AZ EN RU

“Qala Sığorta” Naxçıvanda fəaliyyətə başlayıb

    Ümummilli Lider Heydər Əliyevin 100, “Qala Sığorta” Şirkətinin yaranmasının 25 illiyi münasibətilə şirkətin Naxçıvan nümayəndəliyinin açılışı olub.
    Tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
    Açılış tədbirində “Qala Sığorta” Şirkəti idarə heyətinin sədri Fuad Allahverdiyev sığorta bazarında geniş xidmət şəbəkəsinə malik olan şirkətin fəaliyyəti barədə məlumat verib. Bildirib ki,  “Qala Sığorta” Şirkəti Naxçıvanda 30-dan çox könüllü və 4 icbari sığorta növləri üzrə xidmətlərini təklif edir. Hazırda burada  10 əməkdaş çalışır.

    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, 11 vacib prioritet istiqamət üzrə müəyyənləşən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”da qeyd olunub ki, əhalinin və sahibkarların sığorta savadlılığının artırılması və sığorta xidmətlərinə əlçatanlığının inkişafı məqsədilə müvafiq tədbirlər görüləcək, sahibkarlığın inkişafı, innovativ texnologiyaların tətbiqinin stimullaşdırılması üçün güzəştli kreditlərin verilməsi, təşviqat işlərinin aparılması və digər maliyyə dəstəyi tədbirləri həyata keçiriləcəkdir. Bütün bunlar əhalinin işlə təminatına, ciddi layihələrin reallaşmasına imkan verəcək, dövlət bu sahəyə daim dəstək göstərəcək.
    Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev və “Qala Sığorta” Şirkəti  idarə heyətinin sədr müavini Taleh Yunusarov həyat tərzinin yaxşılaşması və sahibkarlıq subyektlərinin inkişafında sığortanın əhəmiyyətinə toxunub, yeni nümayəndəliyin açılmasının sağlam rəqabətin formalaşmasına şərait yaradacağını bildiriblər.
    Sonra “Qala Sığorta” Şirkətinin Naxçıvan nümayəndəliyinin açılışı olub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 18.07.2023 21:28