AZ EN RU

Qalib bəllidir: Azərbaycan xalqı!

    Ölkəmizin erməni faşizmi üzərində Böyük Qələbəsinin ardından Xankəndi stadionunda daha bir tarixi qələbə qazanıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin topa rəmzi toxunuşu ilə başlanılan “Qarabağ”-MOİK oyunu bütün dünyaya Böyük Zəfərimizi futbol dili ilə də elan etdi: top artıq Azərbaycanda, onun güclü rəhbərindədir! 

    Futbol 90 dəqiqədir və nəticəsi nə olursa-olsun, həmişə qazanan idman, fiziki sağlamlıq, sağlam düşüncə və insanlar arasında sülh və sevgi hissləridir. Odur ki, qalib dövlətimiz Qarabağı sonuncu separatist ünsürdən azad etdikdən sonra burada apardığı sürətli yenidənqurma işləri ilə paralel olaraq mühüm sosial-mədəni infrastruktur sahələrinin də yenilənməsinə ciddi fikir vermiş və çox qısa müddətdə, cəmi 3 aya Xankəndi stadionunu da böyük futbol oyunları üçün yararlı hala salmışdır. Həmin stadion ki hələ ötən əsrin ortalarında Azərbaycanın öz maliyyə vəsaitləri hesabına inşa edilmiş, burada gözəl, yaddaqalan oyunlar keçirilmiş, işğal dövründə isə separatist ünsürlərin bərbad top meydançasına, erməni baş nazirin isə səy-səy bəyanatlarına şahidlik etmişdi. Bu gün isə öz əsl sahiblərini mavi, qırmızı, yaşıl rəngləri ilə salamlayan Xankəndi stadionundakı oynanan futbol başlama vuruşundan final fitinə qədər bütün izləyicilərin yaddaşında xalqımızın böyük qələbəsinin simvolik bir rəmzi kimi qaldı. Beləcə, 30 il ərzində hər vasitə ilə “separatist oyunu” uzatmaq istəyən Ermənistan və onun Qarabağdakı tör-töküntüləri bu dəfə Xankəndi stadionunda böyük hesabla məğlubiyyətə uğradıldılar. 

    Azərbaycan futbolunun Avropada layiqli təmsilçisi “Qarabağ” futbol komandası öz doğma stadionuna qayıtmaqla dünya idman ictimaiyyətini də Qarabağa qaytarmağa nail oldu. Əsl futbol bayramı yaşanan Xankəndiyə toplaşan bütün insanlar, istər “Qarabağ”, istərsə də MOİK azarkeşləri, dəvət olunmuş veteran futbolçular, elə sahədəki futbolçular özləri də 30 ildən sonra bu torpaqlara qayıdan böyük sülhü, onun böyük memarı Prezident cənab İlham Əliyevi ayaq üstə alqışladılar. Dünya gördü ki, Azərbaycan xalqı öz torpaqlarına mədəniyyət, musiqi, turizm və idmanla qayıdır. Bunlar isə həmin sahələrdir ki, bütün dünyada, elə bu gün Azərbaycanın qələbəsini həzm edə bilməyən bəzi Avropa ölkələrində sosial­mədəni inkişafın əsas göstəriciləri hesab olunurlar. Onların əksinə olaraq Xankəndi stadionunda səslənən möhtəşəm Azərbaycan Himnini əli ürəyinin başında oxuyan minlərlə insan dünyaya xalqımızın sülh, əməkdaşlıq tərəfdarı olduğunu, bizim heç vaxt müharibə tərəfdarı olmadığımızı bir daha sübut edib, yeni bir tarixi dövrün də başlandığına şahidlik etdilər. 
    Xankəndidəki futbol oyununa qədər Azərbaycan erməni faşizminə, onu bəsləyən qüvvələrə sarsıdıcı zərbələr endirib. Xankəndi stadionunda meydana çıxan MOİK futbolçularına azarkeşlik edən əsgərlərimiz hələ üç il əvvəl düşmənə endirdiyi “dəmir yumruq” zərbəsi ilə bütün Cənubi Qafqazdakı reallıqları yenidən formalaşdırdılar. Dövlət başçımızın meydanın mərkəzindəki topa endirdiyi ilk zərbə isə siyasət oyunçularına da bir ustad dərsi olmaqla, yarışan bütün tərəflərə sağlam rəqabət aparmağı, çalışmaqla, dinc əməkdaşlıqla qalib gəlməyin yolunu göstərdi. Ölkə Prezidenti göstərdi ki, Azərbaycanın Xankəndidəki möhtəşəm Zəfər paradı hələ davam edir və bundan sonra işğal izlərinin aradan qaldırılacağı hər bir şəhərimizdə eyni təntənə davam edəcək. Şübhəsiz, regionda gedən bütün siyasi oyunları dərindən oxuya bilən dövlət başçımız istədiyi oyunçuya qırmızı, istədiyinə sarı vərəqə göstərməklə kimin Cənubi Qafqazda baş hakim olduğunu hər yerdə deyə biləcək gücdədir. Ona görə də Xankəndidəki bu tarixi oyun, ölkəmizdə Xalq-Ordu birliyinin təntənəsi kimi bütün dünya ölkələrinin siyasi liqaları arasında ən güclüsünün məhz Azərbaycanda olduğunun da bir nümayişi idi. Odur ki, bu oyundan sonra hər kəs – istər revanşistlər, istər küskünlər, istərsə də onları qızışdıran azarkeşlər papaqlarını qabaqlarına qoyub bir daha düşünməli, siyasətdəki “fair-play” qaydalarına ciddi əməl etməlidirlər. 
    Azərbaycanda da çox sevilən futbol milyonların oyunudur, dünyada azarkeş kütləsinə və iqtisadi dövriyyəsinə görə ön sırada olan bir idman növüdür. Futbol həvəskarlarının yaddaşında gözəlliyinə və tamaşaçı marağına görə yüzlərlə, bəlkə də, minlərlə oyun iz buraxmışdır. Ancaq tarixi-bəşəri dəyərinə görə indiyə qədər iki futbol oyunu hər zaman yaddaşlarda qalacaq. Birinci belə oyun 1914-cü ilin dekabrın 25-də Birinci Dünya müharibəsində düşmən tərəflər olmuş ingilis və alman əsgərlərinin yeni il ərəfəsində Belçikanın Varneton şəhəri ətrafındakı üzbəüz səngərlərdən çıxaraq yoldaşlıq oyunu keçirmələri olmuşdur. Avropa futbolunun baş idarəsi UEFA tərəfindən isə həmin futbol matçında iştirak etmiş əsgərlərin şərəfinə 100 il sonra abidə qoyulmuşdur. İkinci belə bir tarixi əhəmiyyətli oyunun 109 il sonra məhz eyni ayda Xankəndidə keçirilməsi isə regionda yeni müharibə ssenariləri cızanların bütün planlarını alt-üst etməklə yeni oyun qaydalarının da yazılmasında bir dövrün başlanğıcı oldu: ədalətli olan gec-tez qalib gələcək. 
    Əgər yeni oyun başlasa, bu dəfə “Qarabağ”-“Zəngəzur” arasında olacaq! 

Əli CABBAROV

Nəşr edilib : 22.12.2023 17:39