AZ EN RU

Qalib əsgərə salam olsun!

    Ruhuma və ağlıma hakim kəsilən bu fikirlə üzü dağlara sarı yol alıram və hərdən öz-özümə deyirəm: “Qalib ordunun əsgəri olmaq...” İlahi, necə də qürurlu, əzəmətli səslənir bu söz birləşməsi. Məğlub orduda ən yüksək rütbəni – general adını daşımaqdandırsa, Zəfər qazanmış orduda sıravi əsgər kimi xidmət etmək daha şərəflidir. Bəli, biz bunu bacardıq. Tarixən ulu əcdadlarımızdan bizə miras qalan döyüşkənlik, mübarizlik ruhumuzu cəng meydanında sərgilədik. Vətən müharibəsində yağının dərsini verərək doğma Qarabağımıza həmişəlik qayıtdıq və dünya bizi Qalib xalq, Liderimizi Müzəffər Ali Baş Komandan, ordumuzun sıralarındakı oğulları isə Zəfər qazanmış əsgər kimi tanıdı.

    Hər zaman romantika mövsümü, sevgi fəsli adlandırdığımız, şairlərin, publisistlərin bədii yaradıcılığının əsas qayəsini təşkil edən, ana təbiəti qızılı çalarları ilə bəzəyən, insanları soyuq qışa qarşı hazırlıqlı olmağa, tədarük görməyə “çağıran” payız yenə də bu ellərin qonağıdır. Fəsillərin sarı donlusu bizim üçün həm də şanlı Qələbənin müjdəçisi, Vətən torpağı uğrunda canından keçənlərin müqəddəs şəhid rayihəsidir. Payız həsrətin vüsala qovuşduğu, hicranın bitdiyi mövsümdür, haqqın nahaqqa qalib gəldiyi, zalımın məhv edildiyi tarixi Zəfərin təntənəsidir, “Qarabağ Azərbaycandır!” həqiqətinin dünyanın qulağına var gücümüzlə hayqırdığımız o möhtəşəm, parlaq günlərin sədasıdır.     
    Bu qürurlu günləri doya-doya bizə yaşadan Azərbaycan əsgərinin görüşünə tələsməyin özü də bir xoşbəxtlikdir. Ta uzaqdan seçilən, qar üstünü basan dağların qoynunda dayanıb dağ vüqarlı oğullar. Ucalıq, əzəmət rəmzidir, yenilməzlik simvoludur Azərbaycan əsgəri! Dilimizin ən müqəddəs kəlmələrindən, mənəvi duyğumuzun ən həssas yeridir əsgərimiz! Qalib ordunun Zəfər qazanmış əsgər və zabiti bizim üçün qürur mənbəyidir. Bu günümüzü, sabahımızı, övladımızın xoşbəxt gələcəyini, kəndimizin, şəhərimizin inkişafını, sabitliyini etibar etmişik bu oğullara...     
    Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş çəkdiyi Havuş və Buzqov döyüş bölgələrindəki xidməti postlardan birində olarkən bir daha şahidlik etdik ki, əsgər təkcə xalq üçün yox, dövlətimiz üçün də çox qiymətlidir. Çünki dövlətin müstəqilliyinin və suverenliyinin keşiyini çəkir mətin əsgər. Buna görə də dövlət əsgərinin sosial məişət və xidmət şəraitini daim diqqətdə saxlayır. 
    Qarşıdan şaxtalı qış günləri gəlir və Azərbaycan əsgəri mövsümə tam hazırdır. Təminat yolları abadlaşdırılıb, yanacaq, su və ərzaq ehtiyatı, əsgəri-məişət komplekslərində ən mükəmməl şərait yaradılıb. Bu gün şəhər mühitində hər cür şərait yaratdığımız isti mənzillərimizdən heç də geri qalmır bu binalar. Xidməti binalardakı istilik isə əsgərlərin nümunəvi xidmət etməsində öz əksini tapır. Əlahiddə Ümumqoşun Ordunun bu istiqamətdə yerləşən döyüş postlarında da qalib əsgərin bir şüarı var: Hamı bir nəfər üçün, bir nəfər hamı üçün!. 
    Bir süfrə başında əyləşmək imkanından yararlanıb deyirəm: “Sizə salam gətirmişəm, qalib əsgər! Tanıyanlardan və tanımayanlardan, dostlardan, qohumlardan, sizin adınızı müqəddəs bilən hər kəsdən. Zəfər hissini bizə yaşadanlara eşq olsun! Necə hissdir Qalib ordunun əsgəri, zabiti adını daşımaq, bu şanlı formanın altında xidmət etmək?”
    “Bilirsiniz, döyüşkənlik, mübarizlik, yağıya, namərdə baş əyməmək xarakter işidir. Bu, hər xalqa, topluma nəsib olmur. Azərbaycan xalqı üçün cəng meydanında öz sözünü demək bizə ulularımızdan, qəhrəman babalarımızdan miras qalıb. Zəngin keçmişimizə, tariximizə, ədəbiyyatımıza nəzər salın, görün Vətən yolunda elə Vətən qeyrətli oğullar hansı dastanları yazıblar. Biz 44 günlük müharibədə əcdadlarımızın irsini yaşatdıq. Şükür olsun, döyüş əməliyyatlarında mən də iştirak etdim, yağı düşmənə layiq olduğu dərsi verdik”, – deyir leytenant Ramin Mustafayev. Siyəzən rayonundan olan gənc komandir Zəngilanın və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Bu gün qədim Naxçıvan torpağının strateji yüksəkliklərinin birində şanlı Zəfərdə imzası olan zabit kimi qürurludur. O, evin böyüyü valideyn, əsgərləri isə övlad təsiri bağışlayır. Bax budur, həm də Azərbaycan əsgərini yenilməz, qüdrətli edən, budur sarsılmazlıq...
    Şərur rayonunun Çomaxtur kəndindən olan, Vətən müharibəsində Şuşa şəhərinədək şərəfli döyüş yolu keçən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Roman Əhmədov: “Gənc yaşda Şuşa döyüşlərinin iştirakçısı kimi tanınmaq böyük qürur və fəxrdir. Mənim kimi döyüş yoldaşlarım da ömürboyu bu uca adla yaşayacağıq, amma qarşımızdakı rəzil düşmən  biabırçı məğlubiyyəti ilə anılacaq. Bax budur, şərəfli qalib əsgər adını daşımağın ucalığı. Mənə görə, Azərbaycan əsgərinə, zabitinə vətənpərvərlik hissi ana südü vasitəsilə keçir və bir ömürboyu onun qəlbinə, ruhuna hakim kəsilir. Dövlətimiz də Zəfər qazanmış ordusunun daim yanındadır. Qarşıdan gələn şaxtalı qış günləri üçün bütün hazırlıqlar görülüb. Evdən uzaqda olsaq da, özümüzü elə evimizdəki kimi hiss edirik. Əsgərlərin isti geyim təminatı, ərzaq payı, bir sözlə, nümunəvi xidmət üçün ehtiyac olan nə varsa, bölmədə mövcuddur”. 
    “Əsgər və səngər” anlayışı bizim üçün ən uğurlu tandemdir. Səngər əsgərin döyüşçüyə çevrilməz nöqtəsi, səngər düşmən üçün qazılan əbədi məzardır. Biz bunu sözdə yox, 44 günlük savaşda əməlimizlə sübuta yetirdik”, – deyir  əsgər Sənan Əmoyev: Vətənin nə demək olduğunu səhərin sübh çağında torpağın necə oyandığına şahidlik edəndə sanki dil açıb danışan bu əzəmətli dağların, çayların, dərələrin, düzlərin timsalında öyrəndik. Torpaq, dağ, hava, su o zaman Vətən olur ki, onlar qorunur, hər qarışı uğrunda candan keçilir, qan tökülür. Mən – Azərbaycan əsgəri, and içmişəm. Vətəni, dövləti, milləti qoruyacağıma and içmişəm. Andımız müqəddəsdir!
    Möhtəşəm təbiət abidələrini – dağları özünə isti ana qucağı, müqəddəs Vətən torpağı bilən Azərbaycan əsgəri ulu yurdun havasını sevir ki, udmağa nəfəsi olsun, torpağını sevir ki, üzərində gəzməyə mənəvi haqqı olsun. Dağlar təkcə dövlət sərhədini yox, həm də inkişafla hərtərəfli böhranı, Zəfərlə biabırçı məğlubiyyəti, işğalçı ilə haqlı Qələbə qazanmış dövləti bir-birindən ayırır. Siz dağlara, dağlar da sizə əmanət, qalib əsgər!

Muxtar RZAZADƏ

Nəşr edilib : 28.11.2022 20:56