AZ EN RU

"Qalib ölkənin xoşbəxt uşaqları” adlı buraxılış tədbiri keçirilib

"Gənclik” Mərkəzində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şəhid Vəli Quliyevin adını daşıyan IV sinif  şagirdlərinin “Qalib ölkənin xoşbəxt uşaqları” adlı buraxılış tədbiri keçirilib. Əvvəlcə  Vətən müharibəsi qəhrəmanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova  bildirib ki, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimiz ömrümüzün sonunadək haqqını ödəyə bilməyəcəyimiz qəhrəmanlarımızdır. Bu gün bir daha şahidi oluruq ki, bizim belə vətənpərvər ruhda şagirdlərimiz, gənclərimiz vardır. Gələcəyimiz olan bu şagirdləri vətənpərvərlik ruhunda yetişdirən isə müəllimlərimiz, təhsil işçilərimizdir. Muxtar respublikanın bir çox məktəblərində şəhidlərin adını daşıyan sinif otaqları şəhid ailələrinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Gülxanım Orucova bütün şagirdlərə gələcək təhsil həyatlarında uğurlar arzu edib.
  Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları Təhminə Mustafayeva və Həmidə Qoçəliyeva tədris ilinin yekunu ilə bağlı şagirdləri təbrik edərək onlara qarşıdakı tədris ilində uğurlar arzu ediblər. Bildirilib ki, bu Vətən şəhidlərimizindir. Onların həyat yolu gələcəyimiz olan gənclərə örnəkdir.   
Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova  Azərbaycan xalqı üçün igid, qeyrətli, mərd oğul yetişdirən şəhidin valideynlərinə dərin ehtiramını bildirib, tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib. 
Tədbirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların valideynləri və şagirdlərin valideynlərinin çıxışları dinlənilib.
Şagirdlər vətənpərvərlik mövzusunda  mahnılar, şeirlər ifa edib, ədəbi-bədii kompozisiya və rəqs  nümunələri nümayiş etdiriblər.

Bülbül QULİYEVA

Nəşr edilib : 09.06.2024 15:30