AZ EN RU

Qafqazda sülhə nail olaraq Qərbi Azərbaycana qayıdacağıq

Prezident İlham Əliyev: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Hərdən düşünürəm, milli faciələrimizin səbəbini, başlandığı zamanı dəqiqləşdirməyə çalışıram. Yorğun düşüncələrimdən bir haray qopur: Gülüstan, Türkmənçay müqavilələri ilə yarımcan edilən Azərbaycan! Qulaqlarıma Kərkidən Göyçəyə, Ərzurumdan Dərbəndə ulularımızın səsi gəlir. Vaxtilə ermənilərə pay verilən torpaqlarımızın naləsi eşidilir. Bir zamanlar yurdsuz-yuvasız, dünyanı sərgərdan dolaşan ermənilərə sığınacaq verməyimizdən və onların nankorluğundan qeyzə gəlirəm. Xalqımızı doğma yurd-yuvasından qovan və dünyaya özlərini “zavallı”, “günahsız” millət kimi göstərməyə çalışan, iblis simalı ermənilərin bəşəriyyəti aldadan “genosid” harayından damarımda qanım donur. Elə həmin vaxtlarda millətimizin məsləhətçisi “Troyka”, müəllifi Mikoyan, Sumbatov, Qriqoryan, Markaryan və başqaları ucbatından yeni faciələrlə üzləşməsinə mənəvi dəyərlərin məhv olunması da əlavə edildi. Xalqın görən gözü, düşünən beyni qətl olundu. Mentalitet, din, yaddaş soyqırımına məruz qaldı. Soydaşlarımız kütləvi deportasiya burulğanına düşdü. Qərbi Azərbaycanda – qədim Oğuz yurdunda coğrafi toponimlərin erməniləşməsi heç bir maneə olmadan aparıldı. Milli yaddaşın məhvi sürətləndi. Beləcə, zaman-zaman odlara düşdük. 
Səbəbini aramadan, axtarmadan namərd qonşularımızın “ərkö­yünlüyünü” ən qanlı faciə ilə bitmiş sandıq, ağıllandıqlarını zənn etdik. Daha da şirnikləndiklərini, quduzlaşdıqlarını gördük. Yanıldığımızı tarix yenidən təkrar olunanda başa düşdük. 1988-93-cü illərin müdhiş günləri isə qabaqda idi. 1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, Vedidə – indi Ermənistan adlanan əzəli Azərbaycan torpaqlarında yaşayan həmvətənlərimiz dədə-baba yurdlarından qovuldular. Tarixi keçmişimizi yaşamağa yenidən məhkum olduq. Qərbi Azərbaycan torpağını bütövlükdə itirdik. Sovet hakimiyyəti dövründə, təxminən, 70 il xalqın qan yaddaşından silməyə aramsız cəhdlər göstərilsə də, bu mümkün olmadı və nəhayət, o an yetişdi. Azərbaycan xalqı öz müstəqilliyini qazanıb Ulu Öndərini hakimiyyətə gətirdi və bu gəliş xalqımızın qurtuluşu ilə bərabər qayıdışı da oldu. 
Bəli, qayıdışımız mənəvi kimliyimizə dönüşümüzün başlanğıcı oldu dahi rəhbərin hakimiyyətə gəlişi ilə. İllər sonra ədaləti bərpa edən Azərbaycan Ordusu 44 gündə zəfər çalıb 30 ildir, yurd-yuvasından didərgin düşən insanları doğma evinə qaytardı. Şuşada, Laçında dalğalanan ay-ulduzlu bayrağı görəndə Ulu Öndərin “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir” kəlamı yada düşdü. Dahi rəhbərin arzularını, Azərbaycan üçün düşündüklərini bir-bir yada saldıq və əmin olduq ki, zorla öz yurdlarından köçürüləndən sonra Azərbaycanın müxtəlif rayonlarında yerləşdirilən qərbi azərbaycanlılar da öz doğma torpaqlarını görəcəklər. Çünki Göyçədən, Dərələyəzdən, Vedidən və digər əzəli dədə-baba yurdlarımızdan məcburi şəkildə çıxarılan insanlar öz doğma vətənləri Azərbaycanda yurd-yuva salsalar da, ürəkləri hələ də dünyaya göz açdıqları yurdlarda döyünür. Onlar Göyçənin, Dərələyəzin ətirli havası, bərəkətli torpağının həsrətini çəkirlər. Onlar ömürlərinin son baharında öz doğma ocaqlarının qapısını açmaq istəyirlər, o yerlərin ətirli havasını ciyərlərinə çəkməyi arzu edirlər. Və inanırlar ki, bunlar olacaq. Onların inamı sonsuzdur və bu inam əbəs yerə deyil. Vətən savaşında qazandığımız zəfər insanların qəlbində bu inam işığını yandırıb. Müzəffər Ali Baş Komandanın “Biz də, qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq” sözləri insanları gələcəyə ümidləndirir. Onlar əmindir ki, Şuşada, Laçında, Kəlbəcərdə yanan çıraqlar kimi Zəngəzurda, Göyçədə, Mehridə də odumuz-ocağımız alovlanacaq. Ağalıya, Şuşaya, Laçına sevinə-sevinə qayıdan sakinlər kimi onlar da öz ata yurdlarına dönəcəklər. Axarlı-baxarlı Göyçə gölünü, gözəl meşəli, gur çaylı Dərələyəzi, Naxçıvanı anası Azərbaycana birləşdirən Mehri dağlarını görəcəklər. Bütün qərbi azərbaycanlılar buna əmindir, çünki Azərbaycanın dünyaya meydan oxuyan Müzəffər Ali Baş Komandanı və bir qarış torpağı öz canından əziz bilən nər oğulları var. 
Dünyaya hərb meydanında meydan oxuyan, siyasət masasında sözünü deməyi bacaran sülhsevər Ali Baş Komandanın sayəsində “Hər şey ədalət naminə dəyişəcək bizim bölgədə. Siz gələcəkdə hələ gedib öz Göyçə torpağınızı da görəcəksiniz. Öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm”, – deyən Ümummilli Lider Heydər Əliyevin bu arzusu da çin olacaq. Çünki artıq dünya bilir və anlayır ki, regionda Azərbaycanın diktəsi keçərlidir və onun tələbləri yerinə yetirilir. Bütün dünya bilir ki, ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti olan ərazi bizim tarixi torpaqlarımızdır. Ancaq biz o torpaqlara Müzəffər Ali Baş Komandanın dediyi kimi, tank üstündə, hərbi yolla deyil, sivil qaydada, mülki nəqliyyat vasitələri ilə, sülh şəraitində qayıdacağıq. Əminik ki, nəyi nə zaman, necə etməyi hamıdan yaxşı bilən Azərbaycan Prezidentinin həmin proqnozunun da reallaşdırılmasının şahidi olacaq Qafqazda sülhə nail olaraq Qərbi Azərbaycana qayıdacağıq. 

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 22.06.2024 12:15