AZ EN RU

Qalib dövlətin gəncləri kimi seçkilərdə iştirak etməyimiz bir xoşbəxtlikdir

    Növbədənkənar prezident seçkiləri ölkəmizin qeyrət qalası sayılan Sədərək rayonunun Sədərək kəndindəki 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin 37 saylı seçki məntəqəsində də çox mütəşəkkil və şəffaf keçirildi. 
    Hələ seçkiyə başlamazdan əvvəl məntəqə yerləşən ərazidə çoxlu sayda seçici yığışmışdı. Saatlar 800-ı göstərdikdə məntəqədə seçkiyə start verildi. Hər bir seçici yüksək əhvali-ruhiyyə ilə seçki məntəqəsinə daxil olur, şəxsiyyət vəsiqəsini göstərir, seçki bülleteni alıb səsvermə kabinəsinə keçir, nəzərdə tutduğu namizədə səs verirdi. Məntəqə seçki komissiyasının üzvləri təmkinlə, xoş rəftarla seçiciləri qarşılayır, onların rahat, sərbəst səs vermələrini təmin edirdilər. Qeyd edək ki, adıçəkilən dairə üzrə yaradılmış 49 seçki məntəqəsindən 12-si Sədərək rayonunda yerləşir. Rayon üzrə, ümumilikdə, 12980 seçici qeydə alınmışdı. Bu bölgə üzrə 820 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edirdi. Məntəqəyə elə ilk üz tutan da ilk dəfə səsvermə hüququndan istifadə edən gənclər oldu. Onlar seçki ilə bağlı öz fikirlərini “Şərq qapısı” qəzeti ilə bölüşdülər. 1-37 saylı seçki məntəqəsində səs verən Zümrüd Rzazadə ilk dəfə prezident seçkilərində səsvermə hüququ qazandığı üçün qürur duyduğunu bildirdi: “İlk dəfə səs verəcəyim günü səbirsizliklə gözləyirdim. Düşünürəm ki, gənclərin bu proseslərdə fəal iştirak etməyinin Azərbaycan xalqının  gələcək taleyində həlledici rolu olacaq”.
    Növbəti üz tutduğumuz ünvan rayonun Heydərabad qəsəbə tam orta məktəbində yerləşən 1-36 saylı seçki məntəqəsi oldu. Orada ilk dəfə səs verənlər arasında Nuriyyə Cavadova ilə görüşdük. O bildirdi: “İlk dəfədir, səs verdiyim üçün həyəcanlıyam. Bizim gəncliyimiz çox xoşbəxtdir ki, ölkəmizdə son illər baş verən bütün  tarixi hadisələrin yaxından şahidi olur.  Bu növbədənkənar prezident seçkiləri də belə əlamətdar günlərdən  biridir.  Ərazi bütövlüyü  bərpa  olunmuş xalqın, qalib xalqın gəncləri olaraq bu seçkilərdə iştirak etməyimiz taleyimizə yazılmış bir xoşbəxtlikdir”. 
    Yeri gəlmişkən onu da bildirək ki, dairənin 36 saylı Heydərabad seçki məntəqəsində veb-kamera da quraşdırılmışdı. Məntəqədə seçicilərin səsvermədə mütəşəkkil iştirakının, müşahidəçilərə yaxşı şərait yaradıldığının şahidi olduq. 
    İlk dəfə səs verən gənclər sırasında Bakı şəhərindən gələnlər də var idi. 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin 42 saylı seçki məntəqəsində səs verən Selma Hüseynova  dedi ki, bu tarixi günü həmişə xatırlayacaq. Çünki həyatında əlamətdar gündür: “Belə bir gündə mən də Bakı şəhərindən gəlib öz layiqli namizədimə səs verdim. Cəmiyyətimiz inkişaf edir, dünyada baş verən hadisələri də yaxından izləyə bilirik, müqayisələr aparırıq. Bu inkişafı rayonumuzun timsalında da görmək olar. Belə ki, sərhəd bölgəsində yollar çəkilib, yaraşıqlı park və xiyabanlar salınıb, kənd mərkəzləri, səhiyyə, təhsil ocaqları inşa edilib, hamısı da müasir səviyyədə. Bütün bunların qarşılığında bizim də məsuliyyətimiz xeyli artır. Ölkənin demokratik və sürətli inkişafı üçün biz, ilk növbədə, hüquqlarımızdan düzgün istifadə etməliyik. Mən də belə etdim. Azərbaycanın bundan sonrakı inkişafı üçün böyük işlər görə biləcək namizədə səs verdim”.   
    Səsverməyə gələnlərin sayı anbaan artırdı. Onlar şəffaf bir şəraitdə öz siyasi iradələrini ifadə etməyə tələsirdilər. Səsverməni beynəlxalq və yerli müşahidəçilər də izləyirdilər. Məntəqələrdə kütləvi informasiya vasitələri nümayəndələrinə müfəssəl məlumat almaq imkanı yaradılmışdı.

Bülbül Quliyeva

Nəşr edilib : 07.02.2024 23:39