AZ EN RU

Qalib Azərbaycanın Zəfər seçkisi

7 fevralda dəmir siyasi iradə və xalqın birliyi öz sözünü deyəcək

    Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev bildirdi ki, “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl – 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi”.
    Qalib liderin səsləndirdiyi bu fikirlər bir daha təsdiqləyir ki, 20 il əvvəl xalqın böyük etimad göstərdiyi Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi yolu uğurla davam etdirərək xalqa verdiyi sözə tam əməl etdi. Beləliklə də Müzəffər Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edərək üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.

Ümummilli Lider Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözlərini xalqa verdiyi vədləri yerinə yetirməklə əməldə təsdiq edən Prezident cənab İlham Əliyev Azərbaycan xalqının böyük sevgisini qazanıb. Məhz Prezident cənab İlham Əliyevin “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi” sözləri Azərbaycan xalqının müdrik seçiminin məntiqi nəticəsidir.
    2024-cü ilin 7 fevral tarixində xalqımız yenidən öz siyasi iradəsini ortaya qoyacaq. Bu dəfə qalib xalq olaraq ölkəmizin hər bir bölgəsində seçkilərin şahidi olacağıq. Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilərin keçirilməsi də məhz ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bir sözlə, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri adlandırsaq daha düzgün olar.
   Dünyada yaşayan bütün azərbaycanlıların rəğbət bəslədiyi cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında növbədənkənar prezident seçkilərinə namizədliyi irəli sürülüb və bununla bağlı qərar yekdilliklə qəbul edilib. “Nəyi, necə, nə vaxt etmək lazımdır, biz bunu bilirik” fikrini əməli fəaliyyəti ilə təsdiq edən cənab İlham Əliyevin növbədənkənar seçkilərdə iştirakı hər bir Azərbaycan vətəndaşını sevindirir.
    Ölkə qanunvericiliyinə uyğun və dünyada qəbul olunmuş siyasi təcrübəyə əsaslanan növbədənkənar seçkilərdə Azərbaycan vətəndaşları siyasi iradələrini, sadəcə olaraq, vaxtından əvvəl ifadə edəcəklər. Çünki Azərbaycan Respublikasının Seçki Məcəlləsi növbəti prezident seçkilərinin keçirilməsi ilə növbədənkənar prezident seçkilərinin keçirilməsi arasında hər hansı prosedur, yaxud müddət fərqi müəyyən etmir.
    Azərbaycanın tarixi qələbəsini, Avropanın qibtə etdiyi liderin gördüyü işləri, Cənubi Qafqaz regionunda bərqərar olacaq sülhü həzm edə bilməyən qara qüvvələr yenə də öz “demokratik” təxribatlarından əl çəkmirlər. Belə ki, potensiallı siyasi qüvvələrin seçki marafonuna hazırlaşdığı bir vaxtda “tez-tez seçkilər keçirilsin” deyərək boğazını yırtan məhdud potensiallı qüvvələrin qərəzli mövqe nümayiş etdirməsi siyasi acizliyin və məğlubiyyətin etirafıdır.
    Reallıq ondan ibarətdir ki, qalib Azərbaycan kimi regionda tam müstəqil bir ölkənin mövcudluğunu həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyevin dediyi kimi “Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin. Halbuki belə cəhdlər tarixdə çox olmuşdur. Dövlətimizi, milli ləyaqətimizi, həyat tərzimizi, ənənələrimizi qorumuşuq ki, heç kim bizim işlərimizə burnunu soxmasın”.
    Göründüyü kimi, Azərbaycan xalqı dəmir siyasi iradəyə malik və verdiyi hər bir sözə əməl edən qalib liderin ətrafında sıx birləşərək ölkəmizin xoş gələcəyi üçün əzmkarlıq nümayiş etdirib. Gələn ilin 7 fevral tarixində də xalqımızın ədalətli seçimi ölkəmizin xoşbəxt gələcəyi və güclü, qüdrətli, qalib Azərbaycan naminə olacaq.

Nəriman Nəcəfov

Nəşr edilib : 27.12.2023 19:01