AZ EN RU

Qalib ölkənin seçiciləri kimi hamılıqla seçkilərdə iştirak edək

Azərbaycan tarixinin təqviminə bir bayram da əlavə olunmasının – “Zəfər seçkisi”nin qürurunu yaşayacağıq. Məlumdur ki, son illərdə xalqımızın tarixində təmtəraqla qeyd edilən əlamətdar və bayram günlərinin sayı xeyli artıb. Böyük Qələbə ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra təqvimimizə yazılan bir sıra hadisələr artıq bayram kimi qeyd olunmağa başlanılıb. Zəfər günü, şəhər günləri və digər belə əlamətdar tarixlər mövcud olan bayramlarımızla bərabər hər birimizdə yüksək əhvali-ruhiyyə, xoş ovqat yaratmaqla xalqımızın haqq işinin qələbə çalmasının rəmzi kimi xatırlanır. 
    Bu günlərin üzərinə daha biri isə fevral ayının 7-də yazılacaq. Əgər 2024-cü ilədək keçirilən seçkilərdə doğma Qarabağ, işğal altında olan digər ərazilərdə yaşayan vətəndaşlarımız doğulduqları, qeydiyyatda olduqları ünvanlarda deyil, ölkəmizin başqa ərazilərində səs verirdilərsə, bu il onlar işğaldan azad edilərək yenidən qurulan və qurulmaqda olan yaşayış məntəqələrində öz səsvermə hüquqlarından istifadə edəcəklər. Bəli, prezident seçkilərinin ilk dəfədir ki, müstəqil Azərbaycanın bütün ərazilərində, kənd və şəhərlərində keçirilməsi hamımızda böyük fəxarət hissi yaradıb. Təsdiq olunan seçki dairələrinin siyahısında biz Xankəndi, Kəlbəcər, Şuşa-Ağdam-Xocalı-Xocavənd, Zəngilan-Qubadlı seçki dairələrinin adlarını oxuduqca qürurlanır və o günü səbirsizliklə gözləyirik. 
    Biz ötən il ərazi bütövlüyümüzün Xankəndi zirvəsini fəth etdik. Belə ki, sentyabr ayında keçirilən qısamüddətli antiterror tədbirləri sayəsində isə suverenliyimiz tam bərpa olundu. Bununla da Azərbaycan qalib xalq, qalib ölkə kimi adını tarixə yazdırdı. Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağının dalğalanması milli ləyaqət təntənəsidir.
    Bu təntənənin fevralın 7-də yaşanacağı şübhəsizdir. Ona görə ki, ölkəmizdə keçiriləcək növbədənkənar seçki Azərbaycan tarixində daha bir möhtəşəm hadisə kimi yadda qalacaq. Hər ailənin seçki hüququ olan hər bir üzvünün səsi bizim gələcəyimizə verəcəyimiz səsdir. 7 fevral 2024-cü il tarixi təqvimimizdə ən əlamətdar bayram olacaq. 
    Qoy bütün dünya Şuşada, Xankəndidə bizim birliyimizin bir daha şahidi olsun. Əminik ki, bütün bölgələr kimi Naxçıvan Muxtar Respublikasında yaşayan sakinlər də hamısı bir nəfər kimi seçkilərdə iştirak edəcək. Azərbaycan xalqı bu dəfə də öz seçim hüququndan istifadə etməklə fəallıq göstərəcək, ölkəmizin gələcəyi naminə inkişafa, sosial rifaha, xoşbəxt sabahlara səs verəcəkdir. Yəni bütövləşmiş, Qarabağ qüruru özünə qaytarılmış bir qalib ölkənin qalib vətəndaşları, qalib seçiciləri kimi Azərbaycanın gələcəyinə səs verəcəklər. Ən güclü seçim xalqındır. 

Sara ƏZİMOVA

Nəşr edilib : 12.01.2024 16:22