AZ EN RU

Qadınların üstünlük verdiyi təbii daşlara olan inanc nəyə əsaslanır?

Son zamanlar xanımlar arasında yüksək təsirli enerjiyə və faydalı xüsusiyyətləri olduğuna inanılan təbii daşlara maraq artmaqdadır. Keçmişdən bu günə enerjiləri ilə insan sağlamlığına müsbət faydalarının olduğu söylənilən bu daşlar daha çox bəzək əşyası kimi istifadə edilir. Hər daşın insan orqanizminə uyğun müalicəvi təsirləri və özünəməxsus mənaları onları digər zinət əşyalarından fərqləndirir. Meditasiya zamanı enerjisindən faydalanmaq üçün təbii daşların taxılmasına daha çox üstünlük verilir. Bəs bu inanc nəyə əsaslanır? Xanımlarımız bu daşların xüsusiyyətlərindən necə faydalanıb düzgün istifadə edə bilərlər? Mövzu ilə bağlı daha ətraflı məlumatı, illərdir təbii daşlardan bəzək əşyaları və müxtəlif aksesuarlar hazırlayan Xuraman Seyidovadan öyrəndik. O bildirdi ki, təbii daşlar özlüyündə bir çox maraqlı faktlar daşımaqdadır. Bu daşların enerjisinin təsirlərinin elmi dəqiqliyi olmasa da, istifadə edənlər arasında insan həyatı və psixologiyasına təsir göstərdiyi deyilir. Xuraman xanımın sözlərinə görə son vaxtlar xanımlarla yanaşı, bəylər də təbii daşlarla hazırlanmış aksesuarlara üstünlük verirlər. Bu daşlardan istifadə edərkən ən çox diqqət edilməli məqamlardan biri də daşın xüsusiyyəti və təsirinin nədən ibarət olduğunu bilməkdir. Beləliklə, onların faydalarından maksimum dərəcədə yararlanmaq mümkündür. Müsahibimiz sözü gedən daşların təsirlərindən və xüsusiyyətlərindən  danışaraq deyir ki, daşlar arasında ən geniş yayılmışı “çəhrayı kvars” daşıdır. Bu daşın sevgi, məhəbbət və şəfqətlə əlaqəli olduğu söylənilir. Qeyri-şərtsiz sevgini, şəfqəti cəlb etmək və münasibətləri dərinləşdirmək təsiri ilə tanınır. Belə daşlardan digəri isə “qara əqiq”dir.  Bu daş mənfi enerjini aradan qaldıran, zehni və mənəvi problemləri sağaldan xüsusiyyətlərə malikdir və fərqli rənglərdə olur. Depressiya və stress üçün təsirli olduğu müəyyən edilib. Eyni zamanda “sitrin” daşı da var ki, insanlar arasında pul daşı kimi tanınır. Belə ki, bərəkət və bolluq cəlb edən daş olduğuna inanılır, özünə inamı artırır. Müsahibimiz deyir ki, hər bürcün öz enerjisinin tamamlandığı daşlar da var. Məsələn, qoç bürcünün enerjisinə əqiq, kvars, yaqut, kristal kimi daşlar müsbət təsir göstərir.

Təbii daşlar sıxlığı, rəngi, şəffaflığı ilə bir-birlərindən fərqlənirlər. Belə daşlardan ibarət ziynət əşyalarını üzərimizdə daşıdığımız zaman müddətində təsiri itmir. Xanımlar isə daha çox bürclərə uyğun olaraq hansı daşın təsirli olduğuna önəm verirlər. Hər bir daşın öz enerjisi var və insan ruhu da bu enerjini qəbul edərək müsbət istiqamətdə reaksiya verir. Xuraman xanımın sözlərinə görə, mütləq şəkildə təbii daşları əldə etmək istəyən şəxslər onlar haqqında ətraflı məlumat əldə etdikdən sonra həmin daşlardan faydalana bilərlər. Çünki, hər bir təbii daş kimyəvi tərkibi ilə əlaqədar olaraq insan orqanizmində fərqli təsir də yarada bilər. Həmçinin insanlar özünə uyğun təbii daşı üzərində daşıdıqda ya rəngi dəyişir, ya da daş isinir, – deyə müsahibimiz qeyd etdi.

Mövzu ilə bağlı qadınlar arasında sorğu apardıq. Məlum oldu ki, qadınlarımız daha çox nəzərdən qorunduğuna inandıqları göz muncuğu, sevgi daşı olduğuna inanılan çəhrayı kvarsdan istifadə edir. Bununla yanaşı, görkəmi ilə gözoxşayan, ürək döyüntülərini sakitləşdirən, görmə itiliyini artıran və insanı cavan saxlayan mirvarinin ən çox istifadə edilən daşlar sırasında yer aldığını öyrəndik.

Fikrimizcə həyatımızda müəyyən gücə malik olduğunu düşündüyümüz daşlar əslində bizim inancımızla əlaqədardır. Həmin daşların həyatımıza təsiri inandığımız qədərdir.

Bülbül QULİYEVA

Nəşr edilib : 16.05.2024 14:37