AZ EN RU

Qalib ölkənin şəhid anası, bayramın mübarək!

Salam, şəhid anası! Ey vüqarlı qadın! Anaların ən ucası, qadınların baş tacı, şəhid anası! Bu gün sizin gününüzdür. Beynəlxalq Qadınlar Günündə təbrikinə gəlmişəm.

Ana müqəddəs varlıqdır. Onun ətri dəyən, əli dəyən hər şey gözəldir. Ana ağlayanda da ürəkdən ağlayır. Bəzən ən bulanıq ürəklər onun göz yaşları ilə durulur, ən kirli vicdanlar onun göz yaşları ilə yuyulur. Kim bilir, bəlkə də dənizlər göz yaşı olsaydı, buna dözməz, quruyardı...

Çiyinlərində dağ vüqarı daşıyan qadın, sizlər təkcə qardaşlarımın anası deyil, bütövləşmiş Azərbaycan vətəndaşlarının anası oldunuz...

Vətən darda, torpaqlarımız işğalda idi... Vətən oğullarını səsləyirdi. Özün hazırladın oğlunu, sonra da bağrına basıb “get, Vətən dardadır, südüm sənə halaldır”, – deyib yola saldın. Arxasınca su ataraq oğlun görməsin deyə gizlincə göz yaşını silib “Allaha əmanət ol, salamat qayıt, oğul”, – pıçıldadın. Bir neçə gün keçmişdi ki, oğlunun ən uca məqama, şəhidlik zirvəsinə ucaldığını hiss etmişdin sanki. “Oğul, qurban olum nə zaman gəlirsən”, – deyə soruşmuşdun yuxuda. Oğlunsa asta səslə pıçıldamışdı sənə: ana, mən artıq Qarabağ torpağındayam. Şuşanın havasından, İsa bulağından doyunca dadmışam. Anacan, yadımdadır, mənə işğal altında olan torpaqlarımızdan danışarkən gözlərin dolar, həmin torpaqları görməyi xəyal edərdin. Gün bu gündür, ANAM! Artıq xəyal deyil, gerçəkdir, ANAM! Bax, indi o yerləri geyinib sənə gəlmişəm. Ruhum şaddır. Çünki Zəfərli Azərbaycana nail olduq, ərazi bütövlüyümüz təmin olundu. İndi özün dur, Vətənə “gözün aydın olsun, Azərbaycanım”, – de! Hayqıraraq de! Ən uca səslə de! Səsini bütün dünyaya yetir, ANAM!

Əziz şəhid anası! Sizlərin övladlarınıza bəxş etdiyiniz əvəzolunmaz ana sevgisi, şəhid bacısının, həyat yoldaşının sevgisi qardaşlarımı ruhən yaşadacağına əminəm. Heç düşündünüzmü onların cənnətdəki xoşbəxtliklərinin bir səbəbi də sizlərin gülüşüdür.

Şəhid ətirli anam, bu Vətənin qeyrət bayrağı Sənsən! Bu Vətənin baş tacı Sənsən! Analığın ən ali zirvəsində dayanmısan, ey əzəmətli QADIN! Ağappaq saçlarına, nur saçılan gözlərinə, qürurlu duruşuna qurban olum, Ay Ana!

Oğul düşmən çəpəridir, bu yurdumun sipəridir! Ana, sən elə bir oğul böyütdün ki, dik duruşu ilə belə düşmənə gözdağı oldu. Anacan, şəhidlər ölməyibdir, qəlbimizdə yaşayır, əbədiyyən də yaşayacaqdır...

Anam, Tanrının bizlərə nəsib etdiyi xoşbəxtliyə bir bax. 30 il həsrəti ilə göynədiyimiz torpaqlarda qəhrəman oğullarımız sayəsində artıq Novruz tonqalı qalanır. 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Qarabağ Azərbaycandır! Torpaqlarımızın suverenliyini tam təmin edən Lider, Müzəffər Ali Baş Komandan tariximizin şanlı səhifələrini fəxarət coşqusu ilə yazdı. Müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün rəmzi sayılan üçrəngli bayrağımız Qarabağda, Şərqi Zəngəzurda, Şuşada, Laçında, Xankəndidə, Xocalıda qürurla dalğalanır. Bundan böyük xoşbəxtlik varmı?

Qalib  ölkənin şəhid anası, oğlun səni bütün Vətən oğullarının anası etdi. Bütün Azərbaycan oğulları indi sənin oğlundur. Başını dik tut, qürurla gəz! Çünki sən analığın ən yüksək zirvəsində dayanmısan. Sən düşmən qəddini əyən övlad böyütmüsən. Şəhid anası adını daşımaq hər kəsə nəsib olmaz. Bu vüqar, bu fəxarət, bu şərəfli ad sənə nəsib olub, ANAM! Şairin sözləri ilə desək:

Hər evin başına bayraq taxılmaz,

Hər ada şəhidlik adı asılmaz,

Hər kəsə bu qədər uca baxılmaz,

Sən düşmən qəddini əyən anası!

Məğrur ol, dik dur, şəhid anası.

Əziz şəhid anaları, hər birinizin qarşısında baş əyir, əllərinizdən öpürəm! Bir daha BAYRAMINIZ MÜBARƏK!

Nuray ƏSGƏROVA

Nəşr edilib : 07.03.2024 23:55