AZ EN RU

Qalib Lider, Müzəffər Ali Baş Komandan

İlham Heydər oğlu Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyi ilə bağlı tədbirlər keçirilib

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində təşkil olunan tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, polkovnik Şahin Mirzəyev Prezident cənab İlham Əliyevin son 20 ildə gördüyü böyük işlərdən, bütün sahələrdə qazanılan uğurlardan danışıb.
    Qeyd olunub ki, son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Azərbaycanın zəngin iqtisadi, siyasi, elmi, mədəni və hərbi potensialı yaradılıb. 
    Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Bu il sentyabrın 19-da qəhrəman ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərlə qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsidir. Bu, bir daha göstərir ki, Azərbaycan regionda sülh və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda Prezident cənab İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilən xalqımızın daha bir tarixi Zəfəri oldu. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başlatdığı və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.
    Sonra çıxışlar dinlənilib, cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci illiyinə həsr olunan videoçarx nümayiş etdirilib.

***

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində “Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı 20 il” mövzusunda tədbir keçirilib.

    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Prezident cənab İlham Əliyev ötən 20 il ərzində müstəqil, güclü Azərbaycan dövlətinin davamlı tərəqqisini, Vətən müharibəsində parlaq qələbə ilə torpaqlarımızı 30 illik erməni işğalından azad etməklə müasir tariximizin qızıl səhifələrini yazıb.
    Hüseyn Səfərov bildirib ki, Azərbaycan xalqı hər zaman onu ön planda tutan liderimizin ətrafında sıx birləşərək, müasir tariximizin uğurlu sərkərdəsi,  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurların sevincini yaşayacaq, yeni-yeni möhtəşəm qələbələrin şahidi olacaq.
    Tədbirdə Nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi Səttar Zamanov, Qanunvericilik bölməsinin rəisi Ayaz Məhərrəmov və Nazirliyin əməkdaşı Reyhanə Əsgərova çıxış edərək bildiriblər ki, ötən 20 il ərzində dövlət başçısının həyata keçirdiyi tədbirlər çərçivəsində ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunub, ədliyyə işi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılıb, gələcək inkişafına dair əhatəli  Dövlət proqramları qəbul edilib. 
    Sonda cənab İlham Əliyevin 20 illik fəaliyyətini əks etdirən sənədli filmə baxış olub.

***

    Gənclər və İdman Nazirliyinin təşkilatçılığı  ilə Heydər Əliyev Muzeyində “Əsrin lideri, Müzəffər Ali Baş Komandan” mövzusunda keçirilən tədbirdə çıxış edən muzeyin direktoru, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini Ramil Orucəliyev Heydər Əliyev siyasi kursunun layiqli məzunu kimi Prezident cənab İlham Əliyevin siyasi hakimiyyət dövrünün başlanğıc tarixi, Ümummilli Liderin gənc siyasətçiyə olan etimadı barədə məlumat verib.

    Gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov gənclərə daim dəstək olan, güvənən, onlara liderlik keyfiyyətləri aşılayan Prezident cənab İlham Əliyevin 20 illik siyasi hakimiyyəti dövründə Azərbaycanın misilsiz inkişaf yolu qət etdiyini və ölkə başçısının xalqa verdiyi vədləri, qarşısındakı hədəfləri bütünlüklə yerinə yetirdiyini bildirib. Qeyd olunub ki, bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində sağlam, müasir, vətənpərvər gənclik modeli formalaşdırılıb. Heç təsadüfi deyil ki, cənab İlham Əliyevin prezidentlik dövründə yetişən gənclər 44 günlükVətən müharibəsində böyük şücaət, qəhrəmanlıq göstərərək tarixi Zəfərdə pay sahibi oldu. İndi bütün gənclərimiz xalqımızın ətrafında sıx birləşdiyi lider vasitəsilə qələbə ruhunun, haqq mübarizəsinin nəticələrini dünyaya bəyan edir. 
    Fəal gənc Elmar İsgəndərov Azərbaycan gəncinin Prezident cənab İlham Əliyevin liderliyi ilə qazandığı nailiyyətlərdən bəhs edib. 
    Tədbirdə Prezident cənab İlham Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib, iştirakçılar muzeyin ekspozisiyası ilə tanış olublar.

***

    Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində təşkil olunan tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayaraq yürütdüyü siyasət nəticəsində Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesini uğurla həyata keçirdi. Son 20 ilin uğurları, tarixə yazdığı möhtəşəm qələbələri deməyə əsas verir ki, dövlətimizin başçısı qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaqla Azərbaycanın timsalında “Güclü dövlət” konsepsiyasını reallaşdıra bilmişdir.
    Məruzə ətrafında çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanın bu günü və sabahı naminə həyata keçirdiyi mühüm işlərdən danışılıb.

***

    Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində keçirilən tədbirdə komitənin sədri Hüseyn Bağırov çıxış edərək bildirib ki, son dövrlər ölkəmizin suverenliyi istiqamətində atılan zəruri addımlara və qazanılan uğurlara mühüm tarixi hadisə kimi şahidlik edirik. Heç şübhəsiz ki, qazanılmış bu uğurlar Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və onun layiqli davamçısı – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gərgin və qətiyyətli fəaliyyəti nəticəsində əldə olunmuşdur.  

    Ölkəmizin kompleks inkişafı məqsədilə həyata keçirilən mühüm tədbirlərlə bərabər, regionların sosial-iqtisadi inkişafı məqsədilə qəbul edilmiş 4 Dövlət Proqramının uğurlu icrası inkişafın yeni modelini müəyyən etmişdir. Vurğulanıb ki, ordu quruculuğu istiqamətində aparılan məqsədyönlü tədbirlərin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tarixə qızıl hərflərlə Zəfər salnaməsi yazmış, eyni zamanda bu ilin sen­tyabr ayında Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində suverenliyimizin tam təmin olunması ilə Azərbaycan gücünü bir daha bütün dünyaya nümayiş etdirmişdir. 
   Qeyd olunub ki, Ali Baş Komandan cənab İlham Əliyevin Sərsəng su anbarına, Xocalı, Əsgəran, Ağdərə və Xankəndinə səfəri və Dövlət Bayrağımızın həmin yerlərdə qürurla ucaldılması, müstəqil Azərbaycanımızın qarşısındakı növbəti hədəflərə çatması üçün inamlı zəmin yaradıb.
    Tədbirdə komitənin şöbə müdirləri Rəhim Əsgərov və Pərvin Hacıyevin mövzu ilə bağlı çıxışları dinlənilib.
    Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 illik fəaliyyətini əhatə edən videoçarx izlənilib.

***

    Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən tədbirdə Xidmətin rəisi Müslüm Cabbarzadə çıxış edərək bildirib ki, dövlətçilik tariximizin son 20 ili dinamik və hərtərəfli inkişaf dövrü, iqtisadi güc və hərbi potensialın yaradılması, böyük uğurlar, möhtəşəm qələbələr, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə xarakterizə edilir.

    Vurğulanıb ki, Prezident cənab İlham Əliyevin təşəbbüskarlığı və müdrik rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar çərçivəsində ölkəmizdə əmlak idarəçiliyi sahəsində də innovativ layihələrin, modern yanaşmaların tətbiqi diqqətdə saxlanılıb, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı mühüm irəliləyişlər əldə olunub. Qeydiyyat prosesinin sadələşdirilməsi, xidmətlərə olan əlçatanlığın artırılması nəticəsində beynəlxalq hesabatlarda Azərbaycan əmlak idarəçiliyi sahəsində ön sıralarda yer alıb.
    Muxtar respublikamızda torpaq və digər daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və müdafiəsi sahəsində işlərin daha səmərəli təşkilinə 2004-cü ildən başlanıldığını qeyd edən Xidmət rəisi müvafiq sahədə idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin rəqəmsallaşdırılması, torpaqların elektron uçotunun aparılması ilə bağlı görülmüş işlərdən bəhs edib.
    Sonra Xidmətin əməkdaşı Arzu Məmmədovun mövzu ilə bağlı çıxışı dinlənilib. Tədbirin sonunda 20 illik tarixi dövr ərzində Prezident cənab İlham Əliyevin uğurlu siyasi fəaliyyətindən bəhs edən sənədli filmə baxış olub.

***

    Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov bildirib ki, “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”, – deyən Ümummilli Liderimiz Heydər Əliyevin yolu, ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla, davam etdirilir. Diqqətə çatdırılıb ki, 2003-2023-cü illər ərzində yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalı üçün zəmin yaradılıb, müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilib. 
    Qeyd olunub ki, 2003-2023-cü illər ərzində  muxtar respublika ərazisində 992,61 kilometr avtomobil yolu yenidən qurulub və ümumi uzunluğu 611 pikometr olan 50 körpü inşa edilib. 
    Diqqətə çatdırılıb ki, muxtar respublikanın avtomobil yol işçilərinin əməyi dövlətimiz tərəfindən ötən dövr ərzində yüksək qiymətləndirilib. Belə ki, onlardan 11-i “Tərəqqi” medalı, 17-si “Rəşadətli əməyə görə” nişanı, eləcə də bir sıra əməkdaşlar fəxri fərman və yubiley medalları ilə təltif edilib.

***

    Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasında “Azərbaycanı yüksəlişə və zəfərlərə aparan Lider” mövzusunda tədbir keçirilib. 

    Tədbirdə çıxış edən Televiziya və Radio Şurasının sədri Rauf Əliyev bildirib ki, bu gün Ulu Öndərin siyasi xəttini hər sahədə uğurla davam etdirən dövlətimizin başçısı hər bir azərbaycanlının rəğbət bəslədiyi Prezident kimi bütün dünyada böyük nüfuz qazanmış ölkə rəhbəridir. Dövlətimizin başçısının həyata keçirdiyi inkişaf konsepsiyası nəticəsində transmilli layihələr reallaşdıran Azərbaycanın iqtisadiyyatı, ordusu güclənib, insan kapitalı, elmi potensialı formalaşıb, ölkəmiz regionda liderə, beynəlxalq aləmdə söz sahibinə çevrilib. 
    Rauf Əliyev vurğulayıb ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycanın mərd oğulları Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. 
    Televiziya və Radio Şurasının üzvü Sara Əzimova çıxışında Prezident cənab İlham Əliyevin ölkəmizin inkişafındakı, yüksəlişindəki misilsiz xidmətlərini vurğulayıb. 
    Digər çıxış edənlər bildiriblər ki, ötən 20 il ərzində Prezident cənab İlham Əliyevi dəstəkləyən naxçıvanlılar da dövlətimizin başçısı ilə fəxr edir. O, tarix yazaraq, bizə milli birliyimizi, bütövlüyümüzü, köklü dəyərlərimizi, qürurumuzu, mənliyimizi qaytarıb, böyük sevinc yaşadıb.

***

    Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində keçirilən tədbiri giriş sözü ilə açan Departamentin direktoru Əkbər Novruzov bildirib ki, ölkəmiz XXI əsrə bütün istiqamətlərdə sürətli inkişaf tempi ilə qədəm qoyub. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident cənab İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub. 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bütün sahələrin inkişafı ilə yanaşı, turizmin inkişafı da prioritet sahələrdən biri kimi qeyd olunub. Naxçıvan Muxtar Respublikasının duz yataqları, mineral suları, tarixi və dini abidələrindən, ekoturizm üçün təbii əlverişli şəraitindən yararlanmaqla, regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi məqsədilə bu sahənin inkişafına yönəlmiş tədbirlərin görülməsi nəzərdə tutulur. 
    Sonra çıxış edən Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Saleh Quluyev bildirib ki, 20 il əvvəl cənab İlham Əliyevin prezidentlik fəaliyyətinə başlaması xalqımızın Heydər Əliyev ideyalarına verdiyi dəyərin, bu siyasətə dəstəyinin aydın ifadəsi idi. 
    Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyət illərini əks etdirən videoçarx nümayiş etdirilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 18.10.2023 20:00