böyük hədiyyə də budur!

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 22.12.2023 17:45