AZ EN RU

“Qafqazın İsveçrəsinə səyahət - Naxçıvan” adlı kitabın təqdimat mərasimi keçirilmişdir

Yanvarın 29-da Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində “Qafqazın İsveçrəsinə səyahət — Naxçıvan” adlı kitabın təqdimat mərasimi olmuşdur. 


Kitabın müəllifi, “Naxçıvan Travel” şirkətinin direktoru Natiq Paşayev mərasimə toplaşanları salamlayaraq kitabın yazılmasında qarşıya qoyulmuş məqsəd və Naxçıvanın turizm potensialının təbliğində əhəmiyyətindən danışmışdır. Kitabda yer alan ön sözün müəlllifi, Naxçıvan Dövlət Universtietinin dosenti Əli Cabbarov bu dəyərli çap məhsulunun məziyyətlərindən bəhs edərək bildirmişdir ki, Naxçıvanın turizm ehtiyatlarının cazibədarlığı hazırda dünya turistlərinin diqqətindədir. Qeyd olunmuşdur ki, Natiq Paşayev 19 illik turizm fəaliyyəti dövründə təkcə ötən il 1200-dən çox olmaqla, ümumilikdə, dünyanın çox sayda ölkəsindən çox sayda əcnəbi turistin Naxçıvana səyahətini təşkil etmişdir. Bu mənada, yüz səhifəlik, maraqlı fotoillüstrasiyalı bu kitab bütün bu səyahətlərin təəssüratları əsasında qələmə alınaraq Naxçıvana səyahət etmək istəyən turistlərin və turizm araşdırmaçılarının hərtərəfli bələdçisi də ola bilər. Bu mənada, kitab müasir Naxçıvan turizminin təbliği baxımından ilk belə mənbədir. 
Təqdimat mərasimində çıxış edən qonaqlar kitabın faydalarından bəhs edərək, qarşıdakı dövrdə Naxçıvanda turizmin daha da inkişaf etdirilməsi baxımından belə nəşrlərin əhəmiyyətini vurğulamış, müəllifə işlərində yeni uğurlar arzulamışlar. 
Sonda kitabın müəllifi təqlimat mərasimində iştirak edənlərə minnətdarlıq edərək qarşıdakı yeni turizm mövsümündə “Hello Nakhchivan” adlı ingiliscə kitabının da işıq üzü görməsi üçün çalışdığını bildirmiş, kitabları imzalamışdır.

Nəşr edilib : 29.01.2023 19:38